ARDNŞ Türkiyənin “Dənizbank”ından kredit alır İqtisadiyyat

ARDNŞ Türkiyənin “Dənizbank”ından kredit alır

AYİB "Star" neft emalı zavodunun tikintisinə pul ayırmayıb

Tərlan

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin İzmir şəhərinin Əliağa qəsəbəsində "Star" neft emalı zavodunun inşasına yeni mənbədən maliyyə vəsaiti cəlb edib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, nəhəng layihənin tikintisində iştirak edəcəyini və maliyyə ayıracağını deyən Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) layihədə iştirakdan gözlənilmədən imtina ediblər. Buna baxmayaraq, layihənin tikintisinin 65%-ni banklardan təmin etməyi planlaşdıran ARDNŞ Türkiyənin "Dənizbank"ı ilə razılaşma əldə edib. Belə ki, Azərbaycan şirkəti "Dənizbank"dan layihə üçün 500 mln. ABŞ dolları məbləğində kredit almağı planlaşdırır. Türkiyənin "Dənizbank"ı Rusiyanın "Sberbank" qrupuna aiddir.
ARDNŞ-in Türkiyədəki törəmə şirkəti olan "SOCAR-Türkiyə"nin rəhbəri Kənan Yavuz deyib ki, EBRD-nin və IFC-nin layihədən qəflətən çıxması ilə əlaqədar, şirkət yeni mənbələrdən kredit cəlb etməli olub: "Bu iki maliyyə qurumu kredit paketinə 500 mln. dollar əlavə etməli idilər. Ancaq onların yerini başqa bir maliyyə qurumuna verməli olduq. Hədəfimiz martın 31-dək bu anlaşmanı tamamlamaqdır. Müqavilənin imzalanması aprel ayına qədər uzana bilər".
K.Yavuz deyib ki, zavodun tikintisində maliyyə cəlb edilməsi baxımından heç bir sıxıntı olmayacaq: "Çünki yatırımların çox önəmli bir hissəsini öz vəsaitimiz hesabına aparırıq".
Xatırladaq ki, "Star" neft emalı zavodunun tikintisinə tələb olunan 5,5 mlrd. dolların 2 mlrd. dolları daxili imkanlar, 3,5 mlrd. dolları ixrac bankları, beynəlxalq və yerli banklar hesabına cəlb olunacaq.
Bunlarla yanaşı, bzəi xəbərlərə görə, ARDNŞ-in törəmə qurumu olan "SOCAR Turkey"in sahibi olduğu "Petkim Holding"in "Petlim Limançılıq" ("Petlim") şirkətindəki iştirak payını satır. Əldə ediləcək gəliri ARDNŞ "Star" neft emalı zavodunda səhm payını artırmaq üçün istifadə etməyi planlaşdırır.
ARDNŞ Türkiyənin İzmir şəhərindəki Petkim yarımadasında inşa etdiyi "STAR Rafineri A.Ş." neft emalı zavodunun layihə idarəetmə məsləhətçiliyini isə İsveçrənin "Foster Wheller" şirkəti həyata keçirəcək. "STAR" zavodu "Foster Wheller"in törəmə qurumu olan "Global Engineering and Construction Group" şirkəti ilə müqavilə bağlayıb. "Foster Wheeler" ilə bağlanmış müqavilənin dəyəri barədə məlumat açıqlanmır. Heftayırma zavodunun ilkin mühəndislik işlərini də "Foster Wheeler" şirkəti reallaşdırıb. Qlobal mühəndislik və inşaat şirkəti olan "Foster Wheller" bir çox ölkələrdə inşaat, emal avadanlıqlarının quraşdırılması layihələri həyata keçirir. Şirkətin "Global Engineering and Construction Group" törəmə qurumu neft və qaz, maye qaz, neft emalı, kimya və neft-kimya, enerji, mineral və metal, ətraf mühit, dərman, bio-texnologiya və səhiyyə sahələrində müasir təsislərin layihələndirilməsi və inşasını həyata keçirir.
