Azərbaycan 10 ayda meyvə-tərəvəz ixracından 700 mln. dollara yaxın gəlir əldə edib İqtisadiyyat

Azərbaycan 10 ayda meyvə-tərəvəz ixracından 700 mln. dollara yaxın gəlir əldə edib

2025-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 695 milyon 474.5 min ABŞ dolları dəyərində 660.5 min ton meyvə-tərəvəz ixrac edilib.

“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 30% və ya 160.5 milyon dollar, həcmi isə 28.1% və ya 144.8 min ton artıb. 2024-cü ilin ilk 10 ayında Azərbaycan 535 milyon ABŞ dolları dəyərində 515.7 min ton meyvə-tərəvəz ixrac edib.

Qeyd edək ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 159.8 milyon dollar dəyərində pomidor (146.4 min ton),124.5 milyon dollar dəyərində meşə fındığı (15.4 min ton), 66.9 milyon dollar dəyərində xurma (91.9 min ton), 57.4 milyon dollar dəyərində alma (81.8 min ton ), 28.2 milyon dollar dəyərində kartof (70.9 min ton), 20.5milyon dollar dəyərində nar ( 21.4 min ton) olub.

Xatırladaq ki, cari ilin yanvar-oktyabr aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 3.21%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 23.28%-ə bərabər olub.