“PKK çoxdan İqdırı ələ keçirmək istəyirdi” Müsahibə

“PKK çoxdan İqdırı ələ keçirmək istəyirdi”

"Çünki PKK İqdır, Ağrı, Van olmaqla bu üç şəhəri bufer zona elan edib burada öz hakimiyyətlərini qurmaq istəyir"

PKK terror təşkilatı artıq Türkiyə üçün ciddi bir problemə çevrilib. Qardaş ölkənin demək olar ki, bütün bölgələrində silsilə terror aksiyaları həyata keçirən terrorçu qruplaşma bir qədər də irəli gedərək Naxçıvanla sərhəddə peyda olub. Belə ki, ötən gün İqdırın Naxçıvanla sərhəddə yerləşən Dilucu sərhəd keçid məntəqəsində qulluq keçən polislər terror hücumuna məruz qalıb. PKK-nın artıq İqdırda peyda olması istər İqdır, istərsə də Naxçıvan üçün hansı təhlükələrdən xəbər verir? Bu və ya digər məsələlərlə bağlı İqdırda fəaliyyət göstərən Beynəlxalq Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəylə söhbətləşdik. Göksəl Gülbəy müsahibəsində son günlər Ermənistanla sərhəddə yerləşən Alican keçid məntəqəsinin açılması istiqamətində irəli sürülən təşəbbüslər və buna qarşı ASİMDER-in ortaya qoyacağı mövqe barədə danışıb.
- Göksəl bəy, artıq PKK İqdıra, Naxçıvan Muxtar Respublikası sərhəddinəyaxınlaşır. İndiki situasiyada PKK təhlükəsi İqdır və Naxçıvan üçün nə qədər ciddiyyət təşkil edir?

- PKK çoxdan Iqdırı ələ keçirmək istəyirdi. Çünki PKK Iqdır, Ağrı, Van olmaqla bu üç şəhəri bufer zona elan edib burada öz hakimiyyətlərini qurmaq istəyirlər. Ermənistan da bu işin, prosesin önündə gedir. Ermənistan həm maddi, həm də öz ölkəsindəki erməni könüllüləri ilə PKK-ya dəstək verir. Ötən gün isə Ermənistanla sərhəddə yerləşən Iqdırın Kərimbəyli kəndində əsgəri posta hücum həyata keçirildi. Bir neçə polis yaralandı. Ümumiyyətlə, Naxçıvan vətəndaşları və hakimiyyətinin qarşıdakı zamanlarda can və torpaq təhlükəsi yoxdur. Məlumat üçün qeyd edim ki, İraqın Yerli Kürd Administrasiyasının baş naziri Məsud Bərzaniyə aid bir televiziya kanalı hava haqqında məlumatı efirə verərkən Naxçıvanın da bir hissəsini Kürdistan torpaqları kimi qeyd edir. Baxın, gələcəkdəki təhlükə budur.
-PKK-nın İqdırda peyda olması sizcə orada yaşayan erməniləri də hərəkətə gətirə bilərmi?

-Iqdırdakı həm azərbaycanlılar, həm də kürdlər içərisində 1915-ci illərdə milli mənsubiyyətini gizlətmiş erməni və yezidilər var. Bu gün həmin insanlar PKK-nın Iqdırda fəaliyyət göstərməsindən istifadə edərək meydana atılaraq terror təşkilatına dəstək olurlar. Hətta "biz onsuz da erməniyik, bizə ermənidirlər demirdinizmi? deyə açıqca fikir səsləndirirlər.
-Bu günlərdə bir daha Ermənistanla sərhəddə yerləşən Alican sərhəd məntəqəsinin açılması ilə bağlı fikirlər irəli sürülür. ASİMDER olaraq bununlabağlı nə düşünürsünüz və dərnək hansısa etirazını bildirəcəkmi?

-Ermənistanla sərhəddə yerləşən Alican sərhəd qapılarının açılması ilə bağlı məsələnin yenidən gündəmə gəlməsindən ASİMDER olaraq ciddi narahatıq. Biz dərnək olaraq bununla bağlı toplantılar keçirir, müəyyən dəyərləndirmələr aparırıq. Son olaylardan sonra təkrarən bir araya gəlib dostlarımızla görüşəcək, nələrin planlaşdırıldığını müzakirə edəcəyik. Məlumat üçün qeyd edim ki, AKP-nin Iqdırdan olan keçmiş rəhbərliyi hazırda Hrant Dink Vəqfı rəhbərləri ilə birlikdə Yerevandadırlar. Bundan əvvəl isə Iqdırda HDP-dən olan bələdiyyə sədri və üzvləri görüşüb sərhəd qapılarının açılması məsələsini müzakirə etdilər. Ancaq ASİMDER olaraq biz qətiyyən Alican sərhəd məntəqəsinin açılmasına yol verməyəcəyik. Lazım gələrsə canımızı verər, ancaq sərhədlərin açılmasına icazə vermərik.

-Ümumən indiki vəziyyərdə Türkiyənin durumunu necə dəyərləndirirsiniz?

-Bu gün Türkiyəni Suriya və İraqa çevirmək istəyirlər. Bu işin, niyyətin başında isə Ermənistan dayanır. Ermənistan bu torpaqlarda PKK-nın əli ilə Böyük Ermənistan xülyasını reallaşdırmaq istəyir. Ümumiyyətlə, Ermənistan gizli yollarla Türkiyədə terror aktları həyata keçirən terrorçu qruplaşmaların arxasında dayanır. Türkiyədə fəaliyyət göstərən bütün terror qruplaşmaları Ermənistandan dəstək alır, maliyyələşir. Ona görə də Türkiyəni vətəndaş müharibəsinə sürükləmək istəyirlər. Ötən gün İqdırda şəhidlər üçün yürüş keçirilib. Baxın, qarşı-qarşıya gəlmək budur.