
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları tarixi maksimuma çatdığı bir vaxtda valyuta bazarında təklifin tələbi üstələməsi, manatın möhkəmlənməsi istiqamətində təzyiqlər və Mərkəzi Bankın alış yönlü əməliyyatları diqqət mərkəzindədir.
“APA-Economics” bu və digər məsələlərlə bağlı Azərbaycan Mərkəzi Bankının baş direktoru Elrad Seydiyevlə müsahibəni təqdim edir.
– Elrad müəllim, Mərkəzi Bankın valyuta ehtiyatları 15.3 milyard ABŞ dollarına çataraq tarixi maksimum həddini yeniləyib. Ehtiyatların artımını şərtləndirən əsas amillər hansılardır?
– Cari ilin əvvəlindən etibarən Mərkəzi Bankın valyuta ehtiyatları 3.8 mlrd. ABŞ dolları məbləğində və ya 33% artaraq tarixi maksimuma – 15.3 mlrd. ABŞ dollarına yüksəlib. Azərbaycan Respublikası Dövlət Neft Fondunun xarici valyuta aktivləri də nəzərə alınmaqla ölkənin strateji valyuta ehtiyatları isə 90.8 mlrd. ABŞ dolları səviyyəsindədir ki, bu da ölkənin təxminən 41 aylıq əmtəə və xidmət idxalını maliyyələşdirməsinə kifayət edir.
Bu artımı şərtləndirən amillərdən danışdıqda ilk olaraq, ölkənin əlverişli xarici mövqeyini, o cümlədən cari əməliyyatlar balansının profisitini və xarici valyuta gəlirlərinin dinamikasını qeyd etmək istərdim. Qlobal enerji bazarında əlverişli qiymət dinamikası, eləcə də qeyri-neft-qaz əmtəə və xidmətlər ixracı üzrə müsbət meyillərin davam etməsi ilə əlaqədar Dövlət Gömrük Komitəsinin cari il üzrə 7 aylıq məlumatına əsasən ticarət balansında 9.5 mlrd. ABŞ dollarına yaxın məbləğdə profisit qeydə alınıb. Analoji dövrdə pul baratları üzrə saldo 0.68 mlrd. ABŞ dolları təşkil edib.
Qeyd etmək lazımdır ki, maliyyə sektorunda müşahidə olunan dedollarlaşma prosesi də davam edir. Cari ilin iyul ayında rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 25.8% təşkil edib ki, bu göstərici 2021-ci ilin sonunda 40.6% idi. Bu meyillər bütövlükdə iqtisadi subyektlərin milli valyutaya inamının və ölkənin xarici şoklara qarşı maliyyə dayanıqlılığının gücləndiyini göstərir.
Belə şəraitdə 2021-ci ilin sonundan etibarən ölkənin strateji valyuta ehtiyatları 70%, Mərkəzi Bankın valyuta ehtiyatları isə 2.2 dəfə artıb. Strateji valyuta ehtiyatlarının artımına ehtiyatların idarə edilməsindən əldə edilən gəlirlər də öz töhfəsini verib.
– Valyuta ehtiyatlarının həcminin yüksək olması ölkə iqtisadiyyatı və cəmiyyət üçün nə deməkdir?
Valyuta ehtiyatları iqtisadi böhranlar, qlobal maliyyə bazarlarında dəyişkənlik və xarici valyutaya tələbin kəskin artması kimi şoklara qarşı ölkənin maliyyə dayanıqlılığını təmin edən mühüm strateji buferdir. Ehtiyatların yüksək səviyyəsi ölkənin xarici dayanıqlığını və maliyyə çevikliyini gücləndirir, zəruri hallarda xarici öhdəliklərin icrası və idxalın maliyyələşdirilməsi imkanlarını artırır. Beynəlxalq reytinq agentlikləri də Azərbaycanın suveren kredit reytinqini qiymətləndirərkən ölkənin güclü xarici balansını və yüksək həcmli xarici aktivlərini mühüm dəstəkləyici amillər kimi qeyd edirlər. Vətəndaş və biznes üçün yüksək valyuta ehtiyatları ilk növbədə məzənnə və maliyyə sabitliyi deməkdir. Bu sabitlik vətəndaşların və biznesin gələcək planlarını və uzunmüddətli qərarlarını daha yüksək əminliklə qəbul etməsinə imkan verir.
– Cari il ərzində Mərkəzi Bank tərəfindən bir neçə dəfə alış yönlü valyuta əməliyyatları həyata keçirilib. Bu əməliyyatlar nə ilə bağlıdır?
– Son illər makroiqtisadi sabitliyin qorunmasında məzənnə sabitliyi mühüm rol oynayıb. Məzənnə sabitliyi və dedollarlaşma meyillərinin davamlı xarakter alması xarici valyutaya olan tələbin azalmasına şərait yaradıb. Son aylarda valyuta bazarında təklif davamlı olaraq tələbi üstələyib, yəni manatın möhkəmlənməsi istiqamətində təzyiqlər üstünlük təşkil edib. Belə şəraitdə Mərkəzi Bankın alış yönlü valyuta əməliyyatları bazarda formalaşan artıq xarici valyuta təklifinin bir hissəsinin alınmasına imkan verir. Bu alışlar, valyuta bazarında tələb və təklif arasında tarazlığın qorunmasına xidmət etməklə yanaşı, valyuta ehtiyatlarının artmasına da töhfə verir. Avqust ayında valyuta bazarından alınmış valyuta cari il üçün ilk hal deyil. Mərkəzi Bank tərəfindən əvvəlki aylarda da alış yönlü valyuta əməliyyatları həyata keçirilmiş və bu haqda müvafiq press-relizlər açıqlanıb.
– Mərkəzi Bankın valyuta ehtiyatlarının bundan sonra necə dəyişəcəyi ilə bağlı gözləntilər nədir?
– Valyuta bazarında tarazlığın təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən alış yönlü əməliyyatlar nəticəsində əldə edilmiş xarici valyutanın bir hissəsinin gələcəkdə bazarda formalaşacaq tələb nəzərə alınmaqla, yenidən bazara yönəldilməsi istisna edilmir. İndiyədək olduğu kimi, bundan sonra da Mərkəzi Bank valyuta bazarında alış və ya satış yönlü əməliyyatlar həyata keçirərsə, bu barədə öz informasiya kanalları vasitəsilə məlumat açıqlayacaqdır.
Cari ilin sonrakı dövründə və növbəti ildə də tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olacağı proqnozlaşdırılır. Bu, ortamüddətli dövrdə ölkənin xarici valyuta gəlirlərinin və valyuta ehtiyatlarının artımı üçün əlverişli şərait yaradır. Bununla belə, valyuta ehtiyatlarının faktiki dinamikası xarici iqtisadi şərait, valyuta bazarında tələb və təklif nisbətindən asılı olacaqdır.