İdarə rəisi: “Məhkumlar arasında vərəmdən ölüm faizi azalıb” Müsahibə

İdarə rəisi: “Məhkumlar arasında vərəmdən ölüm faizi azalıb”

İntiharların əksəriyyəti məhkumların düşdükləri vəziyyət, törətdikləri cinayətlə əlaqədardır

Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi, tibb xidməti general-mayoru Rəfail Mehdiyevin APA-ya müsahibəsi.

- Rəfail müəllim, penitensiar müəssisələrdə vərəmlə mübarizə sahəsində son illər həyata keçirilən tədbirlər barədə məlumat verərdiniz.
- Azərbaycanın cəzaçəkmə müəssisələrində vərəmlə mübarizə sahəsində çox effektiv, səmərəli model mövcuddur. Bu model bir çox beynəlxalq təşkilatın ekspertləri tərəfindən effektiv qiymətləndirilir. Bu işlərin bünövrəsi hələ 1995-ci ildə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birlikdə qoyulub. Həmin dövrdən tədricən bu işin səmərəliliyi artıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun 61-ci sessiyasında Azərbaycanın penitensiar müəssisələrində həyata keçirilən vərəmə nəzarət fəaliyyəti region ölkələri üçün nümunəvi təcrübə kimi təqdim olunub. Bu təklifdən sonra bizim təcrübəni öyrənmək üçün son illərdə 12 ölkədən – Birləşmiş Krallıq, Filippin, İraq, Çin, Moldova, Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistandan 20 nümayəndə heyətinin tərkibində səhiyyə, penitensiar xidmət və beynəlxalq təşkilatların vərəmlə mübarizə sahəsində işləyən 132 nəfər nümayəndəsi Bakıda səfərdə olub və bizim təcrübədən bəhrələnib.
Binə qəsəbəsində ixtisaslaşmış müalicə müəssisəsi fəaliyyət göstərir. Bu böyük bir müəssisədir, burada vərəmli məhkumların müalicəsi, diaqnostikası və dispanser nəzarəti aparılır. Müəssisədə Milli İstinad Laboratoriyasında həyata keçirilən bakterioloji müayinələrə ekvivalent müayinələr aparmaq iqtidarında olan yüksək peşəkarlıq səviyyəli laboratoriya fəaliyyət göstərir. Laboratoriyada klassik analizlərlə yanaşı, müxtəlif qidalı mühitlərdə əkmə və dərmanlara həssaslıq testləri, müasir avadanlıqlarda innovativ molekulyar-genetik müayinələr də aparılır.
Azərbaycanın cəzaçəkmə müəssisələrində vərəmin müalicəsi mərkəzləşmiş qaydada həyata keçirilir. Biz bütün cəzaçəkmə müəssisələrində aşkarladığımız vərəm xəstələrini həmin ixtisaslaşmış müalicə müəssisəsinə köçürürük və orada onların effektiv müalicəsini təmin edirik. Bizə tabe müəssisələrdə vərəmlə mübarizə sahəsində ÜST tərəfindən tövsiyə olunan elə bir diaqnostik metod, müalicə yoxdur ki, o tətbiq olunmasın. Ən müasir, ən effektiv üsullar tətbiq edilir və dərmanlardan istifadə olunur. Bir çox məqamlarda biz bu sahədə respublikada birinci olmuşuq. İnnovativ metodların tətbiqinə üstünlük vermişik. Qeyd etməliyəm ki, 1995-ci ildən penitensiar müəssisələrdə ÜST-ün "DOT" adlandırılan strategiyası üzrə 1-ci sıra dərmanlarla müalicəyə, 2007-ci ildən vərəmin sürətli diaqnostikası üçün innovativ texnologiyaların, avadanlıqların, sistemlərin tətbiqinə və Dərmanlara Davamlı Vərəmin 2-ci sıra dərmanlarla müalicəsinə başlanılıb.
2011-ci ildən başlayaraq bütün müəssisələrdə ildə azı bir dəfə, bəzi hallarda isə ildə iki dəfə kütləvi müayinələr keçirilir. Mobil rentgen avadanlığı və mobil tibb işçiləri briqadası xüsusi cədvəl üzrə bütün müəssisələri il ərzində gəzərək kütləvi olaraq 99,6 faiz əhatə olunmaqla məhkumları rentgen müayinə edirlər.
