Milli Məclis dini ekstrimizmə “yox” dedi Siyasət

Milli Məclis dini ekstrimizmə “yox” dedi

"Məscidlərdə bir bayraq - Azərbaycanın dövlət bayrağı taxıla bilər"

Qüdrət Həsənquliyev: "Nardaran hadisələri zamanı telekanalda azyaşlı uşaqların necə danışdıqlarını ürək ağrısı ilə izlədim..."

"Cinayət Məcəlləsinə müəyyən hallarda valideynlik hüququndan məhrumetmə məsələsi daxil edilməlidir"

Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib.
İclasın gündəliyinə "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun lahiyəsi, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında", "Dini etiqad azadlığı haqqında", "Polis haqqında" qanunlarda dəyişiklik edilməsi barədə, Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında və "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihələri daxil edilib.
Öncə "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
Qanun layihəsi barədə məlumat verən MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qanun layihəsinin qəbulunun vacib olduğunu bildirib.

"Vətəndaşlar da ayıq-sayıq olmalıdır"

Azərbaycanda dini modelin ən düzgün dini model olduğunu söyləyən Siyavuş Novruzov deyib ki, Azərbaycanda dövlət həmişə dinin yanında olub və yanındadır: "Başqa ölkələr bu sahədə bizə qibtə edə bilər. Lakin bəzi hallarda görürük ki, dini pərdə altında bəzi dövlətlərin ideologiyaları Azərbaycana ixrac olunmaqdadır. Qanunun əsas məqsədi bu ideologiya ixracının qarşısının alınması, Azərbaycanda klassik İslam modelinin saxlanmasıdır. Əvvəllər insan hüquqları adı altında müxtəlif ölkələrdə məkrli niyyətlər həyata keçirməyə çalışıblar. İndi isə bəziləri din pərdəsi altında bunu həyata keçirməyə çalışırlar. Bu qanunla belə hərəkətlərinin qarşısını almağa çalışırıq".
Siyavuş Novruzov qeyd edib ki, belə bir qanun xeyli əvvəldən qəbul edilməliydi: "Xaricdə oxuyanlardan bəziləri sonradan Azərbaycana qayıdıb dini ekstremizmlə məşğul olurlar. Belə halların qarşısı alınmalıdır".
Siyavuş Novruzov Azərbaycanda 1000-dək gəncin xaricdə ayrı-ayrı ekstremist qruplaşmalarda iştirak etdiyini də açıqlayıb.
Siyavuş Novruzov deyib ki, dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasından dəqiqləşdirilməmiş məlumat yayan jurnalistlər məsuliyyətə cəlb olunacaq: "Jurnalistlər bu məsələdə məsuliyyətli olmalıdırlar. Onun sözlərinə görə, son hadisələr göstərib ki, vətəndaşlar da ayıq-sayıq olmalıdır: "Heç kimə imkan vermək olmaz ki, qanundan kənar hansısa dini idarəetmə yaratsın. Azərbaycan vətəndaşları səs verərək, dövlət quruluşunu müəyyən ediblər. Ancaq hardasa dini təlim keçmiş insanlar ayrı-ayrı yerlərdə dövlət quruluşumuzun pozulması yönündə açıq-aşkar fəaliyyət göstərirlər. Biz dünən Qafqaz Müsəlmanları İdarəsində də Nardaran hadisələri ilə bağlı bir toplantı keçirdik. Ayrı-ayrı dövlətlərin ərazisində təlim keçən insanlar bu işləri görürlər".
Millət vəkili Zahid Oruc isə Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı məsələnin, eləcə də Nardaran və digər hadisələrin dövləti qarşısına qoyduğu hədəfdən yayındırmadığını deyib.
Milli Təhlükəsizlik Nazirliyində aparılan son həbslərə toxunan Zahid Oruc qeyd edib ki, bəlkə də heç bir dövlətdə təhlükəsizlik orqanlarında bu qədər şəxs həbs olunmayıb: "Prokurorluqda təhlükəsizlik orqanlarına nəzarətlə bağlı qurum var. Bu qurum son illərdə təhlükəsizlik orqanlarının hansı iddialarını rədd edib? Ayrı-ayrı dövlət orqanlarında istintaq qurumları ləğv edilməlidir. Vahid istintaq orqanının yaradılması məsələsinə də baxıla bilər".
Zahid Oruc deyib ki, İslamı ələm uçurtmaq və digər hallarla nümayiş etdirmək hallarına rast gəlinir: "Nardaranda meydanlara İmam Hüseyn, İmam Əli və digər adlar verilib. Azərbaycan hüquqi dövlətdir və meydanlara dini adların verilməsi kimi məsələlər də qanunvericiliklə müəyyənləşdirilməlidir. Ekstremizmin maliyyələşməsi məsələsinə də toxunmaq istəyirəm. Pirlərdə, ziyarətgahlarda toplanan vəsaitlər hara xərclənir? Nardarandakı ziyarətgahlarda toplanan ianələr hara xərclənir, hansı problemin həllinə yönəldilib? Görünür, bu vəsaitlər hansısa problemin həllinə yox, silah alınmasına və digər zərərli məqsədlərə sərf olunub".
Zahid Oruc Bakı İslam Universitetində dini təhsilin pulsuz həyata keçirilməsini təklif edib.
Zahid Oruc deyib ki, hazırda xarici ölkələrdə dini təhsil alan gənclər də sosial şəbəkələrdə müzakirələr zamanı dini təhsilin Bakı İslam Universitetində ödənişli olması səbəbindən xaricdə pulsuz dini təhsil aldıqlarını bildiriblər.
Zahid Oruc qeyd edib ki, Azərbaycanda da xarici ölkələrdəki kimi dini təhsil pulsuz olmalıdır. Millət vəkili hazırda xaricdə 3 minə qədər gəncin dini təhsil aldığını və onların hüquqları məsələsinin müzakirə olunmasını vacib sayıb.
Millət vəkili müxtəlif şəxslərin yas mərasimlərini idarə etdiyini xatırladıb: "Dini mərasimlərin Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilən axundlar tərəfndən idarə edilməli olduğu qanunda əksini tapıb. Yas mərasimləri bura daxildirmi? Bu məsələyə də aydınlıq gətirilməlidir".

