Azərbaycan – Türkiyə qardaşlığının yüksəldiyi mərtəbə qürurvericidir Müsahibə

Azərbaycan – Türkiyə qardaşlığının yüksəldiyi mərtəbə qürurvericidir

İyul ayında Tovuz istiqamətində baş vermiş erməni təxribatından sonra Türkiyə rəsmi səviyyədə Azərbaycanı qətiyyətlə dəstəklədi və bu dəstək hərbi əməkdaşlıq formatında davam etdirildi. Türkiyənin Azərbaycana hərtərəfli dəstək göstərəcəyini bəyan etməsi həm Türkiyə, həm də Azərbaycan cəmiyyətində sevinclə qarşılandı. Bu barədə Türkiyənin ölkəmizdəki sabiq səfiri, Azərbaycan dövlətinin nüfuzlu mükafatına – “Dostluq” ordeninə layiq görülmüş Hulusi Kılıçla həmsöhbət olduq.

– Hulusi bəy, Türkiyə – Azərbaycan qardaşlığı, işbirliyi dərin köklərə bağlı­dır. Lakin son aylar bu birlik həm də hərbi əməkdaşlıq sahəsində müşahidə olun­maqdadır. Xüsusilə, Tovuz istiqamətində Ermənistanın hücumundan dərhal sonra Türkiyə Azərbaycana tam dəstək verməklə, bu birliyin sarsılmaz olduğunu sübut etdi. Bu barədə fikirləriniz maraq­lıdır...

– Türkiyə – Azərbaycan qar­daşlığı çox qədimlərə dayanır. Hələ 1915-ci ildə Çanaqqala savaşında azərbaycanlı qardaşla­rımız Türkiyəyə yardıma getmiş və öz qardaşları ilə çiyin-çiyinə düşmənə qarşı vuruşmuşlar. İndi Çanaqqalada bununla bağlı abidə də vardır. 1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulanda erməni-bolşevik birləşmələrinin hücumları baş verir. Azərbaycanlılara qarşı soyqırımı həyata keçirilir. Belə olan halda, Osmanlı dövləti 7 yerə parçalanmaq təhlükəsi ilə üz-üzə qalmasına baxmaya­raq, Azərbaycana yardım əlini uzadır və Nuru paşanın başçı­lığı ilə qardaşlarımıza dəstək üçün böyük ordu göndərir. Bu ordunun adı Qafqaz İslam Ordusu idi. Bildiyimiz kimi, o zaman Osmanlının müttəfiqi olsa da, Almaniya türk ordusu­nun Qafqazda hərəkətlənməsinə qarşı çıxırdı. Ona görə də ordu Qafqaz İslam Ordusu adlandı­rılmışdı. Azərbaycan sovetlər imperiyasının tərkibindən ayrılıb müstəqilliyini bərpa etdikdən sonra da onu ilk tanıyan dövlət, məhz, Türkiyə Cümhuriyyəti oldu. Türk dünyasının böyük oğlu Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan – Türkiyə əlaqələri daha intensiv xarak­ter aldı. Ümummilli liderin zamanında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əsası qoyuldu. Həmin vaxt buna qarşı çıxanlar olmuşdu. Lakin bu əməkdaşlıq başladı. O zaman türk Ordusu öz təcrübələrini Azərbaycan Ordusu ilə paylaşmaq yolunu tutdu. Qardaş ölkənin ordusu modernləşdirildi. Bu qardaşlıq o qədər irəlilədi ki, Azərbaycan bir çox neft və qaz layihəsinin Türkiyə ərazisindən keçməsini istədi. Bakı-Tbilisi-Ərzurum qaz layihəsi, TANAP layihəsi, Petkimdəki yatırımlar bu baxımdan çox önəmlidir. Bundan əlavə, Bakı-Tblisi-Qars dəmiryolu layihəsinin həyata keçirilməsi də çox önəmli və siyasi anlam daşıyan hadisə idi. Yəni bu qardaşlığın yüksəldiyi mərtəbə həqiqətən qürurve­ricidir. Buna görə də, iyul ayında işğalçı Ermənistanın Tovuz istiqamətində təcavüzkar addımları, hücumları heç cürə qəbul edilməzdi. Bu bir həqiqətdir ki, bu gün pandemiya dönəmində problemlərin içində qıvrılan Ermənistan diqqəti başqa istiqamətə yönəltmək istəyir. Tovuz çox önəmli strateji yerdir. Sadaladığım layihələrin bir çoxu bu ərazidən keçir. Ermənilərin əsas məqsədi bu layihələrin qarşısını kəsməkdir. Bu detala diqqət yetirmək lazımdır. Onların məqsədi Azərbaycanın böyük iqtisadi layihələrinə zərbə endirmək idi. Lakin Azərbaycan Ordusu­nun güclü müdafiə sisteminə malik olması Ermənistanın ümidlərini puç etdi. Bundan əlavə Türkiyənin dəstəyini ifadə etməsi Ermənistanın regionda azacıq da hərbi üstünlük şansını sıfıra endirir.

