“Rusiya üçün Əsəd vazkeçilməyəcək birisi deyil” Siyasət

“Rusiya üçün Əsəd vazkeçilməyəcək birisi deyil”

Elşən Mustafayev: "Amma onun yerini alacaq adam ilk növbədə hökumət qüvvələri içində ən azı Əsəd qədər nüfuzu olan birisi olmalıdır"

Suriya probleminin həllində beynəlxalq güclərin ümumi razılığa gəldiyi müşahidə edilməkdədir. Hər halda ölkəsində baş verən vətəndaş qarşıdurmasından keçən müddət ərzində Suriya lideri Bəşər Əsədin ilk dəfə xarici ölkəyə səfər etməsi və bu ölkənin də Əsədin yaxın müttəfiqi sayılan Rusiya olması belə deməyə əsas verir. Suriya liderinin Kreml rəhbəri ilə keçirdiyi görüşlərin nəticəsi olaraq əldə edilən razılığın yaxın 6 ay müddətində davam edəcəyi bildirilir. Məlumata görə, qarşıdakı 6 ay müddətində Bəşər Əsəd səlahiyyətlərini mərhələli şəkildə təhfil verəcək. Bununla da tədricən Suriya problemi aradan qalxacaq. Maraqlıdır ki, bu illər ərzində hakimiyyət postu üçün xalqının böyük bir qismini məhv edən Bəşər Əsəd bu həll variantının qüvvəyə minməsində maraqlı olacaqmı? Ümumiyyətlə, yaxın vaxtlarda Suriya probleminin həlli nə dərəcədə mümkün görünür?
Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev deyib ki, Bəşər Əsədin Rusiyaya səfəri və Kreml rəhbəri Vladimir Putinlə görüşü kənardan qəflətən görünsə də, əslində öncədən hazırlanmış və konkret hədəfə hesablanmış bir plandır. Elşən Mustafayevin sözlərinə görə, bəlkə də bu günə kimi Bəşər Əsəd bir neçə dəfə Rusiyaya gəlib gedib və heç kimin bundan xəbəri olmayıb: "İstəsəydilər çox asanlıqla bu səfəri gizli saxlaya bilərdilər. Amma əvəzində gördük ki, bu səfər geniş təbliğ olunaraq hətta beynəlxalq mediaya qədər informasiyalar ötürüldü. Bununla Rusiya dünyaya çatdırmaq istəyir ki, Əsəd hakimiyyəti ilə çox six və hərtərəfli münasibətləri var və Suriyada sülhün yaradilması üçün əsas danışıqlar Əsədlə aparılmalıdır". Qarşıdakı 6 aylıq müddətdə Əsədin səlahiyyətlərinin verilməsi məsələsinə gəlincə isə Elşən Mustafayev hesab edir ki, Əsədin səlahiyyətlərini kiməsə verəcəyinə inanmır: "Eyni zamanda da Rusiya üçün Əsəd vaz keçilməyəcək birisi deyil. Amma onun yerini alacaq adam ilk növbədə hökumət qüvvələri içində ən azı Əsəd qədər nüfuzu olan birisi olmalıdır. İkincisi də Rusiyaya münasibətdə ən azı Əsəd qədər yaxın olmalıdır. İndiki zamanda bu kriteriyaların hamısını özündə birləşdirəcək bir lider yoxdur. Digər tərəfdən Birləşmiş Ştatlar və koalisiya qüvvələri üçün özlərinə yaxın ola biləcək bir lider lazımdır ki, bu da Rusiyanı qane etməyəcək. Amma ola bilər ki, görüntü olaraq guya səlahiyyətlər verilisin, amma reallıqda rəhbərliyi yenə Əsəd edəcək. Ona görə də hesab edirəm ki, bu üsul münaqişənin həll yolu deyil". AMİP rəsmisinin sözlərinə görə, bu heç də Rusiyanın Yaxın Şərqdə üstünlüyü ələ alması demək deyil: "Mən bu məsələyə bir az fərqli yanaşıram .Rusiyanın Suriyada hərbi əməliyyatlara başlamasını