Axıska türk folklorunda Vətən həsrəti Ədəbiyyat

Axıska türk folklorunda Vətən həsrəti

Türk Dünyasının ulu soylarından olan Axıska türklərinin taleyi yaşanan türk tarixinin ən faciəli və həm də mücadilələrlə zəngin səhifələrindəndir. Dünyanın cənnət guşələrindən sayılan Axıska-Çıldır torpaqları hələ əski çağlardan elə bu özəlliyinə görə bir çox qəsbkarların diqqətini cəlb edib. Axıskalıların taleyinə yazılan faciələrin meydana gəlişinin də məhz bu səbəbdən qaynaqlandığını düşünürük. Bu xalqı məhv etmək, yaxud da köçürmək, bunun müqabilində isə bu münbit torpaqlara sahib çıxmaq, əslində bu qəsbkarların başlıca amacı idi. Fəqət axıskalılar, yəni bu obada qərar tutmuş zəhmət adamları hər kimsənin qəlbinə toxunacaq qədər insanlığa zərər yetirməyib, nəinki onlar dönə-dönə məhv edilmək təhlükəsi ilə üz-üzə qalıblar. Bu bir həqiqətdir ki, "xəyanət"axıskalılar üçün tamamilə yad bir anlayışdır. Nə qonşuya, nə dosta, nə də ki çevrəsində olduqları millətlərə xəyanət edəcəklərini onlar heç vaxt zehinlərində belə tutmayıblar. Nə yazıqlar ki, aşırı humanist və unutqan olması dəfələrlə türk millətinə faciələr yaşadıb. Yerində ikən deyək ki, hazırda Qarabağ olayının da meydana gəlişini şərtləndirən ana səbəb bu türlü xarakterə malik olmamışdan qaynaqlanıb. Məsələyə fundamental yanaşsaq, istər Azərbaycan türkü olsun, istər axısqalı, istərsə də Türkiyə türkü-bütövlükdə türk millətinə qarşı yürüdülən siyasət hiylə və qəsd məramı etibarı ilə eyni kökənlidir.
Türk ellərinin qovuşuğunda, köç yollarının üzərində qərar tutmuş bu obada fərqli türk bölgələrinin bəzi özəllikləri olduqca maraq doğuracaq bir tərzdə təmərküzləşə bilib. Axıska mahalında ta qədimlərdən Anadolu və Qafqaz, Rumeli və Turan mədəniyyətləri çulğaşaraq, orijinal etnoqrafik səciyyə alıb. Bu oba gah uzaq İstanbul civarlarını bizə yansıtır, gah da Anadolu doğmalığı tək bizi ağuşuna alır.
"Araşdırmalar əsaslandırır ki, Axıska türkləri Türkiyə və Azərbaycan türkləri arasında keçid mövqedə duran özünəməxsus etnoqrafik qrupdur. Şərti olaraq götürsək, Borçalının Qarapapaq elatı tarix səhnəsinə osmanlılığa meyilli azəri türkləri kimi qədəm qoymuşdularsa, Axıska eli azərbaycanlılığa meyilli Osmanlı türkləri kimi burada mövqe alıb".
Qədim yurdlardan – ulu dağlardan, yaşıl meşələrdən, dibsiz dərələrdən qəfil və vəhşicəsinə qoparılmış axıskalıları amansız düşmən soyuq və yalquzaq səhralara səpələdi. Sürgün həyatı nə qədər ağır olsa da, bu, axiskalilarin milli ruhunu və mənliyini qıra bilmədi. Fəqət bütün bunlarsa axıskalıların poetik yaradıcılığında aydın və çox təsirli şəkildə təzahürünü tapa bildi. "Axıska türklərinin qəriblik ovqatını, dərdini, ümid və arzularını onların folkloru olduqca gözəl ifadə edib. Bu anlamda, nadir istedadlı müğənni Müdirin türkülərinin birində belə deyilir:

Nerdə qaldı o Zediban dərəsi?
Eşidilməz suların şər-şərəsi.
Yeşil, gözəl Azqurumun meşəsi,
Gəl dönəlim o yerlərə, arkadaş!..."

