“Uorlikin bəyanatları işğal faktını vaxtaşırı təsdiqləyir” Siyasət

“Uorlikin bəyanatları işğal faktını vaxtaşırı təsdiqləyir”

Elçin Əhmədov: "Təcavüzkarı beynəlxalq birliyin iradəsinə tabe etmək lazımdır"

"Ümumiyyətlə, ATӘT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin verdiyi bəyanatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində həm işğal faktını vaxtaşırı təsdiqləyir, həm də gərginliyin artmasından ABŞ-ın narahat olduğunu bildirir". Bunu Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elçin Əhmədov deyib.
Onun sözlərinə görə, gərginliyin artması işğal faktının hələ də ortada qalması ilə əlaqədardır: "Yəni işğal ortadan qalxmalıdır ki, gərginlik də aradan qalxsın. Nə vaxta kimi ATӘT-in Minsk qrupunun amerikalı həmsədri, eləcə də digər həmsədrlər bu münaqişədə təcavüzkarla, təcavüzə məruz qalanı eyni tutacaqlar, o zamana qədər də münaqişənin ədalətli həlli olmayacaq. Onlar birmənalı olaraq bildirməlidirlər ki, işğalçı qüvvələr Azərbaycan ərazilərindən çıxarılmalıdırlar. Bu fikirlər səslənməli və bütün sənədlərdə öz əksini tapmalıdır. Beləcə təcavüzkarı beynəlxalq birliyin iradəsinə tabe etmək lazımdır".
E.Əhmədov əlavə edib ki, verilən bu bəyanatlar status-kvonun dəyişməsinə yox, əksinə onun qorunub saxlanılmasına xidmət edir: "Onlar sadəcə olaraq deməlidirlər ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından birmənalı olaraq qeyri-şərtsiz çıxmalıdır. Təbii ki, gərginliyin də qalması ancaq bununla bağlıdır. Ermənistan-Azərbaycan cəbhə xəttində olan gərginlik birbaşa işğalçı ölkənin törətdiyi təxribat, diversiya hərəkətləridir ki, bu da rəsmi İrəvandakı daxili vəziyyətdən fikri yayındırmağa hesablanıb".