SOCAR Gürcüstanda təbii fəlakətdən zərər çəkənlərə vəsait ayırıb İqtisadiyyat

SOCAR Gürcüstanda təbii fəlakətdən zərər çəkənlərə vəsait ayırıb

İyunun 13-14-də Tbilisidə baş vermiş daşqının nəticələrinin aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə şirkəti "SOCAR Energy Georgia" fəal iştirak edir. SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, təbii fəlakət zamanı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı diləklərini birincilər sırasında bildirən "SOCAR Energy Georgia" zərər çəkmiş paytaxt sakinlərinə yardım üçün ilkin mərhələdə 50 min lari (təxminən 24 000 manat) vəsait ayırıb. Bundan əlavə, Tbilisi meriyasının əhalinin sosial problemlərinin həlli ilə məşğul olan xidməti 10 000 litr yanacaqla təmin olunub. Şirkətin rəhbərliyi yardım tədbirlərinin digər variantlarını da nəzərdən keçirir.
Qeyd edək ki, SOCAR beynəlxalq aləmdə qəbul olunmuş ümumi qaydalara uyğun olaraq, biznes fəaliyyəti ilə məşğul olduğu ölkələrin ictimai həyatında daim yaxından iştirak edir, yerli əhalinin sosial problemlərinin həll olunmasında, maddi rifah halının yüksəldilməsində əlindən gələni əsirgəmir.