Axıska türk folkloru çox zəngin tutuma malikdir. "Sürgün, ayrılıq və əzablar içində bu zəngin xəzinənin necə qorunduğu adamı heyrətləndirir. Birmənalı şəkildə söyləmək olar ki, bunu yalnız türk ruhunun ölməzliyi və böyüklüyü fonunda anlamaq mümkündür". Axıska türk folkoru janr baxımından çox çeşidlidir. Bunlardan müdrik kəlamlar, qədim dualar, deyimlər, türkülər, qoşmalar, nağıllar, rəvayətlər, dastanlar burada geniş yer tutur. Özəlliklə, manilər (bayatılar) bu folklorda daha üstün mövqeydə duran və çox da yayğın bir janrdır. Mövzu baxımından da manilər digər halda olduqca çeşidlidir. Türk şeirinin ilkin nümunələrindən sayılan manilər (bayatılar) bir çox məqamlarda bu şeirin arxetipi kimi də dəyərləndirilir. Təşəkkül tapdığı etno-mədəni sistemə münasibətdə sözlü ənənəmizdə elə bir janr müqayisəyə gəlməz ki, etnosun həyatına, davranışına, bir sözlə, mənəviyyatına mani misalında nüfuz edə bilsin. O anlamda, ictimai-siyasi gələnəyimizin çox az-az tapılan olayı ola bilər ki, manidə ona münasibət bildirilməsin. Heyrətamizdir ki, söz ucalıqda dünyamızın elə bir əlçatmaz zirvəsi qalmayıb ki, burada fəth olunmasın. Amma təəccüb doğuracaq odur ki, çox fazla məsələlər, həm də poetik dolğunluqda bu yığcam ölçüdə ifadəsini tapa bilib. Bu minvalla, diqqətdən keçirdikcə, insanlığın bu miniatür söz sənətinə duyğusal münasibətini daha dərindən anlamağa başlayır və bu münasibətə adekvat münasibət bildirməyə can atırsan. "Son dərəcə sadə, yığcam, az sözlə dərin poetik məna ifadə etmək bayatılara (manilərə - A.Ə.) xas olan xüsusiyyətlər¬dəndir. Bəzən dörd misrada elə dərin məna siqləti olur ki, "...kitablara sığmayan ağıl və hiss" qarşısında adam heyran qalır".
Ümumiyyətlə, manilər əksər türk xalqlarının folklorunda geniş yayılmış bir janrdır. Məsələn, Azərbaycanda bayatı adı ilə məşhur olan bu janr İraq Türkmanlarında, yəni Kərkük folklorunda xoyrat, Axıska folklorunda mani qismində yer alıb. Maraqlıdır ki, Azərbaycanda bu konuda ortaya çıxan ilk kitab da (1926) "Manilər" adı altında basılıb. Bu da ona əsaslandırır ki, türk xalqları ortaq bir mədəniyyətə, ədəbiyyata sahibdirlər (Qeyd üçün deyək ki, Azərbaycanda manilərin arasdırılmasına XIXəsrin sonlarından baslanılıb).
Artıq qeyd etdik ki, manilərin daha bir səciyyəvi üstünlüyü saysız-hesabsız mövzularda aşkarlanmasıdır. Buna rəğmən, Vətən mövzusu mani söyləmələrində daha öncül mövqedə olub. Maraqlıdır ki, nə qədər ənənəvi olsa da, zamanca Vətən, Torpaq möv¬zusu mə¬nəvi yaradıcılıq sferalarında yeni bir mündəri¬cə¬də gündəmə gəlir, problem həmişəkindən aktual görünür. Ötəri nəzər salsaq görərik ki, istər öncə, istərsə də sonrakı dönəmlərlə ilişkili yaradılan Axıska manilərinin də böyük bir qismi bu konudadır. Digər mövzularda "çağırılmış mani"lərsə, sanki ideyaca bu ruha qovuşuq halındadır. Əslində bütün fərdi hiss və duyğular bu sevgi ilə yoğurulduqdan sonra dolğun poetik məqama çevrilə bilir. Elə ona görə də manilərdə vətənə olan məhəbbət anaya, bacıya, qardaşa, sevgi¬liyə, bir sözlə, insanlığa olan məhəbbətdən ülvi və yüksəkdə tutulub. Bu Vətən heç də mücərrəd parametrlərdə təsəvvür olunmayıb, o anlamda ki, burada onun sərhədləri dəqiq işarələnib. Manilərdən bir neçəsini misal gətirək:

Bu dağların ardı var,
Könlümün muradı var.
Gözlərindən anladım,
Orda vətən dərdi var.

