““Nabucco” layihəsi reallaşacaq” İqtisadiyyat

““Nabucco” layihəsi reallaşacaq”

Qabil Hüseynli:" Transxəzər qaz kəməri layihəsinin reallaşdırılmasına Rusiya əngəl ola bilməyəcək"

Prezident İlham Əliyevin mart ayının 4-də Sofiyaya baş tutan rəsmi səfəri "Nabucco West" layihəsinin reallaşması məsələsini yenidən gündəmə gətirdi. Bolqarıstanın baş naziri Boyko Borisov İlham Əliyevin Sofiyaya səfəri çərçivəsində aparılan danışıqların yekununa həsr olunan mətbuat konfransında bəyan edib ki, Brüssel qarşısında "Nabucco West layihəsinin bərpası məsələsini qaldıracaq. Maraqlıdır, bir müddət əvvəl Azərbaycan tərəfinin imtina etdiyi bu layihə həqiqətən də reallaşa bilərmi?
Politoloq Qabil Hüseynli layihənin reallaşacağna inandığını bildirib: "Hesab edirəm ki, bu dəfə "Nabucco" layihəsinin reallaşması baş tutacaq".
Ekspert layihənin bundan əvvəl baş tutmama səbəblərinə aydınlıq gətirib: "Əvvəlcə bu layihə alıcı, yaxud layihənin reallaşdırılması üçün maliyyə vəsaitlərinin tapılmaması üzündən, eyni zamanda Rusiyanın bu məsələdə təxribatçı fəaliyyət göstərməsi səbəbindən baş tutmamışdı. Nəticə etibarı ilə alıcı dövlətlərin sayı azaldı. Qərbin bir sıra iri bankları da layihəni maliyyələşdirməkdən imtina etdi. Səbəb olaraq bunu göstərdilər ki, Azərbaycan qazı o kəməri doldura biləcək həcmdə deyil".
O qeyd edib ki, hazırda "Nabucco" layihəsinin reallaşdırılması üçün Azərbaycanın həm "Şahdəniz", həm də "Şahdəniz-2" qaz yataqlarının işlənməsi prosesi gedir: "Geoloji kəşfiyyat işləri artıq yekunlaşıb və orada çox böyük qaz ehtiyatları aşkara çıxarılıb. Düzdür, onun işlənmə müddəti 2020-2021-ci ilə çəkəcək. Amma hər halda, bu Azərbaycanın iki yatağının birləşməsi nəticəsində "Nabucco" layihəsini təmin edə bilər".
Politoloqun fikrincə, bu gün gündəlikdə çox fəal surətdə Türkmənistan qazının Azərbaycan qazına qoşulması məsələsi dayanır: "Bu günlərdə Türkmənistan prezidenti Qurbanqulu Berdımuhemmedov Ankarada siyasi rəhbərliklə danışıqlar apardı. Faktiki olaraq Türkmənistan öz qazının Avropa bazarlarına çıxarılmasında maraqlı oldğunu nümayiş etdirdi. Amma bildiyiniz kimi, prezidentin anası xəstələndiyindən görüşü yarımçıq qoyub ölkəsinə qayıtdı. Yaxın günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev Aşqabada yola düşəcək. Orada 3 dövlət başçısının zirvə toplantısı keçiriləcək.
Türkmənistan buna "Nabucco" layihəsinin toplantısı adını verməsə də, bunu öz ölkəsinin qazını Avropa bazarına çıxarılması kimi izah edir. Ortada bir həqiqət var ki, "Nabucco" ideyasını qərb irəli sürüb və bu məsələnin reallaşdırılması üçün ABŞ başda olmaqla bütün qərb dövlətləri ciddi çalışır. Türkmənistana Rusiyanın təzyiqlərini dəf etmək üçün bütün köməklikləri göstərəcəklərini vəd edirlər.
Beləliklə, güman edirəm ki, yaxın günlərdə Aşqabadda keçiriləcək Türkiyə, Azərbaycan və Türkmənistan dövlət başçılarının zirvə toplantısında türkmən qazının Xəzərin dibindən Azərbaycan ərazisinə çıxarılması və bu ərazidə Azərbaycan qazına qoşulmaqla "TANAP" layihəsinə birləşdirilməsi və "TANAP" vasitəsilə əvvəlki "Nabucco" layihəsinin gerçəkləşdirilməsi məsələsi nəzərdə tutulub".
Qabil Hüseynlinin fikrincə, indiki halda layihə əvvəlkinə nisbətən daha ucuz başa gələcək: "Çünki Türkiyə ərazisindən keçən "TANAP" layihəsini Türkiyə özü, Azərbaycan öz ərazisindən keçən hissəni biz maliyyələşdirəcəyik. Mübahisəli olan yalnız Xəzərin dibindən keçəcək qaz kəməridir. Çünki Rusiya bunu qəbul etmir. Rusiyanın müqavimətini qırmaq, həm də dənizin dibindən çəkiləcək qaz kəməri xəttini layihələndirmək lazım gələcək. Türkmənistan bu məsələyə pul ayırmaq istəmir. Layihənin reallaşdırılması üçün əsas məsələ Rusiyanın müqavimətini qırmaq və Transxəzər qaz kəməri layihəsinin çəkilməsinə, onun və İranın əngəllər yartmasının qarşısını almaqdır.
Onlar əsassız olaraq Xəzərin statusunun müəyyən olunmamasını bəhanə gətirirlər. Məgər Qara dənizin statusu müəyyən edilibmi ki, Rusiya onun dibindən iki qaz kəməri keçirir, yaxud Baltik dənizinin statusu müəyyən edilibmi ki, Türkiyə onun dibindən qaz kəməri keçirir. Ona görə də Transxəzər qaz kəməri
layihəsinin reallaşdırılmasına Rusiya əngəl ola bilməyəcək və "Nabucco" layihəsi reallaşacaq".