Təbii ki, məhkumun özünün müraciəti əsasında da vərəmin aşkarlanması tədbirləri həyata keçirilir. Vərəm diaqnozu təsdiq edilən xəstələrin müalicə sxemləri Dərmanlara Həssaslıq Testlərinin nəticələrinə əsasən təyin olunur. Müalicənin ÜST tərəfindən tövsiyə olunan müddətlərinə, sxemlərinə və monitorinq şərtlərinə riayət edilir. Müalicəyə cəlb olunan xəstələr haqda elektron məlumat bazası da yaradılıb. 1995-ci ildən bu yana cəzaçəkmə müəssisələrində vərəmlə əlaqədar müalicəyə cəlb olunmuş şəxslər haqda həmin bazada hərtərəfli məlumatlar var. Həmin dövrdən 13 118 xəstə 1-ci sıra, 1009 xəstə 2-ci sıra dərmanlarla vərəm əleyhinə spesifik müalicəyə cəlb olunub. 2017-ci ildə dərmanlara davamlılıq göstəriciləri daha geniş olan vərəmli xəstələrin yeni, 5-ci qrupa aid dərmanlarla müalicəsinə başlanılıb. Hazırda 50-yə yaxın xəstənin müalicə sxemində bu qrupdan olan dərmanlar uğurla tətbiq olunur.
2013-cü ildə İİV-ə yoluxmuş məhkumlar arasında vərəmin profilaktikası ilə əlaqədar dövri tibbi müayinələrin və İzoniazidlə Preventiv Terapiyanın həyata keçirilməsi üçün səyyar briqadalar təşkil olunub. Bu briqadaların fəaliyyəti nəticəsində 2013 – 2017-ci illər ərzində İİV-ə yoluxmuş 800-ə yaxın məhkum Preventiv Terapiyaya cəlb edilib.
Vərəmlə mübarizə sahəsində 2012-ci ildə Vərəm üzrə təlim mərkəzi yaradılıb. Onun səmərəliliyini görərək ÜST-ün Avropa Regional Bürosu təlim mərkəzinə 2014-cü ildə 4 il müddətinə "Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzi" beynəlxalq statusu verib. Dünyanın heç bir ölkəsinin həbsxana sektorunda mövcud olmayan bu təlim mərkəzində 2012 – 2017-ci illər ərzində ümumilikdə 1258 dinləyicinin iştirak etdiyi 90 treninq keçirilib. 2015 - 2017-ci illər ərzində 12 ölkədən (İtaliya, Makedoniya, CAR, Monqolustan, Filippin, Ukrayna, Belarus, Moldova, Gürcüstan, Qırğızıstan, Özbəkistan, Tacikistan) ümumilikdə 66 dinləyici üçün 4 beynəlxalq treninq, 2017-ci ildə Azərbaycan Səhiyyə Nazirliyinin vərəm əleyhinə tibb müəssisələrində çalışan 73 həkim üçün 5 treninq təşkil olunub.
- Cəzaçəkmə müəssisələrində vərəmdən ölüm hallarında artım, ya azalma müşahidə edilir?
- Penitensiar müəssisələrdə saxlanılan xüsusi kontingent arasında 100 000 nəfər populyasiya üzrə hesablanan vərəm üzrə xəstələnmə göstəricisi 2017-ci ildə 2012-ci illə müqayisədə 2,5 dəfə azalıb. Dərmanlara həssas vərəmli xəstələrin uğurlu müalicə faizi ilbəil yüksələrək artıq bir neçə ildir davamlı olaraq ÜST tərəfindən tövsiyə olunan hədəf göstəricisi 85 faiz həddi aşaraq 93 faiz təşkil edir. Bizdə nəinki 1-ci sıra, eləcə də 2-ci sıra dərmanlarla uğurlu müalicə faizi tövsiyə olunan hədəf göstəricilərindən yüksəkdir. Vərəmin müalicəsinin effektivliyi də beynəlxalq ekspertlər tərəfindən mütəmadi nəzarətdə saxlanılır.
Penitensiar müəssisələrdə vərəm hallarının sayı, "açıq" formalı və Çoxsaylı Dərmana Davamlı vərəm hallarının mütləq sayı kəskin azalıb. 2017-ci ildə 2012-ci illə müqayisədə bütün vərəm hallarının sayı 2 dəfə, Çoxsaylı Dərmana Davamlı vərəm hallarının sayı 1,4 dəfə az olub. Penitensiar müəssisələrdə saxlanılan xüsusi kontingent arasında vərəmdən ölüm faizi 2017-ci ildə 1995-ci illə müqayisədə 105 dəfə, 2000-ci illə müqayisədə 20,2 dəfə, 2005-ci illə müqayisədə 9,3 dəfə, 2010-cu illə müqayisədə 2,8 dəfə, 2015-ci illə müqayisədə isə 1,1 dəfə azalıb.
Vərəmin hava-damcı yolu ilə yoluxması tibb işçiləri qarşısında bir sıra məsələlər qoyur. İlk növbədə vərəm xəstəliyi erkən aşkarlanmalı, xəstə vaxtında müalicə edilməlidir. Biz daima Səhiyyə Nazirliyinin aidiyyəti müəssisələri ilə birgə əməkdaşlığa üstünlük veririk. Çünki cəzaçəkmə müəssisələri cəmiyyətin bir hissəsidir. Cəmiyyətdə baş verən xəstəlik halları cəzaçəkmə müəssisələrində də qeydə alınır. Mən bu fikri Milli Məclisdə ictimai dinləmələrdə də səsləndirdim.