ARDHŞ-in Türkiyədə "Star" neft emalı zavodunun tikintisi ilə bağlı hazırlıq işlərinə artıq başlanılıb. Tikinti işlərini İspaniya, İtaliya, Yaponiya və Cənubi Koreya şirkətlərinin daxil olduğu konsorsium aparır. Artıq İzmirin Petkim yarımadasında tikintisi aparılacaq tikinti üçün hazırlıq görülüb. Bu ərazi bir neçə sahələrə bölünəcək. Zavodun 9,5 mln. kv. metr sahəsində torpaq-qazma işləri aparılacaq və bunun artıq əsas hissəsi yerinə yetirilib. Lakin görüləcək işlərdən drenaj sistemlərinin qurulması və s. işləri çıxsaq, ümumi olaraq işin yarısı görülüb. Sahənin hazırlıq işləri 2014-cü ilin sonunda başa çatacaq.
Bura 1200 ton ağırlığında olan kolonlar gətiriləcək və bunun üçün də burada xüsusi hazırlıq işləri aparılır. Artıq "Star" emal zavodunda istehsal olunacaq nafta məhsulunu (kimya sənayesində istifadə olunan məhsul) daşımaq üçün "Petkim" şirkəti 3 dənə 73 min tonluq çən quraşdırıb. İşlər tam yekunlaşdıqdan sonra bu çənlər ləğv olunacaq. Bu günə qədər Türkiyədə nafta məhsulunu "Tüpraş" şirkəti istehsal edib. "Star" emal zavodunda ildə 1,7 mln. ton nafta məhsulu ilə bərabər ildə 6 mln. ton dizel yanacağı istehsal ediləcək. Əgər ehtiyac yaranarsa, bu zavodda benzin də istehsal ediləcək. Burada həmçinin qırıcı təyyarələr üçün yanacağın istehsal olunacağı gözlənilir.
Növbəti 7-8 il ərzində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin energetika sektoruna 10 mlrd. dollar investisiya yatıracaq. Bu vəsait TANAP kəməri istisna olmaqla nəzərdə tutulub. TANAP-la birlikdə isə Azərbaycanın Türkiyənin energetika sahəsinə yatıracağı investisiyanın həcmi 17 mlrd. dollar təşkil edəcək. Bu günədək ARDNŞ Türkiyəyə 2 mlrd. dollar yatırım qoyub. Bundan başqa, şirkət "Petkim"ə 1,76 mlrd. dollar, Türkiyədə inşa olunan "STAR" neft emalı zavoduna isə 5-5,5 mlrd. dollar vəsait yatıracaq. Azərbaycanın xarici neft-qaz sektoruna birbaşa investisiyaları Dövlət Neft Şirkətinin Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniya və İsveçrədə yanacaq-energetika və neft-kimya sahələrində iştirakından formalaşır.
Azərbaycanın və Türkiyənin uğurları, iki ölkə arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq, həyata keçirilən transmilli layihələr iş adamları arasında əməkdaşlığın daha da genişləndirilməsinə müsbət təsir göstərir. Türkiyə Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi keçən il təqribən 4 mlrd. ABŞ dolları təşkil edib. Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 2013-cü ildə keçən ilə nisbətən 20% artıb.
Azərbaycan və Türkiyə inkişaf dövrlərini yaşayır. Hər iki ölkənin böyük potensialı var. Hazırda Azərbaycanda Türkiyə sərmayələri əsasında 1106 şirkət, Türkiyədə isə 1000-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir. Türkiyənin Azərbaycana investisiyaları təxminən 1,9 mlrd. ABŞ dolları, ARDNŞ və digər Azərbaycan şirkətlərinin Türkiyəyə investisiyaları isə təxminən 4,5 mlrd. dolları təşkil edir.