Tiflisdə Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının görüşü gözlənilir Siyasət

Tiflisdə Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının görüşü gözlənilir

Bu ilin noyabr ayında Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Tiflisdə görüşü gözlənilir. Bunu Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deyib.
Onun sözlərinə görə, görüşdə regional əməkdaşlıqla bağlı məsələlər müzakirə olunacaq: "İlk növbədə regional əməkdaşlığa siyasi və iqtisadi kontekstdə nəzər yetiriləcək".
Teymuraz Şaraşenidze Qafqazdakı münaqişələrin yalnız dinc yolla həllini gördüyünü bildirib.
Səfirin sözlərinə görə, Cənubi Qafqaz kimi kiçik bir ərazidə yenidən qan tökülməsi mənfi nəticələrə səbəb ola bilər: "Cənubi Qafqaz kimi kiçik bir ərazidə münaqişələrin yenidən alovlanması hazırda üzərimizdə hiss etdiyimiz kimi acı nəticələrə gətirib çıxara bilər. Ona görə də münaqişələrin sülh yolla tənzimlənməsi bu gün görülə biləcək ən yaxı işdir".
Teymuraz Şaraşenidze "Gürcüstan-Azərbaycan sərhədlərinin delimilitasiyası və demarkasiyası ilə bağlı məsələyə də toxunub və qeyd edib ki, bununla bağlı komissiyanın sonuncu iclası bu ilin iyununda keçirilib.
Səfirin sözlərinə görə, Azərbaycan tərəfindən komissiyanın rəhbəri, xarici işlər nazirinin müavini Xələf Xələfov, Gürcüstan tərəfindən isə David Calaqaniya arasında görüş keçirilib: "Konturlar müəyyənləşdirilib, proses davam edir".
Diplomat mübahisəli Keşikçi dağı məsələsinə də baxıldığını qeyd edib.
Qax keşişinin Azərbaycan vətəndaşı olmadığı üçün Azərbaycana buraxılmamasına da münasibət bildirən səfir qeyd edib ki, Gürcüstan patriarxlığının nümayəndələri bu məsələ ilə əlaqədar Azərbaycana gəliblər: "Onlar Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vəQafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə ilə görüşüblər. Məsələ Azərbaycan qanunvericiliyi çərçivəsində həll olunur. Azərbaycan qanunlarına görə, bütün dini rəhbərlər Azərbaycan vətəndaşı olmalıdırlar. Müəyyən müddət bəzi güzəştlər edilib, lakin bu, uzun müddət belə davam edə biməz. Azərbaycan vətəndaşı olan nümayəndələrini müəyyənləşdirəcəklər, işlər də qaydasında davam edəcək".
Səfir Cənubi Osetiya sözlərinin yazıldığı lövhənin Gürcüstanın nəzarətində olan əraziyə doğru irəli çəkilməsi və Bakı-Supsa boru xəttinin bir hissəsinin işğal altında olan əraziyə düşməsi məsələsinə də münasibət bildirib: "Bannerin yerini dəyişmək və onu geri qaytarmaq olar. Bildiyimə görə, onu geri qaytarıblar. Bu təxribatı törədənlər Gürcüstan-Azərbaycan dostluğuna maneə olmağa çalışırlar. Ümid edirik ki, bu niyyət baş tutmayacaq. Biz çalışırıq ki, Bakı-Supsa kəməri həmişə Gürcüstanın nəzarətində olan ərazidən keçsin".