“Dünya məchulluq və qeyri-müəyyənliklə doludur” Müsahibə

“Dünya məchulluq və qeyri-müəyyənliklə doludur”

Hüseynağa Qəniyev:"Biz onlara çox vaxt təsadüf deyirik. Əslində isə təsadüf yoxdur"

"Onlar dərk edə bilmədiyimiz zərurətlər, taleyimizin gözə görünməyən "tikinti materiallarıdır""

Yeni ildə ilk müsahibim həmkarım, yazıçı-publisist, keçmiş millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin üzvü Hüseynağa Qəniyevdir. Hər zaman müsahibələrində fərqli məsələlərə toxunan Hüseynağa müəllim bu dəfə də verdiyim suallarla elmə baş vurdu.

-Siz tale haqqında nə düşünürsünüz?

-Bu çox çətin sualdır. Ona görə də dünyanın müdrik insanları, mütəfəkkirləri, filosofları sualın içərisinə girməyib onu fələkə, fələkin çarxınına fırlanmasına yönəldib üstündən keçibıər. Lakin hər şeyi bilməyə mübtəla insan daim özünə saysız-hesabsız suallar verərək cavab axtarıblar. Hesab edirəm ki, suala bumənalı cavab vermək, təbii daxili proseslərinı və xarici faktorlarını aydınlaşdırmaq mümükün olmamasına baxmayaraq, cavab verməyib ondan yan keçmək taleyimiz üçün məsuliyyətdən qaçmaq olardı. Fikrimcə, gen və onun kodları varsa, deməli, müəyyən mənada taleyin olmasına da inanmaq mümükündür. Həmin kodlar insan nəslinin arxeologiyası, təkamül nəticəsində yaranmış, saysız-hesabsız intellektual, fiziki, bioloji, psixoloji və digər xüsusiyyətlərinin daşıyıcısı, qoruyucusu və davamçısıdır. Bununla belə insan fərd olaraq cəmiyyətdən, təbiətdən, kainatdan təcrid olunmuş vəziyyətdə durmur. Onlarla əlaqədə, vəhdətdə və asılılıqda təkamülün ona bəxş etdiyi təbii imkanlarının potensialı ilə yaşayır. Yaşamaq isə uğrunda mübarizə tələb edir. O, yaşadığı, mübarizə apardığı mühitdən qidalanır, onunla nəfəs alır, son nəticədə zərurət və təsadüflərin, uğur və uğursuzluqların girovuna çevrilir. Yer kürəsi üçün üç istiqamətdən-üstündən, yəni ətraf mühitdən, təkindən və kosmosdan təhlükənin mövcud olduğu kimi, insanların başı üzərində də üç təhlükə Domokl qılıncı tək daim durmaqdadır-yaşadığı cəmiyyətdən, özünün fizioloji-bioloji varlığından və ağlından yaranan təhlükələr.
Beləliklə, insanlar üçün bir çox hallarda onlardan, daha dəqiq desək onların şəxsi iradəsindən asılı olmayan çox mürəkkəb münasibətlər sistemi zəruri şərtə çevrilir. Belə şəraitdə insanın xoşbəxtliyinə və ya bədbəxtliyinə onun genetik kodları etibarlı təminat verə bilmir. Güləşdə hər fəndin əks fəndini, təbabətdə hər dərdin dərmanını tapmaq mümkün olmadığl kimi, cəmiyyətdə də hər bəladan xilasın yolunu tapmaqda ən ağıllı, təcrübəli, müdrik, cəsur insanlar belə çətinlik çəkirlər. Bu, çox dərin, geniş miqyaslı, mürəkkəb müəmmalı məsələ olduğu üçün konkret, birmənalı cavabı və izahı yoxdur. Sadə bir misalla onu izah etmək daha yerinə düşərdi. Cəmiyyətdə və təbiətdə , hətta kainatda baş verən hər hansı qlobal xarakterli dönüş məqamları konkret fərdlərin, planetlərin, sistemlərin taleyinə təsirsiz ötüşmür. Təsəvvür edin ki, bircə diktatorun və ya rüşvətxor insanın hakimiyyətə gəlməsi neçə-neçə demokratın, təmiz və vicdanlı, rüşvətxor və vicdansız insanın taleyində necə əsaslı dönüş yarada bilər.
Dünya məchulluq və qeyri-müəyyənliklə, nəhs, bəd, xoş təzahürlərlə doludur. Biz onlara çox vaxt təsadüf deyirik. Əslində isə təsadüf yoxdur. Onlar dərk edə bilmədiyimiz zərurətlər, taleyimizin gözə görünməyən "tikinti materiallarıdır". Ziddiyyətlər isə gözlə görünən xırda səbəblərdən baş qaldırmır, onların kökü daha dərində gözlə görünməyən ən kiçik zərrəciklərin zərrələrinin təbiətindədir.

- Yoxsulluğa necə baxırsınız? Sizcə, onun genetika və irsiyyətlə əlaqəsi varmı?