"Təhqirə yol vermək olmaz"

Millət vəkili Fazil Mustafa isə digər millət vəkili Naqif Həmzəyevin Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə barədə təhqiramiz fikir söyləməsinin yolverilməz olduğunu bildirib.
Fazil Mustafa deyib ki, tənqidi fikirlər ola bilər, ancaq təhqirə yol vermək olmaz. O qeyd edib ki, Gəncədə Məhəmməd Əmin Rəsulzadənin büstündən çuvalın götürülməsi yaxşı haldır, ən azı tənqidlərdən yəqin müəyyən nəticələr çıxarılıb: "Bir məqamı deyim. Biz Heydər Əliyevə qarşı kəskin mübarizə aparmışıq, ancaq Heydər Əliyev Əbülfəz Elçibəy vəfat edəndə gəlib onun başı üzərində dayandı. Heydər Əliyevə cəbhəçilərin münasibəti tam dəyişdi. Milli Məclisdə Məhəmməd Əmin Rəsulzadənin təhqir olunması ilə bağlı məsələyə münasibət bildirilməlidir".
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə qeyd edib ki, Naqif Həmzəyev müsahibəsində belə fikir söyləmədiyini deyir: "Naqif Həmzəyev deyib ki, belə fikir söyləməyib, fikirləri kontekstdən çıxarılıb. Dəqiqləşməmiş məsələyə biz nə münasibət bildirək? Qəzet redaksiyası ilə deputat oturar, məsələni aydınlaşdırar, sonra münasibət bildirilər".

"Dövlət üçün dini ekstremizm təhlükə törədir"

