Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən yeni layihə Ədəbiyyat

Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən yeni layihə

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əsas vəzifəsi ziyarətçilərini Azərbaycanın zəngin ədəbi irsi ilə tanış etmək, Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərini və nümayəndələrini tədqiq və təbliğ etməkdən ibarətdir. Bir xalqın ədəbiyyatını bir “bütün” şəklində əks etdirən yeganə ədəbiyyat muzeyi hesab edilən bu müqəddəs söz sarayı artıq 80 ildir ki, Azərbaycan xalqının qədim mədəniyyətinin, zəngin ədəbi irsinin təbliğatçısı olmaq kimi şərəfli missiyanı həyata keçirir. Lakin yeni növ koronavirusun (COVID-19) yayılmasının dünyada pandemiya elan olunması və Azərbaycanın da bu təsirdən kənarda qalmaması səbəbindən ölkədə elan edilən xüsusi karantin rejimi şəraitində muzeyin əməkdaşları ölkə Prezidentinin və AMEA rəhbərliyinin sərəncamlarına riayət etməklə elmi fəaliyyətlərini məsafədən davam etdirirlər.
Uzun illər həftənin yeddi günü sıralarında görkəmli dövlət xadimləri, alimlər, ziyalılar, tələbələr, məktəblilər olan yerli və xarici qonaqlarla dolub-daşan Nizami Muzeyi artıq bir müddətdir ki, tamaşaçı qəbul edə bilmir. Muzeylə tanış olmaq istəyənlər üçün rəhbərlik yeni layihəyə başlamağı qərara alıb. “Nizami muzeyində sizinlə” adlı layihə çərçivəsində mütəmadi olaraq bu qurumda keçirilmiş ədəbi-mədəni tədbirlərin videoyazıları, seçmə qısa videoparçaları və fotolar təqdim ediləcək, muzeyin “Rəylər kitabı”ndan maraqlı nümunələr diqqətə çatdırılacaq.
Eyni zamanda, muzeyin bələdçiləri ekspozisiya zalları üzrə qısa izahatlar aparacaq, dəyərli eksponatlar haqqında məlumatlar verəcəklər. Muzeyin bir neçə dildə izahat aparan bələdçiləri “qiyabi” tamaşaçılarını “Dörd fəsil” xalçası, III-VII əsrlərə aid Qrifon, “Kitabi-Dədə Qorqud” dastanından parçaları əks etdirən xəttatlıq nümunələri, Məhsəti Gəncəviyə həsr olunmuş “Məhsəti və Əmir Əhməd” dastanından əlyazma fraqmentləri, Xaqani Şirvani və Nizami Gəncəvi “Divan”larının daşbasma üsulu ilə çap edilmiş nüsxələri, İmadəddin Nəsiminin qəzəllərinə bəstələnmiş not vərəqləri, Məhəmməd Füzulinin əsərlərinə çəkilmiş illüstrasiyalar, Pənahəli xana məxsus “Gülləbatmaz” köynək, XIX-XX əsrlərdə yaşayıb-yaratmış şair və yazıçılarımızın şəxsi əşyaları və s. qiymətli eksponatlarla bir neçə dildə virtual olaraq tanış edəcəklər. Arzu edən vətəndaşlar muzeyin rəsmi saytını və sosial şəbəkələrdə rəsmi səhifələrini izləyə bilərlər. Nizami Muzeyi tezliklə yenidən qapılarını sevimli qonaqlarının üzünə açacağına, görkəmli şəxsiyyətlərin evinə çevrilmiş məkanda canlı olaraq daha dolğun təqdimatlar keçirəcəyinə ümid edir.