13:30
889
“Azərbaycanın Ermənistana tranzit qadağasını aradan qaldırması regionda yeni diplomatik mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu qərar Bakının konstruktiv və məsuliyyətli aktor kimi çıxış etdiyini, kommunikasiya bərpası prosesinə siyasi jestlə deyil, praktiki addımlarla yanaşdığını göstərir. Lakin bu addım hələ tam tranzit razılaşması demək deyil — Azərbaycan yalnız texniki maneələri aradan qaldırmaqla prosesin real imkanlarını yoxlayır, lakin strateji prinsiplərdən geri çəkilmir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.
Politoloqun fikrincə, Paşinyanın “Türkiyə və Azərbaycan arasında yüklərin Ermənistandan keçməsinə hazırıq” bəyanatı ilk baxışda müsbət görünür, amma İrəvanın əsas məqsədi Zəngəzur dəhlizinin açılmasında öhdəlik götürmədən, alternativ marşrutla siyasi dividendlər qazanmaqdır: “Ermənistan həm Türkiyə ilə sərhədin qismən açılması presedentini yaratmaq, həm də Bakı-Ankara tandemini fərqli müstəviyə çəkməyə çalışır. Azərbaycan isə məsələni daha geniş, regional kommunikasiyaların “paket həll” konsepsiyası çərçivəsində dəyərləndirir. Yəni təkcə bir istiqamətin deyil, bütün yolların eyni vaxtda və qarşılıqlı prinsiplə açılması prioritet sayılır. Bakı üçün əsas məsələ iqtisadi əlaqələrin bərpası deyil, bu əlaqələrin siyasi və hüquqi təminatla möhkəmləndirilməsidir”.
Z.Qarayeva əlavə edib ki, ona görə də, Ermənistanın təklif etdiyi Marqara–Yeqnadzor–Sisian–Gorus xətti yalnız test mərhələsi səviyyəsində nəzərdən keçirilə bilər, amma real inteqrasiya Zəngəzur dəhlizi tam açıldıqdan sonra mümkündür: “Qısası, Azərbaycanın jesti siyasi etimadın bərpasına yönəlib, lakin regiondakı nəqliyyat və ticarət axınlarının tam bərpası üçün hələ qarşılıqlı etimad və balanslı razılaşmalar tələb olunur”.
Röya İsrafilova