Bu işlər şəxsən ədliyyə naziri cənab Fikrət Məmmədovun nəzarəti altındadır. Biz mütəmadi olaraq rəhbərliyə işlərin gedişi barədə məlumatlar veririk. Azərbaycan hökuməti tərəfindən gördüyümüz işlərə də çox ciddi dəstək verilir. İxtisaslaşmış müalicə müəssisəsində çalışan işçilərin əmək haqları artırılıb. Maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində addımlar atılıb. Müəssisənin strukturu daim təkmilləşdirilir. Son illərdə müasir kommunal şəraiti olan müalicə korpusları, ən müasir təhlükəsizlik tələblərinə cavab verən yeni laboratoriya binası inşa edilib.
Vərəm müəssisəsində geniş miqyaslı xüsusi infeksiya nəzarət tədbirləri həyata keçirilir. Müalicə şöbələri və yardımçı otaqlar havalandırma sistemləri ilə təchiz olunub. Müəssisədə vərəmli məhkumlar məhkəmə tərəfindən təyin edilmiş saxlanma rejiminə, dərmanlara həssaslıq göstəricilərinə və bakterioloji statusuna uyğun olaraq ayrı-ayrı şöbələrdə saxlanılır. Hər şöbənin ayrıca gəzinti yeri mövcuddur ki, bu da xəstələrin adekvat idarə olunması ilə yanaşı, xəstəxana daxili infeksiyanın yayılmasının qarşısının alınmasına xidmət edir. Sözsüz ki, qeyd edilən tədbirlər əlavə xərc, qüvvə və insan resursları tələb edən işdir. Bu şəxslər cəzaçəkmə müəssisələrini tərk edəndən sonra öz ailələrində, ətrafda vərəm xəstəliyinin yayılmasına səbəb olmasınlar deyə Azərbaycan hökuməti, Ədliyyə Nazirliyi, Penitensiar Xidmət, bizim İdarə bu işləri həyata keçirir. Bununla biz cəmiyyətimizi, insanlarımızı vərəm xəstəliyindən qorumağa çalışırıq.
- Məhkumların psixoloji durumu ilə bağlı hansı işlər həyata keçirilir? Çünki bəzi hallarda cəzaçəkmə müəssisələrində intihar halları da baş verir.
- Cəzaçəkmə müəssisəsinə düşən adam təbii olaraq çox böyük sarsıntılar keçirir. Bu sarsıntı nəticəsində onun psixikasında pozuntular olur, davranışında dəyişikliklər baş verə bilir. Penitensiar Xidmət və Tibb baş idarəsi tərəfindən bu halların qarşısının alınması istiqamətində müəyyən işlər görülür. Penitensiar Xidmətdə psixoloqlar fəaliyyət göstərir. Cəzaçəkmə müəssisələrində psixoloqlar ehtiyac yarandıqda hər bir məhkumla söhbət aparırlar. Ruhi sarsıntı keçirən məhkumlara isə psixiatrlar xəstə kimi müalicə tətbiq edirlər. Bütün cəzaçəkmə müəssisələrində psixiatr - narkoloq ştatları mövcuddur.
Müalicə müəssisəsində psixiatriya şöbəsi də var. Əgər orada stasionar müalicə tələb olunursa, həmin şəxslər müalicə müəssisəsinə köçürülür. Məhkumların psixoloji sağlamlıqları ilə bağlı Avropa İttifaqı və Avropa Şurası ilə layihələrimiz mövcuddur. Həmin layihələr çərçivəsində də işlər görülür. Bir də ötən ildən Beynəlxalq Qızıl Xaç Komitəsi Tibb baş idarəsi ilə birgə məhkumlara psixoloji yardım sahəsində layihənin icrasına başlayıb.
Bəli, cəzaçəkmə müəssisələrində intihar halları baş verir. 2017-ci ildə də intihar halları qeydə alınıb. Təhlillər göstərir ki, intiharların əksəriyyəti məhkumların düşdükləri vəziyyət, törətdikləri cinayətlə əlaqədardır. Özünə qəsd edən məhkumların əksəriyyəti intihar etməzdən öncə məktub yazaraq bunu etdikləri cinayətlə əlaqələndiriblər. Belə olan halda isə bunun qarşısını almaq bir qədər çətin olur. Ancaq profilaktik tədbirlər aparılır. İntiharın qarşısını alma halları da kifayət qədər çoxdur. İntihar halları cəmiyyətdə də baş verir.