“ATƏT ən fəaliyyətsiz qurumdur” Siyasət

“ATƏT ən fəaliyyətsiz qurumdur”

Elşən Musayev: "Havayı yeyib-içməyə yer axtarırlar"

"1 noyabrda keçirilən parlament seçkiləri Azərbaycanda demokratik ənənələrin formalaşdığını və əhalinin seçkiyə böyük maraq göstərdiyini nümayiş etdirdi. Vətəndaşlar rəqabətli seçki prosesində daha çox etimad göstərdikləri şəxsləri dəstəkləyərək onlardan ibarət parlament formalaşdırdılar. Bunun isə təməlində mükəmməl Seçki Məcəlləmiz və qanunvericiliyimiz dayanır. Hər şey qanun çərçivəsində reallaşdı". Bu barədə ADMP sədri Elşən Musayev bildirdi. O qeyd etdi ki, seçkilər tam ədalətli və şəffaf keçirilib: "Təkcə bu seçkilər deyil, Heydər Əliyev dönəmindən başlayaraq ölkədə keçirilən bütün seçkilərin şəffaf və ədalətli keçdiyini deməliyəm. Bu gün deputat seçilmiş insanların fəaliyyətinə nəzər salmaq kifayət edir ki, parlamentdə bu milləti, dövləti sevən şəxslərin yer tutduğunu görək". E.Musayev hazırda ATƏT-in ən fəaliyyətsiz qurum olduğunu bildirdi: "Havayı yeyib-içməyə yer axtarırlar. Azərbaycan hakimiyyəti isə beynəlxalq müşahidəçilərdən real iş istəyir. İzləməyə gəlirsinizsə, konkret sayda insanla gəlin və seçkiləri izləyin. Şərtləri onlar diktə edəcəksə, bu, Azərbaycan tərəfindən nəinki seçki məsələsində, heç bir mövzuda qəbul edilməyəcək. Seçkilərlə bağlı tamamilə haqsız və absurd fikirlər səsləndirirlər. ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağla bağlı nümayiş etdirdiyi mövqe, ortaya qoyduğu fəaliyyət bizə qarşı qərəzli olduqlarını demək üçün bəs edir. Ölkədə kifayət qədər demokratik, azad, şəffaf seçki keçirilib. Gələn bütün müşahidəçilər də bu haqda müsbət rəy veriblər. Gəlməyənlərin isə fikir bildirməyə haqqı yoxdur".
94 sayli Bərdə kənd seçki dairəsi üzrə növbəti dəfə qalib gəlmiş bitərəf namizəd Zahid Oruc seçki prosesinin ölkə üçün kifayət qədər əhəmiyyətli məsələ olduğunu xatırlatdı: "Azərbaycan demokratiya imtahanından alnıaçıq çıxdı. Təkcə bizim vətəndaşlar seçki prosesindən razı qalmayıblar. Beynəlxalq müşahidəçilərin də rəyləri müsbətdirsə, deməli, doğrudan da, hər şey qanun çərçivəsində, ədalətli və şəffaf olub. ATƏT-in ölkəmizə qarşı yaxşı münasibətinin olmadığı çoxdan aydın olub. Biz ən ideal ölkə olduğumuzu iddia etmirik. Təbii ki, xırda nöqsanlar qeydə alınıb. Amma bu məqamlar seçkinin nəticəsinə təsir etmir. Əsas olan xaricdən gələn tənqidi fikirlər deyil. Ən vacibi Azərbaycan xalqının öz müqəddəratını təyin etməsidir. Bəyəm Ukrayna modelimi yaxşıdır? Bilirsiniz ki, oradakı hazırkı rəhbərliyi Qərb təyin edib. Bu o deməkdir ki, həmin xalqın iradəsi ilə formalaşmış deyil, Qərbin dəstəyi ilə hakimiyyətə gələnlər onlara rəhbərlik edir. Kənardan söylənən heç bir söz bizim parlamentin işinə kölgə sala bilməz. Əvvəlki illərdə olduğu kimi, bundan sonra da xalqımıza yüksək səviyyədə xidmət edəcəyik".