– Azərbaycan – Türkiyə qardaşlığı, ölkələrimizin bir-birinə hər mənada dəstəklərini bildirmələri Ermənistanı və onlara dəstək verənləri ciddi narahat etməkdədir. Ermənistan Türkiyənin Cənubi Qafqazda fəallığına qarşı qara-piyar aparmaqdadır. Onlar dünya ictimaiyyətinin diqqətini əsas məsələlərdən yayındırmaq niyyəti güdürlər...

– Doğrudur... Türkiyənin Azərbaycana verdiyi dəstək, bu qardaşlıq təbii ki, bir çox gücləri narahat etməkdədir. Lakin Türkiyənin qərarlılığı, qətiyyəti yerindədir. Onlar Azərbaycan Ordusunun ermənilərə cava­bını da, sonra türk ordusunun dəstəyini də gördülər və anladı­lar ki, onlar üçün bu məsələni öz xeyirlərinə həll etmək alınan deyil. Biz bunu görürük. Lakin bölgədə barış və sakitliyi istəyən istənilən dövlət kimi, biz də bu münaqişənin həllini istəyirik. Xalqlarımız da gördü ki, heç bir dövlət münaqişənin həlli ilə bağ­lı bir iş görmək istəmir. ATƏT-in Minsk Qrupu öhdəliklərini yerinə yetirmir. Dünya gördü ki, Türkiyənin Azərbaycana dəstəyi tam yerindədir. İnsan hüquqları institutları, ilk növbədə, erməni işğalına qiymət verməli və erməni terror və separatizminə qarşı olmalıdır. Kimin nara­hatlıq keçirməsi həm də bizi maraqlandırmamalıdır. Çünki biz bir millətik, Azərbaycanın işğal edilən torpaqları qədim türk torpaqlarıdır. Bu torpaqla­rın ermənilərə heç bir aidiy­yatı yoxdur. Onlar bunu yaxşı anlayırlar. Artıq xalqlarımız hər doğulan uşağın qulağına “biz bir millət, iki dövlətik” deyir və deməliyik. Mən hər yerdə bildirirəm ki, Türkiyə Suriyada hərbi əməliyyatlar aparan zaman Azərbaycandan minlərlə gəncin savaşmaq üçün türk ordusunun tərkibinə könüllü qatılmaq istəklərinin şahidi oldum. Tovuzda da həmçinin Türkiyə vətəndaşları, gəncləri eyni həssaslığı göstərirdilər, ürəkləri Azərbaycanla döyünürdü. Baxın, bu qardaşlığmız hansı mərtəbəyə yüksəlmişdir. Fikrim yanlış anlaşılmasın, biz sülh istəyirik. Amma savaşacağıqsa, buna da hazırıq. Aprel döyüşləri bunu sübut etdi ki, Azərbaycan tərəfi müharibə etməyi də, düşmənə qalib gəlməyi də bacarır. Biz, ermənilərin onda necə qaçdığını da yaxşı gördük. Vəziyyət tələb edəcəksə, yenə savaşacağıq. Tovuz təcavüzündə Azərbaycan – Türkiyə qoşunla­rının hərbi təlimləri onlara çox önəmli mesaj oldu. Azərbaycana gələn Türk ordusu bunu açıqca göstərdi. Həm xarici işlər naziri, həm müdafiə nazirimiz, həm də dövlət başçımızın sərt, qətiyyətli bəyanatları da bunu göstərdi. Cənab general Hulusi Akarın, böyük ordu generalları heyəti ilə Azərbaycana mühüm səfərinin həmin kritik dönəmə təsadüf etməsi də Azərbaycan və türk xalqı tərəfindən böyük sevinclə qarşılandı. Azərbaycanın yeni təyin olunan xarici işlər naziri Ceyhun Bayramovun ilk rəsmi səfərini Türkiyəyə etməsi və Müdafiə nazirinin də gəlməsi belə məqamlarda qardaşlığı­mızın düyün nöqtələri kimi qiymətləndirilir. Necə deyərlər, gücümüz birliyimizdə, birliyi­miz gücümüzdədir.

