“Sarkisyan müstəqil ölkənin prezidenti olmadığı kimi...” Siyasət

“Sarkisyan müstəqil ölkənin prezidenti olmadığı kimi...”

Elman Nəsirli: "Müstəqil siyasət də yürütmək bacarığında deyil"


"Ermənistanda konstitusiya islahatı həyata keçirməklə bağlı təşəbbüslərə başlanılıb. Konstitusiya islahatının mahiyyəti isə əslində Sarkisyan rejimini qoruyub saxlamaqdan ibarətdir". Bu sözləri açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli deyib.
Onun sözlərinə görə, Sarkisyan rejimi konstitusiyada dəyişiklik etmək bəhanəsi ilə ölkənin bütün güc strukturlarına öz adamlarını gətirmək niyyətindədir: "Sarkisyan müstəqil ölkənin prezidenti olmadığı kimi, müstəqil siyasət də yürütmək bacarığında deyil. Məlum olduğu kimi, Ermənistan siyasi sistem baxımından prezidentli respublikadır və Ermənistan prezidenti Sarkisyan öz hakimiyyətini qoruyub saxlamaq üçün ölkəni konstitusiya islahatı vasitəsilə parlamentli respublikaya çevirmək istəyir. Sarkisyan bəyan edir ki, parlamentli respublikada nə prezident, nə də baş nazir olmaq fikri yoxdur. Amma erməni siyasətçiləri qeyd edir ki, Sarkisyan spiker olub -olmayacağı haqqında heçnə demir. Parlamentli respublikada spikerin çox geniş səlahiyyətlərinin olması haqqında artıq müəyyən fikirlər səsləndirilir, yəni konstitusiya layihəsində məsələ belə qoyulub. Nəticə etibarilə, Sarkisyan ona nail olmaq istəyir ki, konstitusiya islahatları həyata keçirib ölkəni parlamentli respublika etsin və nəticədə prezidenti xalq deyil, parlament seçsin. Parlamentdə isə saxta seçkilər vasitəsilə hakimiyyəti əldə saxlasın. Yəni, onun partiyası parlamentdə yüksək əksəriyyət təşkil etməklə prezidenti seçsin. Bu zaman prezident Sarkisyanın adamı olur. Əgər özünün də dediyi kimi baş nazir olmaq istəmirsə, o zaman baş naziri də özünə sərfəli adamı seçərək müəyyənləşdirir. Sarkisyan bununla da Parlamentdəki üstünlükdən istifadə edərək spiker ola bilər. Hətta özü spiker olmasa belə, hakim partiyanın rəhbəri olaraq öz adamlarını vəzifələrə qoymaqla idarəçiliyi kənardanda da olsa özü idarə edəcək".
Elman Nəsirli onu da vurğulayıb ki, Ermənistanda Sarkisyana heç kim inanmır: "Ölkə iqtisadiyyatının acınacaqlı vəziyyəti isə xalqın getdikcə daha böyük etirazına səbəb olur. Sarkisyanın baş nazir olma iddiasını erməni müxalifəti çox zaman vurğulayır və qeyd edirlər ki, Sarkisyana inanmaq olmaz. Çünki o, 3 il müddətində Avropa İttifaqı ilə assosiativ saziş imzalayacağı ilə bağlı danışıqlar apardı və onları əmin etdi ki, saziş imzalayacaq, hətta bununla bağlı son mərhələdə təbriklər də alırdı. Amma bir gecədə qərarını dəyişdi. Sarkisyan 3 illik danışıqların üstündən bir gecədə xətt çəkdi. Bu insan azad, müstəqil bir dövlətin prezidenti deyil ki, sərbəst qərar qəbul etsin. Ona görə də, onun sözünə inanmaq olmaz, bu erməni müxalifətinin də mövqeyidir. Belə olan təqdirdə Sarkisyan baş nazir olmayacağını desə də, onun baş nazir iştahasının olduğu da heç kəsə sirr deyil. Belə olan halda Ermənistanda hakimiyyətin mahiyyəti dəyişmir, məzmun dəyişikliyi də olmur. Beləliklə də Sarkisyan hakimiyyətini uzatmış olur. Xalq və erməni müxalifəti bunu çox gözəl dərk etdiyindən Ermənistanda etiraz dalğasının artıq getdikcə yeni mərhələsi formalaşmaqdadır. Bu mərhələni gücləndirən amillər sırasında Ermənistanda iqtisadi durumun daha da pisləşməsi və xüsusilə dramın kəskin şəkildə ucuzlaşması əsas təsir edən amillər sırasındadır".