AŞPA müşahidə missiyasının səfər proqramı açıqlanıb Siyasət

AŞPA müşahidə missiyasının səfər proqramı açıqlanıb

AŞPA partiyalararası nümayəndə heyəti Yordi Çuklanın rəhbərliyi ilə noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini izləyəcək.
Bu barədə məlumat AŞPA-nın saytında yer alıb. Məlumatda bildirilir ki, 30 nəfərdən ibarət komanda Milli Məclisdə təmsil olunan partiyalar, parlament qruplarının rəhbər və nümayəndələri, həmçinin parlamentdən kənar müxalifət partiyaları və hərəkat üzvləri ilə görüşəcək.
Nümayəndə heyəti, həmçinin media nümayəndələri və vətəndaş cəmiyyəti üzvləri, o cümlədən Bakıdakı diplomatlarla seçki kampaniyası ilə bağlı qiymətləndirmələrini dinləmək üçün dəyirmi masa təşkil edəcək.
Seçki günü nümayəndə heyətinin üzvləri ölkənin müxtəlif regionlarında səslərin verilməsi və hesablanması prosesini izləyəcək.
Avropa Şurasının konstitusional qanunvericilik sahəsində müstəqil ekspertlərdən ibarət qrupu olan Venesiya Komissiyasının üzvü seçkilərin hüquqi bazası barədə müzakirələr aparmaq üçün nümayəndə heyətini müşayiət edəcək.
AŞPA-nın təqvimində seçki müşahidə missiyasının Azərbaycana səfərinin oktyabrın 30-da başlayacağı qeyd olunur.
Qeyd edək ki, seçki öncəsi missiya sentyabrın 21-22-də Azərbaycana səfər edərək, əsas seçki iştirakçıları ilə görüşüb və səfərin yekunu ilə bağlı bəyanat yayıb.