“İrəvan nə qədər həyasızlıq etsə də...” Siyasət

“İrəvan nə qədər həyasızlıq  etsə də...”

Musa Qasımlı: "Azərbaycan bir qarış torpağının belə Ermənistanın işğalı altında qalması ilə barışmayacaq"

"Serj Sarkisyan və Venesiya Komissiyası arasında konstitusiya islahatı ilə bağlı keçirilən görüş Ermənistanın həyasızlığını göstərir". Bu sözləri millət vəkili, professor Musa Qasımlı açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistanın bu cür addım atması onun avantürasını nümüyaiş etdirmiş oldu: "Hər şeydən əvvəl, Azərbaycan Respublikası beynəlxalq təşkilatlara, o cümlədən Venesiya Komissiyası ölkələrinin də daxil olduğu BMT və ATƏT-ə (1994-cü il Budapeşt zirvə görüşünədək ATƏM) 1991-ci il sərhədlərində, yəni tərkibində Dağlıq Qarabağ regionu da olmaqla üzv qəbul edilib. Bu məsələyə həmin ölkələr də səs veriblər. Azərbaycanın sərhədləri və ərazi bütövlüyü dünya birliyi tərəfindən tanınıb. O ki qaldı Mehrinin Dağlıq Qarabağ regionu ilə dəyişdirilməsi məsələsinə bu məsələ yeni bir şey deyildir. Bu barədə mülahizələr hələ 90-cı illərin ortalarında dünyanın bəzi siyasətçiləri və siyasi şərhçiləri tərəfindən söylənilmişdi. Hətta 2001-ci ilin aprelində ABŞ-ın Florida ştatının Ki Vest şəhərində Vaşinqtonun təşəbbüsü, ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşdə də gündəliyə gətirilmişdi. Lakin Ermənistan ondan imtina etmişdi. Çünki belə olduqda Azərbaycan bir parçası olan Naxçıvan ilə birbaşa quru əlaqəsi əldə edir, Ermənistan isə İran ilə sərhədini itirir, Azərbaycan, Türkiyə və Gürcüstanın arasında bir ərazi olurdu. İrəvan nə qədər həyasızlıq etsə də, Azərbaycan tərəfi bir qarış torpağının belə Ermənistanın işğalı altında qalması ilə barışmayacaq, onu qəbul etməyəcək və təcavüzkarlar layiq olduğu cavabı alacaqlar".