“Neft Fondunun vəsaitinin bir hissəsi ölkəyə gətirilməlidir” Siyasət

“Neft Fondunun vəsaitinin bir hissəsi ölkəyə gətirilməlidir”

Qüdrət Həsənquliyev: "Prezidentin qoyduğu vəzifələr icra edilsə, növbəti ildə fərqli Azərbaycan görərik"

"Qaçqınlar üçün mənzil tikintisinə ayrılan maliyyə vəsaiti azaldılıb. Bu yolverilməzdir. Həmin insanlar evlərini, əmlaklarını itiriblər. Dövlət hər il bu istiqamətə ayrılan vəsaiti artırmalıdır".
Bunu BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib. O bildirib ki, hərbi xərclər də illər üzrə artırılmalıdır:
"Ermənistan rəhbərliyinin davranışları göstərir ki, biz çətin torpaqları sülh yolu ilə alaq. Ona görə ordunu gücləndirməliyik".
Qüdrət Həsənquliyev büdcəni artırmaq üçün özəlləşdirməyə gedilməsini irəli sürüb: "Səhmdar cəmiyyətlər var həm büdcədən dotasiya alırlar, həm də büdcə onların xarici borclarını ödəyir. O şirkətlər özəlləşdirməyə çıxarılmalıdır. "Beynəlxalq Bankı"ın rəhbərliyini götürək. Cahangir Hacıyev dövlətin milyardlarla vəsaitini girovsuz verib. Beynəlxalq təşkilatlar illərdir bu bankın özəlləşdirilməsini təklif edirlər. Yubatdıq, dövlətin vəsaitləri dağıdıldı".
Qüdrət Həsənquliyev universitetlərin də özəlləşdirilməsini irəli sürüb: "Bununla büdcəyə vəsait gətirə bilərlər. Prezidentin qoyduğu vəzifələr icra edilsə, növbəti ildə fərqli Azərbaycan görərik".
Deputat məhkəmə-sahibkar münasibətlərinə də toxunub: "Sahibkarların məhkəmələrdə hüquqlarını müdafiə etmək imkanları olmalıdır. Ölkədə məhkəmə islahatları aparılmalıdır. Ciddi dəyişikliklər olmasa, iqtisadi inkişafa nail ola bilməyəcəyik. Bəllidir ki, dövlət sifarişi ilə işlər dayandırılıb və orada işləyən insanlar işsiz qalacaqlar. Neft Fondunun vəsaitinin bir hissəsi ölkəyə gətirilməlidir. Bir sıra ölkələr böhranda bu təcrübədən istifadə ediblər, uğurlu da alınıb. Fondun 4 milyard manatı ölkəyə gətirilərək sahibkarlara kredit şəklində verilməlidir".