“BMT münaqişələrin öhdəsindən gəlməkdə acizdir” Siyasət

“BMT  münaqişələrin öhdəsindən gəlməkdə acizdir”

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Sofiya konfransında deklarasiya qəbul olunub

Bolqarıstan prezidentinin himayəsi altında Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Sofiyada keçirilən konfrans başa çatıb.
Dövlət Komitəsindən verilən məlumata görə, 22 siyasi liderin iştirakı ilə keçirilən iki günlük konfransda Avropada əməkdaşlıq və qonşuluğa dair yeni baxışlar müzakirə edilib.
Dünən keçirilən panel iclasda Bosniya və Herseqovinanın baş nazirinin müavini, xarici işlər naziri Zlatko Laqumciya, Albaniyanın keçmiş prezidenti Recep Meydani, Serbiyanın eks-prezidenti Boris Tadiç, Bolqarıstanın sabiq dövlət başçısı Petar Stoyanov, Ukraynanın eks-prezidenti Viktor Yuşşenko, Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin çıxış edib. Müzakirələrdə Avropadakı humanitar problemlər, Yaxın Şərqdən gələn qaçqınlarla əlaqədar yaranmış böhran, Balkan ölkələrinin qarşılaşdığı iqtisadi çətinliklərə dair geniş fikir mübadiləsi aparılıb. Siyasi liderlərin problemlərin həlli istiqamətində bir sıra təkliflər səsləndirərək vəziyyətdən çıxış yolları axtarmağa çalışıblar.
Müzakirələrin sonunda iştirakçıların ümumi fikrini əks etdirən deklarasiya qəbul edilib. Sənəddə qeyd olunur ki, 25 il öncə Berlin divarının sökülməsi Avropadakı dəyişikliklərin əsasını qoyub və Avropa hələ də böyük böhran dövrünün maliyyə, həmçinin iqtisadi gərginliyin stressini yaşayır.
Deklarasiya müəllifləri hesab edir ki, BMT və Avropa İttifaqı, eləcə də regional aktorların da daxil olduğu beynəlxalq cəmiyyət əsas münaqişələrin öhdəsindən gəlməkdə və onların nəticələrinin aradan qaldırılmasında acizdir: "XXI əsrin problemləri milli maraqlar və qısamüddətli böhranlarla yaddaqalan XX əsr yanaşmaları ilə həll edilə bilməz. Bunun əvəzinə, beynəlxalq ictimaiyyət konfliktlər və onların kökündə duran əsas səbəbləri aradan qaldırılması üçün siyasi iradə və öhdəliklərini səfərbər etməlidir. Avropa əsas dəyərlərə dair açıq debatlara ehtiyac duyur, həmçinin, adekvat siyasi həll yolları tapmaq üçün Cənubi Aralıq dənizi və Yaxın Şərqdəki konfliktlərin konstruktiv həllinə şərait yaradan müştərək dəyərlərə önəm verməlidir".
Liderlər dünya ictimaiyyətini ağır itkilərlə nəticələnən II Dünya müharibəsi və Balkan müharibələrinin acı nəticələrini unutmamağa çağırır və bildirir ki, hazırkı qaçqın böhranı şəraitində qaçqınlar sığınacaqla təmin edilməli, onların təhlükəsiz şəraitdə öz doğma ölkələrinə qayıtmasına qədər qayğı göstərilməlidir.
Sənəddə münaqişəli bölgələrdəki vəziyyət, Avropa dövlətlərindəki tolerantlıq sahəsində əldə olunmuş uğurlara da toxunulub.

Deklarasiyanın sonunda konfrans iştirakçıları Bolqarıstan prezidentinə Cənub-Şərqi Avropa liderlərinin bir araya toplaşmasına imkan yaratdığı üçün minnətdarlıq bildiriblər.
Qeyd edək ki, konfransda üç ölkənin hazırkı dövlət başçısı - Bolqarıstan prezidenti Rosen Plevneliyev, Makedoniya prezidenti George İvanov, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç, həmçinin Latviya, Macarıstan, Rumıniya, Serbiya, Albaniya, Moldova, Polşa, Slovakiya, Ukrayna, Belarusun sabiq dövlət və hökumət başçıları iştirak edib.
Tədbirə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü, eyni zamanda mərkəzin Qəyyumlar Şurasının sədri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da qatılıb.