– Hər iki qardaş dövlətin rəhbəri təmənnasız olaraq, dəfələrlə bir-birinə dəstəklərini ifadə ediblər. Bu dəfə də Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan səfirini qəbul edərək ona Türkiyəni dətstəkləyəcəyimizi, Türkiyə ilə qardaş olduğumuzu qəti olaraq bildirdi. Prezidentin bu örnək davranışını region güclərinə qəti bir mesaj kimi şərh edənlər də var. Bəs siz necə düşünür­sünüz?

– Türkiyə liderləri hər zaman Azərbaycana dəstəyini ifadə etmişdir. Onu da deyim ki, mən 5 il Azərbaycanda fövqəladə və səlahiyyətli səfir oldum və bir məsələnin hər dəfə şahidi oldum ki, cənab İlham Əliyevlə, cənab Rəcəb Tayyib Ərdoğan arasında çox səmimi qardaşlıq münasibətləri möv­cuddur. Bu çox sevindiricidir və inamla davam etdirilir. Tovuz­dakı təcavüz sonrasında da bu səmimi münasibət, qardaşlıq özünü ən güclü şəkildə göstərdi. Cənab Prezidentin Yunanısan səfirini qəbul edərkən dediyi fikirləri Türkiyə rəsmiləri, mətbuat və xalqımız yüksək səviyyədə dəstəklədi. Bildiyi­miz kimi, Aralıq dənizində bir mübahisə var. Bu mübasihədə bəzi dövlətlər Yunanıstanı dəstəkləyir. Bunların içində Misir, Səudiyyə Ərəbistanı, Fransa Yunanıstanı dəstəkləyir. Belə bir dönəmdə Azərbaycanın dəstəyini ifadə etməsi tam yerinə düşdü. Cənab İlham Əliyevin sözləri, əslində, yunan rəhbərliyinə yönəlmişdi və bu kəskin bir ismarıc oldu. Bizim qardaşlığımızı bir daha bütün dünya gördü. Cənab Prezi­dentin yunan səfirinə sözləri bizim üçün çox dəyərlidir. Belə hallar dünyada çox nadir baş verir. Prezident İlham Əliyevin Ermənistanın sabiq prezidenti Serj Sarkisyana verdiyi cavabı da unutmuruq. Onda Türkiyənin əleyhinə danışmağa başlayan erməni liderə qəti şəkildə yerini göstərən cənab İlham Əliyev demişdi: “Türkiyə yoxdur, amma mən buradayam. Mən sizin cavabınızı verəcəyəm!” Bu səhnələr məndə dərin hisslər yaradıb. Hər kəs bunu bilsin ki, mən də ömrümün sonu­na qədər həm Türkiyənin və Azərbaycanın səfiri olacağam. Bildiyiniz kimi, mən Moldo­va Respublikasında da səfir oldum, amma özümü həm də Azərbaycanın səfiri kimi hiss edirdim.

– Hulusi bəy, sizcə, ortaq qərarlarımızı, birlik nümayişlərimizi hansı sahələrdə qərarlaşdırsaq doğru olar?

– İlk növbədə, ortaq qərarımızı bütün sahələrdə birləşdirməyimiz lazımdır. İqtisadi sahə olduqca önəmlidir. Hərbi sahədə birliyimiz mütləq vacibdir. Bu həm də dövlətin qarantına çevrilməli səviyyədə olmalıdır. Bu birlik həm də bütün türk dövlətlərinə aiddir. Türk Şurası çərçivəsində də bu işlər aparılmalıdır. Biz bu coğrafiyadakı xalqlara qarşı de­yilik. Müstəmləkə təfəkkürünə, işğalçılığa qarşıyıq. Sadəcə, Ermənistan dövləti regionda sülhün təmin olunmasına böyük əngəl törətdiyi üçün biz onlara qarşıyıq.