“Rəsmi Bakının məqsədi beynəlxalq aləmin, o cümlədən BMT-nin diqqətini işğal faktına yönəltməkdir” Siyasət

“Rəsmi Bakının məqsədi beynəlxalq aləmin, o cümlədən BMT-nin diqqətini işğal faktına yönəltməkdir”

Elxan Şahinoğlu: " Məhz BMT-nin 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağ və ətraf rayonlarla bağlı qəbul etdiyi 4 qətnamə yerinə yetirilmir"

"BMT Baş Assambleyasının sesiyası keçirildiyi ərəfədə Azərbaycanla Ermənistan sərhədində və Dağlıq Qarabağ ətrafında vəziyyət gərginləşdi, atəşkəsin pozulması halları artdı, hər iki tərəfdən itkilər qeydə alındı. Son günlər isə ağır artileriyadan istifadə edilmir. Bunun əvəzinə snayper atəşləri intensivləşib. Snayper atəşləri əvvəlki illərdə də olurdu". Bu fikirləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, görünür cəbhə bölgəsindəki vəziyyətin gərginləşməsi məhz BMT sessiyası ilə bağlı idi: "Rəsmi Bakının məqsədi beynəlxalq aləmin, o cümlədən BMT-nin diqqətini işğal faktına yönəltməkdir. Məhz BMT-nin 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağ və ətraf rayonlarla bağlı qəbul etdiyi 4 qətnamə yerinə yetirilmir. Bu isə Azərbaycanın ciddi narazılığına səbəb olur. Azərbaycan Prezidenti İlham Əliyevin BMT sessiyasında iştirak etməməsi, məhz bu stukturun gözləmə mövqeyində dayanmasına, Ermənistana təzyiq etməməsinə etirazın forması idi. Ermənistan prezidenti Serj Sərkisyan BMT sessiyasında iştirak etdi. İlham Əliyev isə öz yerinə xarici işlər naziri Elmar Məmmədyarovu Nyu-Yorka göndərdi. Elmar Məmmədyarovun BMT sessiyasındakı çıxışının əsas leytmotivi bundan ibarət idi ki, əgər Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları azad etməsə, bölgədə müharibə qaçılmazdır". E.Şahinoğlu deyib ki, müharibənin başlamaslı ehtimalı Ermənistan hakimiyyətini ciddi narahat edir: "Çünki, Ermənistanın müharibə aparması üçün resursları azdır. Müharibə Ermənistan hakimiyyəti üçün həm insan itkisi, həm də iqtisadi və sosial gərginliyini artması deməkdir. Ermənistan hakimiyyəti sadəcə, Dağlıq Qarabağın status-kvosunu qorumağa çalışır. Bu isə uzun müddət davam edə bilməz. Çünki danışıqlardan ümidini itirən Azərbaycan hakimiyyəti status-kvonu hərbi yolla dəyişmək haqqında düşünür. Belə bir vəziyyətdə Ermənistan hakimiyyəti Kremldən dəstək gözləyir. Rəsmi İrəvan istəyir ki, atəşkəsi pozduğuna görə Rusiya hakimiyyəti rəsmi Bakıya ciddi xəbərdarlıq etsin. Ancaq cəbhə bölgəsindəki vəziyyətin gərigləşməsinə baxmayaraq, bu vaxta qədər Kreml Azərbaycan hakimiyyətinə narazığını bildirməyib, Rusiya Xarici İşlər Nazirliyi bununla bağlı xüsusi açıqlama verməyib. Rusiya XİN sadəcə cəbhə bölgəsindəki gərginlikdən narahatlığını bildirib. Bu cür mövqe isə Ermənistan hakimiyyətini qane etmir. Ona görə də Ermənistan hakimiyyətində, siyasi dairələrində və ictimaiyyətində belə bir sual aktuallaşıb: "Müharibə başlayacağı halda Rusiya Ermənistanı müdafiə edəcəkmi, Azərbaycana zərbələr endirəcəkmi?" Aydındır ki, Kreml Ermənistanı nəzarət altında saxlamaq üçün bu ölkəni müharibədən qorumalıdır. Ancaq Kreml Ermənistana görə Azərbaycanla münasibətləri də korlamaq istəmir. Bunun əvəzinə Rusiya hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanı irəli çəkib. Nikolay Bordyuja 4 oktyabrda Ermənistana səfəri zamanı deyib ki, Ermənistanın sərhəd boyu atəşə tutulması yolverilməzdir. O daha sonra bunları deyib: "Sərhəddə yaşayan mülki əhalinin ağır artleriya ilə atəşə tutulması tamamilə yolverilməzdir". Nikolay Bordyuja konkret olaraq Azərbaycanın adını çəkməsə də, bu fikri ilə Azərbaycanın ağır artileriya ilə atəşkəsi pozduğuna işarə edib. O, Suriya və İraqda müharibənin getdiyi məqamda daha bir müharibə ocağının Cənubi Qafqazda alovlanmasının heç bir dövlətin və beynəlxalq təşkilatın maraqlarına cavab vermədiyini bildirib. Nikolay Bordyujanın bu fikirləri Azərbaycana qarşı olsa da, Ermənistan bu açıqlamalardan tam razı qalmayıb. Çünki, Bordyuja onu da deyib ki, Ermənistan özünü müdafiə edə bilir, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının prosesə müdaxilə etməsinə ehtiyac yoxdur". Mərkəz rəhbəri bildirib ki, əslində Bordyuja təşkilatın adından danışa bilmir: "Çünki, təşkilatın üzvləri olan Belarus, Qazaxıstan və Qırğızıstan Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir və Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı olduğunu vurğulayırlar. Nikolay Bordyujanın Azərbaycanı hədəf alan açıqlaması sadəcə, Rusiyanın Ermənistanı sakitləşdirmək məqsədi daşıyır. Ancaq atəşkəsin son pozulması halları və itkilərin artması Ermənistana göstərib ki, müharibənin başlayacağı halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı prosesə qarışmayacaq. Ermənistanda həm də ondan qorxurlar ki, Kreml rəsmi Bakı ilə sövdələşməyə gedib, işğal altındakı torpaqların boşaldılması məsələsində Ermənistana təzyiq edə bilər".

Əli