- Bəri başdan deyim ki, bu məsələ də tale ilə əlaqədar olduğu üçün konkret və birmənalı cavabı yoxdur. Gəlin, zaman və məkan baxımından yaxına və uzağa , fizika, biologiya və sosial baxımdan hadisələrin, proseslərin görünən və görünməyən tərəflərinə, xarici və daxili xüsusiyyətlərinə nəzər salaq. Nə tarixdə, nə də fizika, biologiya və sosial sahədə əbədi, donuq, ideal sabitlik və statik vəziyyət yoxdur. Təkamülün imkanlarını isə sona qədər proqnozlaşdırmaq qeyri-mümkündür. Məkan olan yerdə zaman, zaman olan yerdə hərəkət, hərəkət olan yerdə ziddiyyət və dəyişiklik, ziddiyyət və dəyişiklik olan yerdə varlıq zəruridir. Bəxtiyar Vahabzadə demişkən:
Şam əgər yanmırsa, yaşamır demək,
Onun da həyatı yanmağındadır.

- Təbiətdə ideal kamillik varmı?

- Təbiətdə daimi kamillik və ideal balans olmadığı üçün əbədi qalib və məğlub da yoxdur. Ona daimi mübarizə və cari qaliblər və məğlublar lazımdır. Təbiətin varlıq forması olan bu əzəli və əbədi proses təbiətin məhsulu olan cəmiyyətdə də hökmranlıq edir. Təbiət və cəmiyyət yaranışına və dağılmasına, ümumiyyətlə təkamülə görə mükəmməl təkmilliyə yox, ona qovuşa bilmədiyindən əbədi qeyri-mükəmməlliyinin, belə demək mümkünsə ideal mükəmməllik uğrunda mübarizənin daimi uğursuzluqlarının nəticələrinə və natamamlığına minnətdardır. Varlanmağın təbiətində də ideal həqiqət yox, vəziyyət və şəraitə uyğun cari yalan və aldatma durur, kələk və hiylə isə onu daim müşayət edir. Ona görə də onlar öz oyunlarını oynayır, harama dominantlıq rolunu verir, qəbul edilmiş və edilməmiş qanunlardan yan keçməyə çalışır, lazım bildikdə mənafelərinə uyğunlaşdırır, xeyirlərinə dəyişirlər. Onlar nə istədiklərini bilir, bu məqsədlə zaman və məkana uyğun siyasi platformalarını durmadan təkmilləşdirməyə cəhd göstərir, siyasətə müstəqil düşüncə kateqoriyası kimi yox, ona iqtisadi səmərə qazanmağın vasitəsi və ctrategiyası kimi baxır, həyat və fəaliyyətlərində eqoizm və nəfsin fəallığına üstünlük veririlər.
Yoxsullar təbii, özəl struktura malik düşüncə kateqoriyalarından yan keçir, haqq, ədalət, bərabərlik, mənəviyyat, səbr, insaf , ictimai borc, qınaq, abır-həya, altruizm, xəcalət və s. törəmə duyğuları önə çəkirlər. Bu düşüncə kateqoriyalarının heç birinin konkret bütövlüyü, sabit quruluşu yoxdur, abstrakt anlayışlardır. Təbiilikdən, insanın əzəli təbiətindən uzaq, törəmə hislərdir. Altruizm, haqq-ədalət, eqoizm və nəfsdən xeyli cavan, təcrübəsiz və qeyri-təbiidir, cəmiyyətin böyük əksəriyyətinin əsil təbiətini ifadə etmir. Tarixin heç bir dövründə uğur və qələbə üçün yalnız ədalət, abır-həya və digər humanist duyğular kifayət etməyib. Milyonlarla insan, hətta bütöv xalqlar min illərlə yoxsulluğu nəsillərdən-nəsillərə ötürüblər. İnsanlar daim varlanmaq, yaxşı həyat haqqında düşünüb, qızıl axtarışına çıxaraq yeni ölkələr, qitələr kəşf ediblər. Bu məqsədlə onlar 3 min il əvvəl Misirə, 2 min əvvəl Romaya, 3 yüz il əvvəl Amerikaya, indi isə Çinə getməyə üstünlük verirlər. Bütün bunlara baxmayaraq, tarixən var-dövlət əldən-ələ keçib, kütləvi yoxsulluq yerində durub, varlılarla yoxsulların tarazlıq balansında dominantlıq edib.
15-16-cı əsrlərdən başlayaraq imtiyazlı, varlı feodallarla, imtiyazsız, yoxsullar arasında münasibət gərginləşdi və inqilaba çevrildi. Daha sonra hakimiyyət və sərvət imtiyazlı feodallardan alındı. Hakimiyyət və sərvət uğrunda qan töküb , inqilab edən insanların əvəzinə kapital azadlığa çıxdı. Quldarlıq dövrünün ağası quldar, feodalizm dövrünün ağası feodal idisə, kapitalizm dövrünün ağası kapital oldu. Bu cansız, duyğusuz, abırsız, həyasız müdhiş qüvvəni insanlıq qanunları ilə ram etmək xülyadan başqa bir şey deyildir. Ona görə də yoxsulluğun irsi olub, kimin üçünsə daimi va ya müvəqqəti olmamasına birmənalı cavab vermək olmur. Səməd Vurğun yaxşı deyib:
Cahanda hər hökmü bir zaman verir,
Dünən fərman verən bu gün can verir.
Varlıların uşaqlarının varlanmaq haqqında təcrübə məktəbi, genetik bünövrəsi varsa, yoxsulların sərt, çətin, təbii həyat məktəbi vardır. Bundan əlavə təkamül hər şeydən güclü görünsə də ideal təkmilləşməni sona çatdırmaqda acizdir. Genetika da əbədi deyil, dəyişir, yeniləşir, özünü inkara çevrilə bilir...

Müsahibənin davamını növbəti sayımızda oxuya bilərsiniz

Söhbətləşdi: Arzu Şirinova