Millət vəkili Musa Qasımlı isə öz çıxışında qeyd edib ki, vəscidlərin siyasiləşdiriliməsinə qətiyyən yol vermək olmaz: "Məscidlər dini ibadət yeridir".
O deyib ki, dini radikal qrupların kökünü tamamilə kəsmək lazımdır: "Yaxın Şərqdə baş verən hadisələrdən ciddi ibrət götürməliyik".
Millət vəkili Fazil Mustafa qeyd edib ki, müzakirəyə çıxarılan qanun dar çərçivəlidir: "Dövlət üçün təhlükəli 3 ekstremizm növü var. Bunlardan biri siyasi ekstremizmdir. Hansısa siyasi qüvvə ekstremizmə əl ata bilər. İkincisi, etnik ekstremizmdir və yaxın tarixdə bununla rastlaşmışıq. Üçüncüsü, dövlət üçün dini ekstremizm təhlükə törədir. Ona görə də ayrılıqda yox, ekstremizmlə mübarizə haqqında bir qanun qəbul etməliyik".
MM-in sədr müavini Bahar Muradova qanun layihəsinin islam ekstremizmi yox, dini ekstremizmlə bağlı olduğunu söyləyib: "Deputat həmkarlarımızdan xahiş edirəm ki, bu qanun layihəsi barədə danışanda tək Nardaran məsələsini, islam fundamentalizmini qeyd etməsinlər. Avropada islamı gözdən salmağa çalışırlar. Amma ən zərərli islamofobiya islam ölkələrinin özlərinin daxilindədir, bəzən Avropadan daha artıq islamofobiya ilə məşğul oluruq. Digər tərəfdən, Azərbaycanda çoxlu sayda dinlər, dini mərkəzlər var. Biz az şahid olmuşuq ki, Azərbaycanın regionlarında vətəndaşlarımızı qorxutma, şirnikləndirmə yolu ilə digər dinlərə, təriqətlərə cəlb etməyə çalışıblar?! Cəmiyyət də anlamalıdır ki, biz bu qanunu yalnız islami ekstremizmlə bağlı qəbul etmirik".
Bahar Muradova Azərbaycanın dini deyil, dünyəvi dövlət olduğunu vurğulayıb: "Həyatımızı dini, milli dəyərlərə və qanunlara uyğun qurmalıyıq. Hazırda təqdim olunan qanun da belə çaşqınlıq vəziyyətində olan insanlara dəstək vermək, onların ekstremizmə yuvarlanmasının qarşısını almaq üçündür".
Millət vəkili Fəzail Ağamalı İŞİD-in Qərb xüsusi xidmət orqanları tərəfindən islamı gözdən salmaq üçün yaradıldığını bildirib: "Ermənilər xristian idilər, Xocalı soyqırımını törətmədilər? Ona görə də mən də Bahar Muradovanı dəstəkləyirəm".

"Xüsusi əməliyyatlar zamanı jurnalistlər məlumatlandırılmalıdır"

Qanun layihəsini dəstəkləyən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib ki, dini ekstremistlərdən qorumaq lazımdır: "Nardaran hadisələri zamanı telekanalda azyaşlı uşaqların necə danışdıqlarını ürək ağrısı ilə izlədim. Ona görə də Cinayət Məcəlləsinə müəyyən hallarda köçürmə və valideynlik hüququndan məhrumetmə məsələsi daxil edilməlidir. Digər tərəfdən, xüsusi əməliyyatlar zamanı jurnalistlər məlumatlandırılmalıdır. Məsələn, Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı hadisələr zamanı mətbuatda nələr yazırdılar. Ola bilməzdi ki, belə hallarda, əməliyyatlar keçirilən zaman jurnalistlər üçün qısa brifinqlər verilsin? Qanun layihəsində bu iki məsələnin nəzərə alınmasını da xahiş edirəm".
I vitse-spiker Ziyafət Əsgərov deyib ki, kimsə, hansısa qrup Azərbaycanın dövlət quruluşuna qarşı çıxırsa, bu, ən böyük cinayətdir: "Konstitusiyada aydın yazılıb ki, din dövlətdən ayrıdır. Nardaranda məsciddə nə işlə məşğul idilər? Yaxud qara bayraqlar asırlar, bunu imamların adı ilə bağlayırlar. Bir əsr əvvəl Sabir, Axundov və başqaları dini xurafata qarşı mübarizə aparıblar, biz də bu gün mübarizə aparırıq. Görün, o kişilər nə qədər böyük olublar?! Baxıram, Nardaranda 2-3-cü sinif uşaqları necə tərbiyə olunurlar? Azərbaycan dövləti 1990-cı illərin dövləti deyil ki, kim istəsə, bir bayraq taxsın. Məscidlərdə bir bayraq - Azərbaycanın dövlət bayrağı taxıla bilər. Bu, dövlət Heydər Əliyevin əmanətidir. Əmanətə xəyanət edən cəzalandırılacaq".
Daha sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Qeyd edək ki, layihəyə əsasən, Azərbaycan vətəndaşlığının itirilməsi ilə bağlı 18-ci maddəyə yeni əlavələr (3-1, 3-2) edilir. Beləliklə, Azərbaycan Respublikasının vətəndaşı terror fəaliyyətində iştirakı və ölkənin Konstitusiya quruluşunun zorla dəyişdirilməsi hərəkətlərinin həyata keçirilməsi (3-1), Azərbaycan Respublikasının vətəndaşının dini ekstremist fəaliyyət və ya dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi, düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlər adı altında xarici dövlətdə dini münaqişələrdə iştirak etməsi və ya həmin fəaliyyətə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə silahlı qrup yaratması Azərbaycan vətəndaşlığının itirilməsi ilə nəticələnir.


