“Rusiya Xəzərdəki üstünlüyünü nümayiş etdirir” Siyasət

“Rusiya Xəzərdəki üstünlüyünü nümayiş etdirir”

Cavid


"Rusiya gəmilərinin tez-tez Bakı limanına gəlmələri ABŞ-a verilən siyasi mesajdır"
Belə bir fikirlə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu çıxış edib. E. Şahinoğlu bildirib ki, Rusiya Xəzər dənizindəki hərbi üstünlüyü hər vasitə ilə göstərməyə çalışır, bunu Kremlin son 3 addımı da sübut edir: "Birinci addım. Kremlin təşəbbüsü ilə sahil ölkələrindən Rusiya, Qazaxıstan və Azərbaycanın hərbi dəniz donanmaları Xəzər dənizində hərbi yarışlar keçirdilər. Yarışların məqsədi Xəzər sahili ölkələrlə hərbi əməkdaşlığı genişləndirmək idi. İkinci addım. Rusiyanın Hərbi Dəniz Qüvvələrinin komandanı Viktor Çirkov deyib ki, bu ilin sonuna qədər Xəzəryanı dövlətlərin Hərbi Dəniz Donanması və Hərbi Dəniz Qüvvələri komandanları komitəsi yaratmaq barədə müzakirələr aparılacaq. Rusiya bu məqsədlə Azərbaycan, Qazaxıstan və İranla məsləhətləşmələrə 2015-ci ilin iyulundan başlayıb.Üçüncü addım. Rusiya hərbi gəmiləri növbəti dəfə Bakıdakı limanda lövbər salıblar. Bunlar "Maxaçqala" və "Volqodonsk" kiçik artilleriya hərbi gəmiləri və "Anatoloiy Qujvin" kiçik hidroqrafik gəmisidir. Rusiya hərbi gəmilərinin tez-tez Bakı dəniz limanına gəlmələri siyasi mesaj xarakteri daşıyır. Bu dəfə hidroqrafik gəminin Azərbaycana gəlməsi sual doğurur. Çünki hidroqrafik gəmilər adətən kəşfiyyatla məşğuldur. Rusiya bu addımlarını Xəzər sahili ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədi ilə atdığını bəyan edir. Buna baxmayaraq, Kremlin iki məqsədi var. Birincisi, Kreml ABŞ-a mesaj göndərir ki, Pentaqon Xəzər hövzəsində hərbi fəallıq haqqında düşünməsin, burada Rusiyanın hərbi hegemonluğunu qəbul etsin. Kremlin ikinci məqsədi isə odur ki, əməkdaşlıq etdiyi Xəzər sahili ölkələrin özləri Qərbin hərbi strukturları ilə əməkdaşlıqdan çəkinsinlər. Çünki Azərbaycan və Qazaxıstan ABŞ-la müxtəlif istiqamətlərdə hərbi əməkdaşlıqlarını davam etdirirlər, bu isə Kremlin xoşuna gəlmir. Azərbaycan Rusiyadan silah alır, Xəzərdə birgə hərbi təlimlərdə iştirak edir. Ancaq rəsmi Bakı eyni zamanda Rusiyanın müdafiə sistemindən ehtiyat edir. Çünki Rusiya Azərbaycan torpaqlarını işğala məruz qoyan Ermənistana silah verməkdə davam edir, bu məqsədlə hətta İrəvana 200 milyon dollar kredit verib. Rusiya ordusu Cənubi Osetiya üzərindən Bakı-Supsa neft kəmərinin bir hissəsi üzərində nəzarəti ələ keçirib. Bu da Bakıya mesajdır. Digər tərəfdən Rusiya Türkmənistan qazının Xəzərin dibi ilə Azərbaycan üzərindən Avropaya daşınmasını da əngəlləyir. Bu isə Türkmənistan və Azərbaycanın maraqlarına cavab vermir. Bu səbəblərə görə də regional təhlükəsizlik və boru xətlərinin qorunması məsələsində Azərbaycan ABŞ və NATO ilə əməkdaşlığa üstünlük vermək məcburiyyətindədir".