Araşdırmalar göstərir ki, vətən sevgisi Axıska insanına hələ manilərə qədər nənnilər(laylalar) vasitəsi ilə asılanıb. Belə ki, bu insan hələ cocuk ikən besiyinin başında anasının ona çaldığı nənnidən bu sevgini duymuş, vətənin varlığı haqda hər hansı bilgi məhz bu vasitə ilə onun yaddaşına ötürülüb. Bu anlamda, nənnilər vətən, torpaq, ana və s. doğmalığı hiss elətdirən anlayışları ilk olaraq türk insanına aşıladan mühüm poetik vasitədir. Hər gün bu sevda ilə uyuyan cocuk artıq bir zaman bu sevdanın cazibəsinə düşür və həyatının sonunadək nə bu sevda ondan ayrılmır, nə də ki, o,bu cazibədən çıxa bilmir. Çünki cocuk, artıq ruhən bu doğmalığa bağlı olur. Qısası, manilərdə təbliğ olunan sevgi əslində ideyasını, gücünü beşik nənnilərindən alır. Bir Axıska nənnisini misal gətirək:

Nənni dedim yuxlasın.
Gül götürem koklasın.
Dostlara arxa olsun.
Düşmənləri oxlasın.

Diqqət çəksək, nənnidə çox önəmli məsələyə toxunulduğunu göz önünə ala bilirik. Belə ki, dostunu düşmənindən ayird etsin deyə, hələ tövsiyyələr nənnilərdən cocuğa asılanmağa başlanır. Bu konuya yaklaşan bir azeri-türk nənnisinə diqqət çəkək:

Allah bu bala xandı, xandı
Baxcada quş qovandı,
Mirsi qılınc belə bağlı,
Vurmağa pəhləvandı.

Şübhəsiz, söylənilənlər həm də informativ xarakterlidir və cocuğun tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir. O anlamda ki, cocuk yaşa dolduqca ona təlqin olunanları anlamağa çalışacaq, anlaya bilmədiklərinə dair isə anasına (yaxud da atasına) suallar verəcək. Məsələn soruşduqda, o, misri qılınc, ox-kaman kimi silah növlərini dərk edəcək, Koroğlu kimi xalq qəhrəmanlarını tanımağa baslayacaq. Buradan işarə almaq olur ki, cocuk artıq həyatının ikinci, yəni növbəti mərhələsinə keçid edib.
Qeyd olunduğu kimi, müraciət obyektindən (oğlan və ya qız uşağına deyilməsindən) asılı olaraq, nənnilərdə verilən məzmun və bilgi dəyişilə bilir. Belə keçidlənmələr əhəmiyyət daşıyır və bunlar yaş, cins və.s psixoloji durumlarına görə uşaqlara tətbiq olunurdu. Maraqlıdır ki, bu proses özlüyündə iki şərti təmin etmiş olurdu. Bilgilərin cinsinə görə cocuklara paylaşdırılmasından savayı, həm də bu proses növbəti mərhələyə hazırlığı üçün bir növ cocuğu yetkinləşdirirdi. Əlbəttə, manilər istər məzmun, istərsə də, poetik baxımından daha dolğun bir janrdır. Çünki artıq manidə insan həyatının yetkin dövrünə aid məsələlər canlanırdı və manidə irəli sürülən ideya insanı vətənə, torpağa daha möhkəm bağlayırdı. Qısası, nənni ilə bizə aşılanan vətən, torpaq sevgisi dünyamızı dəyişənədək manilərdə bizi müşayiət edir. Məşhur deyimdəki kimi, "beşiyinin başında nənni çalındı, məzarının başında mani oxundu" (bizdə buna ağı deyərlər).
Bir sözlə, türk insanının xarakterini örgənmək istəyən onun manilərinə müraciət etsin. Hər mani bir halın (əhvalın) təfsiridir. Burada türkün yaşam tərzi, mədəniyyəti, ədəbiyyatı, həyata baxışı, fəlsəfəsi, özəlliklə də, mənəviyyatı doğal şəkildə ifadəsini tapıb. Azərbaycan türklərində belə bir deyim var: "Bir bayatı haqqında həcmcə ondan böyük əsər yaratmaq olar".
Sonuc olaraq deyə bilərik ki, türk maniləri (bayatıları) dünya söz sənətinin nadir incilərindəndir. "Məzmun və bədii siqləti son dərəcə dərin olan manilərdə ani insani hisslər və əbədi fəlsəfi məsələlər çulğaşa bilir. Bu anlamda, manilər həyatın hər dolayında(yəni doğulduqdan ölənədək - A.Ə.) insanı müşaiyət edir – məhəbbət də, kədər də, sevinc də öz ifadəsini manilərdə tapa bilir". Axıska manilərinin də böyük əksəriyyəti məhz belə duyğuları bizə aşılayır. "Vətən dərdi, yurd dərdi, qəriblik, həsrət, nakam sevgi, eyni zamanda gələcəyə inam, qürur, ləyaqət - bu manilərin əsas motivlərini təşkil edir".

Atəş Əhmədli
filologiya üzrə fəlsəfə doktoru