“7 rayonun bir dəfəlik olmasa da, hissə-hissə Azərbaycana qaytarılması məsələsi reallaşa bilər” Siyasət

“7 rayonun  bir  dəfəlik olmasa da, hissə-hissə Azərbaycana qaytarılması məsələsi reallaşa bilər”

Qabil Hüseynli: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir neçə dəfə bəyanat verib"

"Prosesə ATƏT-in Minsk qrupunun həmsədrləri də qoşulub. Doğrudur, həmsədrlər daha çox qoşunların təmas xəttində atəşkəsin pozulması ilə bağlı məsələləri qabartmağa çalışır. Amma nəzərə alsaq ki, prosesin içərisində Rusiya, Rusiya-Azərbaycan münasibətləri də var".
Bu fikirləri Azərbaycan və Ermənistan prezidentlərinin payızda baş tutacaq mümkün görüşünü şərh edən politoloq Qabil Hüseynli deyib. O qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir neçə dəfə bəyanat verib. Dağlıq Qarabağ ətrafındakı rayonların taleyinin həll edilməsi məsələsini qabardıb: "Bu nöqteyi-nəzərdən hər şey gözləmək mümkündür. Əgər Rusiya prosesləri irəlilətmək istəyirsə, 7 rayonunun taleyinin həlli məsələsi, problemin mərhələli həlli gündəmə gələ bilər".
Politoloq hesab edir ki, 7 rayonun bir dəfəlik olmasa da, hissə-hissə Azərbaycana qaytarılması məsələsi reallaşa bilər: "Mənim fikrimcə, bu münaqişənin həllində önəmli bir məsafənin qət edilməsi olardı".
"Artıq Ermənistan-Azərbaycan münasibətləri o səviyyəyə çatıb ki, ciddi addımlar atılmasa müharibəyə gətirib çıxara bilər"- deyən Q. Hüseynli əlavə edib ki, ona görə də prezidentlərin görüşündən mütləq nəticə gözləyir: "Ermənistan tərəfi əvvəlki kimi qeyri-konstruktiv mövqe nümayiş etdirə, məsələləri dalana dirənən istiqamətə apara bilməyəcək. Hər halda görüş olacaqsa, bu müsbət hadisədir. Bundan müsbət nəticə gözləməyə bizim haqqımız var".