"Konstitusiyanı pozmaq olmaz"

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev qanun layihəsinə etiraz edib. O deyib ki, Konstitusiyanın 53-cü maddəsində qeyd edilir ki, vətəndaş heç bir halda vətəndaşlıqdan mərhum oluna bilməz: "147-ci maddədə Konstitusiyanın hüquqi qüvvəsindən danışılır. Qeyd edilir ki, konstitusiya hüquqi qüvvəyə malikdir. Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Qanunu pozanlara qarşı ağır cəzalar nəzərdə tutaq, amma Konstitusiyanı pozmaq olmaz".
Qüdrət Həsənquliyev deyib ki, Konstitusiyanın 53-cü maddəsinə əsasən, kimisə vətəndaşlıqdan məhrum etmək olmaz və qanun layihəsi müzakirədən çıxarılmalıdır.
Vitse-spiker Ziyafət Əsgərov bildirib ki, Konstitusiyanın 53-cü maddəsinə görə heç kəs heç bir halda vətəndaşlıqdan məhrum edilə bilməz: "Burada da söhbət vətəndaşlıqdan məhrumetmədən getmir. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanunun 18-ci maddəsində də vətəndaşlıqdan məhrumetmədən yox, vətəndaşlığı itirmədən söhbət gedir".
Əli Hüseynli də qeyd edib ki, söhbət vətəndaşlıqdan məhrumetmə yox, vətəndaşlığın itirilməsindən gedir.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.


"İslam dinində heç bir dini bayraq yoxdur"

Milli Məclisdə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi də müzakirəyə çıxarılıb.
Qanun layihəsi barədə İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.
Layihəyə əsasən islam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına islam dininə aid ayin və mərasimlər aparması qadağandır. Eyni zamanda ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərində yerləşdirilə bilər.
Siyavuş Novruzov bildirib ki, qanunun əvvəlki redaksiyasında da xaricdə dini təhsil alanların Azərbaycanda dini ayin və mərasimlər aparılmasına qadağa qoyulub: "Ancaq belə şəxslər daha sonra Azərbaycanda 2 il dini təhsil alaraq dini ayin və ibadətləri aparmağa başlayıblar. Yəni vəziyyətdən özləri üçün çıxış yolu tapmışdılar. Bunun qarşısı alınacaq. Buna görə də qanunun 21-ci maddəsi yeni redaksiyada verilir, xaricə dini təhsil alanların ümumiyyətlə, Azərbaycanda dini ayin və mərasimlər aparmasına qadağa qoyulur. Çünki xaricdə dini təhsil alanlar o ölkələrin dini adət-ənənələrini də Azərbaycana gətirirlər. Məsələn, Taleh Bağırzadə xaricdə dini təhsil almayıb, 2 il başqa ölkədə dini təlim alıb".
Millət vəkili Fazil Mustafa dini atributlar məsələsinə aydınlıq gətirilməsini istəyib: "O halda təsbeh də, ətir də atributdur. Ona görə də atribut məsələsinin çıxarılmasını təklif edirəm. Digər tərəfdən, islam dinində heç bir dini bayraq yoxdur. Əməvilərin, Abbasilərin öz bayrağı olub, peyğəmbər döyüşə gedəndə ayrıca bayraqla gedib. Bu gün də islam adlanan dövlətlərin hamısının bayraqları fərqlidir. Azərbaycan cəmiyyətini islama aid olmayan bayraq və atributlardan qurtarmaq lazımdır".
MM sədrinin 1-ci müavini Ziyafət Əsgərov Azərbaycandan dövlət xətti ilə dini təhsil almağa göndərilənlər olmadığını bildirib: "Praktika göstərdi ki, xaricdə dini təhsil alanlar o ölkələrin ab-havasını gətirirlər, sonra da Nardaran hadisələri baş verir. Azərbaycanda İslam Universiteti, Bakı Dövlət Universitetində ilahiyyat fakültəsi mövcuddur. Xaricdə dini təhsilə nə ehtiyac var? Gördük ki, gedənlər sonra nə edirlər".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, ümumiyyətlə, layihədə dini bayraq anlayışı də əvəzlənməlidir: "Layihədə qeyd olunmalıdır ki, məscidlərdə Azərbaycan bayraqlarından başqa bayraqların asılmasına icazə verilmir. Bununla da dini bayraq məsələsi ortadan qalxar".
Dövlət Komitəsinin sədri dini atribut məsələsinin də layihədən çıxarılması barədə təklifləri də məntiqli sayıb: "Dini atribut yerinə yazıla bilər ki, ibadətgahlardan kənarda dini şüarların, rəmzlərin nümayiş etdirilməsi qadağandır".
Mübariz Qurbanlı indiyə qədər xaricdə dini təhsil aldıqdan sonra Azərbaycanda da əlavə dini təhsil alanlara son qadağanın şamil olunmayacağını, çünki qanunun geriyə qüvvəsinin olmadığını nəzərə çatdırıb: "Hazırda xaricdə dini təhsil alanlar Azərbaycanda dövlət qurumlarında çalışa biləcəklər".
Qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, "Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklə əlaqədar Cinayət Məcəlləsinə də müvafiq əlavə (168-1 maddə) edilib. İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil alan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılmasına görə 1000 manatdan 5 min manata qədər cərimə və ya 1 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq. Bu barədə qanun layihəsi də Milli Məclisdə müzakirəyə çıxarılaraq qəbul edilib.


