Azərbaycanın şansları artır Siyasət

Azərbaycanın şansları artır

Əli Məsimli: "Qərb Azərbaycanın təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin edilməsində fikirdə, sözdə və işdə o cür fəal iştirak etməlidir"

Martın 26-da ABŞ-Aİ zirvə görüşündən sonra keçirilən birgə mətbuat konfransında Avropa Komissiyasının prezidenti Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyi üçün əhəmiyyətindən danışıb. Joze Manuel Barrozu bildirib: "Enerji təhlükəsizliyimizi təmin etmək və Rusiyadan enerji baxımından asılılığımızı azaltmaq üçün "Cənub Qaz Dəhlizi" vasitəsi ilə biz ilk dəfədir ki Şərqdən, ancaq Rusiyadan deyil, Azərbaycandan qaz alacağıq.
Avropa Komissiyasının prezidentinin fikirlərini BayMedia-ya şərh edən Azərbaycan parlamentinin üzvü, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli "Şahdəniz-2 layihəsinin işə düşməsi məhz Avropa bazarının qaza olan tələbatının ödənilməsində Azərbaycanın rolunun artmasına xidmət edəcəyini bildirib.
"Amma Azərbaycanın Avropa bazarına çıxarmaq istədiyi qazın həcmi Rusiya ilə müqayisədə az olduğundan, Rusiya çətinliklə də olsa, indiyəcən bunu həzm edə bilib. Krım böhranından sonra "Cənub Axının" reallaşdırılması sual altına düşür və Azərbaycanın şansları artır. Ona görə də nəzəri cəhətdən Rusiyanın Azərbaycana maneə yaratmaq imkanları olsa da, realda bunu etmə ehtimalı azdır. Çünki Azərbaycan layihəsində ABŞ qarışıq Qərb, həm də Türkiyə çox maraqlıdır. Burada əsas məsələnin başqa çox zəruri bir tərəfinin mahiyyəti bundan ibarətdir ki, Azərbaycan Avropanın bir nömrəli məsələsi olan enerji təhlükəsizliyində neçə iştirak edirsə, Qərb də Azərbaycanın təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin edilməsində fikirdə, sözdə və işdə o cür fəal iştirak etməlidir", -deyən millət vəkili bundan sonra Rusiyanın Azərbaycana qarşı təzyiqləri ola bilərmi sualına belə cavab verib.
"Yaxın dövr üçün ABŞ və Qərb Rusiyanı sıxdıqca, Rusiya da postsovet məkanına aid ölkələri sıxmağa başlayacaq, amma son nəticədə Rusiyanın bu davranışları özü üçün faciəvi sonluqla tamamlanacaq".
"Avropa və Amerika dövlətləri siyasi məsələlərdə müttəfiq olsalar da ticarət sahəsinfə daimi rəqibdirlər. Ağ Ev Rusiya qazının Avropaya ixracından dərin narahat idi".
Bu sözləri isə İsveçrə-Azərbaycan Ticarət Təşkilatının sədri, politoloq Elxan Həsənli Avropanın Azərbaycan qaz almasını şərh edərkən bildirib.
"Amerikalıların narahatlığına baxmayaraq, Avropa dövlətləri Rusiyadan qaz almaqda davam edirdilər. Çünki Rusiya qazı digərlərinı nisbətən ucuz satırdı. Avropa qaz ehtiyacının 23,9 faizini Rusiyadan alır. İldən-ilə də bu rəqəm artır.
Krım hadisələrindən sonra AB və Amerika arasındakı ticari rəqabət arxa plana keçib. Son Brüssel sammitində Avropa Birliyi ilə ABŞ arasındakı ticari anlaşılmazlar həll olundu. Prezident Obama səviyyəsində elan oldu ki, Avropanın qaz ehtiyacını Amerika ödəyəcək. Bu vəziyyət göstərir ki, Rusiya ticarət savaşını Amerikalılara uduzub.
Barrozanın Azərbaycandan qaz alınmasıyla bağlı fikirləri isə düzgün izah olunmayıb. Azərbaycan Rusiyanı əvəz edəcək enerji resurslarına malik deyil. Biz Rusiyanın payının bir hissəsini ödəyə bilərik. Bunu ruslar da bilir. Bu üzdən Azərbaycana təzyiqlərin artacağını güman etmək olar. Əsasən də Qarabağ məsələsinin həllində Rusiya tərəfi Ermənistanı müdafiə etməkdə, gücləndirməkdə davam edəcək.
Rusiyada yaşayan azərbaycanlıların sıxışdırılması məsələsi artıq təzyiq kimi öz qüvvəsini itirib. Çünki artıq Rusiyada qaçaq yaşamaq demək olar ki, mümkün deyil. Hər bir əcnəbi miqrasiya qanunlarına uyğun yaşayır. Ancaq Rusiya və Azərbaycan hökumətləri arasındakı yaxınlıq bu təzyiqlərin şiddətini azalda bilər".

Elnur Eltürk