“Avropadakı ermənilərin özləri və onların havadarları böyük bir struktur yaradıblar” Siyasət

“Avropadakı ermənilərin özləri və onların havadarları böyük bir struktur yaradıblar”

Mübariz Əhmədoğlu: "Azərbaycanda öz adamlarını şüurlu sürətdə qızışdırıb ortalığa atdılar"

"Avropadakı ermənilərin özləri və onların havadarları böyük bir struktur yaradıblar ki, Azərbaycanda insan hüquqları və demokratiya məsələsini qabartsınlar. Azərbaycanda insan hüquqları və demokratiya sahəsində baş verən pozuntular çoxsaylı deyil və onları qane etmir. Ona görə də onlar Azərbaycanda öz adamlarını şüurlu sürətdə qızışdırıb ortalığa atdılar ki, demokratiya və insan hüquqlarının pozulması sahəsində faktlar yaratsınlar". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Avropa Parlamentinin Azərbaycanla bağlı sərgilədiyi qərəzli qətnaməyə münasibət bildirərkən deyib.
Mərkəz sədrinin sözlərinə görə, AP-nin əksər adamları bilərəkdən qanun pozuntusuna gedir: "Tutaq ki, Xədicə İsmayılovanın hansısa yazı yazmasının əleyhinə deyil. X.İsmayılova yazısını yazdı və getdi. Amma sonradan onlar vadar etdilər ki, bu yazı ətrafında hər gün danışılsın. Bu artıq bir kampaniyadır. O cümlədən oxşar vəziyyət eynilə Leyla Yunusla da bağlı idi. Onlar L.Yunusa dəstək verdilər və sonda onu başa saldılar ki, sən ilk Avropa Oyunlarının boykot məsələsini gündəliyə gətir. Axı bunun insan hüquqları, demokratiya məsələsinə nə aidiyyatı var? Yəni ki ermənilər və onların Avropadakı havadarları süni sürətdə Azərbaycanda insan hüquqlarının pozulması hallarını yaratdılar və onu da qeydə aldılar. Sonda Avropa Parlamenti də bu və ya digər formada Azərbaycana qarşı sənədlər qəbul etdi".
M.Əhmədoğlu əlavə edib ki, AP ermənilərin yuvasıdır: "Biz bunu bilməliyik. AP 1988-ci ildən başlayaraq daimi olaraq Dağlıq Qarabağ məsələsində ermənilərin mövqeyini müdafiə edir. İndi ermənilərin Qarabağ məsələsində mövqeləri geriləyir. ABŞ Dövlət Departamentinin son bəyanatı göstərdi ki, Amerika yenidən Azərbaycana tərəf yaxınlaşıb. Onlar bunu bilirdilər və ona görə də AP tərəfdən Azərbaycana zərbə vurdular. Düşünürəm ki, biz bütün vəziyyəti təhlil edib ermənilərə qarşı bir siyasət aparmalıyıq. Çünki bu ermənilərin oyunudur".