Polisə yeni səlahiyyət verildi


Dünən Milli Məclisin plenar iclasında "Polis haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də müzakirəyə çıxarılıb.
Qanun layihəsi barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Qanun layihəsinə əsasən, Azərbaycanda terrorçuluqla mübarizə sahəsində polisə yeni səlahiyyət verilir.
Qanunun 26-cı maddəsinə (Polis tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi) təklif edilən əlavəyə əsasən, terrorçuluq və ya dini ekstremizm, yaxud dövlət Konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda polis tərəfindən fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah tətbiq ediləcək.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Məsuliyyətsiz valideynlər cəzalandırılacaq

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı layihə barədə də parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Məcəlləyə əlavə edilən 51.1-1 maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində yeddi gündən çox buraxılmasına görə, şagirdin valideyni yüz manat miqdarında cərimə edilir.
Millət vəkili Elmira Axundova qanun layihəsinə qarşı çıxıb: "Tutaq ki, bir çox yüksək təhsil verən, şagirdləri ali məktəbə hazırlayan özəl orta məktəblərdə davamiyyət problemi yoxdur. Ancaq bir sıra məktəblərdə davamiyyət ona görə azdır ki, şagirdlər repetitorlar vasitəsi ilə ali məktəbə hazırlanır. Orta məktəbə pul məsələsini gətirməyək, başqa hallara yol açacaq".
Vitse-spiker Bahar Muradova isə dəyişikliyin hansı səbəbdən gündəliyə gəldiyinin məlum olduğunu qeyd edib: "Bəzən uşaq evdə hansısa işlərə cəlb edilir və valideynlərinə kömək edir. Bir sıra hallarda isə uşaqların dini təhsil almasına üstünlük verilir, bəzi valideynlər tərəfindən erkən nikahlar qurulması təşviq edilir. İstənilən halda valideyn məsuliyyəti daşıyırsa, niyə valideyni məsuliyyətdən kənarlaşdırmalıyıq?! İcbari təhsilə görə tək dövlət yox, valideyn də məsuliyyət daşıyır. Son hadisələr zamanı uşaqların bəzi hərəkətlərinə əl çalanlar ağsaqqallar deyildilər? Son hadisələr bizə çox şey öyrətməlidir və təklif edilən mexanizm normal bir mexanizmdir".
Milli vəkili Qüdrət Həsənquliyev dünyanın inkişaf etmiş ölkələrində uşaqlarını təhsil almağa qoymayan valideynlərin cərimələndiyini, hətta valideynlik hüququndan məhrum edildiyini xatırladıb.
Daha sonra çıxışlar yekunlaşıb və layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Yeni medal təsis olundu

Milli Məclisdə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılıb.
Sənəd barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Əli Hüseynli bildirib ki, dekabr ayında Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 ili tamam olacaq. Bu üzdən də Azərbaycan prezidenti müvafiq təşəbbüslə çıxış edib.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.