və bunu gələcəkdə daha genişləndirməsini üstünlüyü ələ alması kimi dəyərləndirmirəm. Hadisələrə bir daha kənardan baxanda görürük ki, Suriyada son 3-4 ildə döyüşən və ölən tərəf yalnız Suriya xalqı olub. Bu vətəndaş müharibəsində nə Birləşmiş Ştatlar, nə də koalisiya qüvvələri birbaşa iştirak ediblər. Yalnız silah və maliyyə dəstəyi veriblər. Konfliktin ilk illərində ABŞ istəsəydi, vaxtilə İraqa daxil olan kimi Suriyaya da daxil olub hakimiyyəti Suriya müxalifətinə ötürərdi. Bunun üçün hər cür imkanı da var idi. Amma bunu etmədi .Çünki bunu etməklə o heç nə udmayacaqdı . Konfliktə cəlb olunaraq bu proseslərin itkilərə məruz qalan iştirakçılarından birinə çevriləcəkdi. Bu gün isə Rusiya tərəf olaraq münaqişəyə cəlb olunub. Bu tipli münaqişələrə cəlb olunan dövlətlər adətən heç nə udmurlar. Uduzmasalar belə münaqişə davam etdikcə onların itkilərinin sayı istər maliyyə, istər insan, istər hərbi texnika resurslarında durmadan artacaq. Belə olan halda hesab edirəm ki, Rusiyanın bu münaqişəyə cəlb olunması bataqlığa girmək kimi bir şeydir və bu böyük dövlətlərin maraqlarında və planlarında əvvəlcədən olub".
Siyasi analitik Seymur Süleymanov isə deyib ki, ABŞ və digər Qərb ölkələri Suriyada İŞİD-lə mübarizə adı altında Bəşər Əsədi devirmək planını həyata keçirirlər: "Heç kəsə sirr deyil ki, İŞİD Amerikanın geosiyasi masada oynadığı "Şərq kartı"dır. Bu kartla anti-Əsəd qüvvələrinə, Suriya Azadlıq Ordusuna və digər qruplaşmalara hərbi dəstək verir. Bu fonda Kreml İŞİD təhlükəsinin qoxusunu hiss etdi. Nəticədə ağıllı addım ataraq, beynəlxalq hüquq normalarına uyğun formada Suriyada İŞİD və buna bənzər terror qruplarını məhv etməyə başladı. Rusiya hal-hazırda Şərqi həmin terror qruplarından təmizləyir. Beləliklə də, Rusiya Şərqi Qərbə qarşı gücləndirmək istəyir.
Rusiyanın İŞİD və buna oxşar terror qruplarını məhv etməsinin səbəbləri müxtəlifdir. Ən başlıcası, yuxarıda vurğuladığım kimi, İŞİD-in qoxusu son zamanlar Rusiyadan gəlməyə başlamışdı. Lakin, İŞİD-in Rusiyanın qarşısına çıxması, qarışqanın ayıya güc gəlməsinə oxşayır. İŞİD-in Rusiyanı daxildən qarışdıracağı iddiası məntiqli deyil. Burada bir sual yaranır ki, Rusiya İŞİD-in Kremlə ayaq açmasın deyə İŞİD-i məhv etməyə başladı? Yəni Kreml Şərqdə terrorun kökünü yox, öz maraqlarına görə belə addım atdı? Yox! İŞİD Rusiyanın qapısında dayanıbsa, bu o deməkdir ki, İŞİD-in hər bir ölkədə hüceyrəsi var. Rusiya bunu görürdü. Proseslərdə Türkiyə böyük rol oynayır. ABŞ Türkiyənin Rusiyaya meyl etməsindən narahat idi. "Cənub axını" layihəsinin ləğvi bunun göstəricisidir. Amerika Rusiya-Türkiyə əlaqələrini axsatmağın yollarını axtarırırdı. Vaşinqton da Moskvanı Suriyada yaratdığı bataqlığa saldı. Bilirsiniz, Amerika gec-tez "Kürdüstan"ı yaradacaq. Bu qaçınılmazdır. Çünki, ABŞ uzun illərdir bu plan üzərində işləyir, heç bir halda bundan imtina etməyəcək".