“Ola bilər ki, ikinci dərəcəli layihələr dayandırılsın” İqtisadiyyat

“Ola bilər ki, ikinci dərəcəli layihələr dayandırılsın”

Xoşbəxt Yusifzadə: "Neftin ucuzlaşması SOCAR-ın həyata keçirdiyi beynəlxalq layihələrə mənfi təsir etməyəcək"

Dünya bazarlarında neftin qiymətinin azalmasının Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) böyük bir təsiri yoxdur.
"APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
Vitse-prezidentin sözlərinə görə, neftin ucuzlaşması hasilata, qazmaya və kəşfiyyata təsir göstərməyəcək: "Dünya bazarında neftin qiymətinin aşağı düşməsi nəticəsində SOCAR hasilata, qazmaya və kəşfiyyata çəkiləcək xərclərini bir qəpik də olsun azaltmayacaq. SOCAR-ın həyata keçirdiyi bütün layihələr vaxtında yerinə yetiriləcək. Ola bilər ki, bəzi izafi xərclər azaldılacaq. SOCAR-ın həyata keçirdiyi beynəlxalq layihələrə də bunun heç bir ziyanı və zərəri olmayacaq. Ola bilər ki, ikinci dərəcəli layihələr dayandırılsın".
X. Yusifzadə bildirib ki, bu il də hasilatın ümumi həcmi 8,3 mln. barel səviyyəsində planlaşdırılır: "Bu rəqəmi biz 3 ildir stabil saxlayırıq. Bu il də bu proqnozu yerinə yetirəcəyik".