“Milli Məclisin səlahiyyətləri artırılmalıdır” Siyasət

“Milli Məclisin səlahiyyətləri artırılmalıdır”

Qüdrət Həsənquliyev: "Parlamentin rəhbərliyində digər partiyaların təmsilçiliyinə şərait yaradılmalıdır"

Fəzail Ağamalı: "Milli Məclisin iclaslarında elə atmosfer yaranıb ki, nazirlər və komitə sədrləri gələndə elə bil göydən paraşütlə düşürlər"

Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dünən keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"nə dəyişikliklər müzakirə olunub.
Nizamnamənin 36-cı maddəsinə təklif edilən dəyişiklikdə bildirilir ki, "Bir deputat ən çoxu iki komitənin üzvü ola bilər".
Hazırkı maddənin tələbinə görə isə deputatın yalnız bir komitənin üzvü olmaq səlahiyyəti var.
33-cü maddəyə təklif edilən dəyişikliyə görə isə Milli Məclis sədrinin seçilməsi zamanı deputatlar yalnız bülleten vasitəsi ilə yox, elektron səsvermə ilə də seçim edə biləcəklər.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
Qanunun 7-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, Milli Məclisin komitələri aşağıdakılardan ibarət olacaq:
Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiyaya ilə mübarizə komitəsi, İnsan hüquqları komitəsi, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi, Aqrar siyasət komitəsi, Əmək və sosial siyasət komitəsi, Səhiyyə komitəsi, Ailə, qadın və uşaq məsələləri komitəsi, Gənclər və idman komitəsi, İctimai birliklər və dini qurumlar komitəsi, Regional məsələlər komitəsi, Elm və təhsil komitəsi, Mədəniyyət komitəsi, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi.
Parlamentin mövcud qüvvədə olan komitələri isə bunlardır: Hüquq siyasəti və dövlət quruculuğu, Təhlükəsizlik və müdafiə, İqtisadi siyasət, Təbii ehtiyatlar, Energetika və ekologiya, Aqrar siyasət, Sosial siyasət, Regional məsələlər, Elm və təhsil, Mədəniyyət, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, İnsan hüquqları komitələri.
Mövcud Sosial siyasət komitəsinin səlahiyyətlərindən idman, gənclər və səhiyyə ilə bağlı məsələlər alınaraq yeni yaradılan Səhiyyə, Gənclər və idman komitələrinə verilib. Bundan başqa, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin səlahiyyətindən korrupsiyaya qarşı mübarizə ilə bağlı məsələlər səlahiyyətləri artırılan Müdafiə, təhlükəsizlik və korrupsiyaya ilə mübarizə komitəsinə verilir.

İclasda komitə sədrlərinə növbədənkənar çıxış verilməsi məsələsi bir sıra millət vəkillərinin etirazına səbəb olub. Belə ki, millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev bildirib ki, cari məsələlər zamanı millət vəkillərinə 45 dəqiqəyədək vaxt verilir. "Hazırda isə 14 komitə fəaliyyət göstərir və onların hər biri üç dəqiqə çıxış edərsə, o zaman digər deputatlara çıxış üçün vaxt qalmayacaq. Ona görə Nizamnamədə belə bir maddənin yer alması düzgün deyil və bu maddə çıxarılmalıdır".

Deputat Milli Məclisdə təmsil olunan müxalifət partiya nümayəndələrinin də parlament rəhbərliyində, komitə sədrliyində və ya müavinliyində təmsil olunmasını təklif edib. Onun sözlərinə görə, Milli Məclisin daxili Nizamnaməsinə əsasən parlament çoxpartiyalılıq prinsipi əsasında fəaliyyət göstərsə də, reallıqda belə deyil: "Çoxluq təşkil edən YAP-dan başqa digər heç bir partiyanın təmsilçisi nəinki Milli Məclisin sədr müavinləri səviyyəsində, heç komitə sədrləri və komitə sədrinin müavini səviyyəsində təmsil olunmurlar. Digər partiyanın təmsilçilərinə belə bir münasibətin sərgilənməsi heç də ədalətli yanaşma deyil. Bu isə parlamentin görüntüsünü pozur. Milli Məclisin Hesablama Palatasının üzvləri parlamentin komitə sədrlərindən təşkil edilir və məlumdur ki, komitə sədrləri hakim partiyadan seçilir. Bu isə aşkarlığı itirir. Əgər Hesablama Palatasının üzvləri sədr tərəfindən veriləcəksə, hesab edirəm ki, burada demokratik yanaşmadan söhbət gedə bilməz. Ona görə də parlamentin rəhbərliyində digər partiyaların təmsilçiliyinə şərait yaradılmalıdır".

Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı da öz çıxışında Qüdrət Həsənquliyevin təkliflərini dəstəkləyib: "Mən Qüdrət müəllimin söylədiyi fikirlərin mütləq əksəriyyəti ilə razıyam. Bu, günümüzün bir reallığıdır. Nəzərə alsaq ki, Nizamnamə və deputatın statusu ilə bağlı qanunlar 20-25 il öncə qəbul edilib. Bu müddət ərzində Azərbaycanda Milli Məclis vacib dövlət qurumu olaraq oturuşub, kifayət qədər ənənələr formalaşıb. Eyni zamanda da Milli Məclisdən dövlətə qarşı doğa biləcək təhlükələr indi minumuma enib. Yəni, mən bunu 20-25 il öncəki vəziyyətlə müqayisə edirəm".
Fəzail Ağamalı deyib ki, indi Milli Məclis dövlətçiliyin qorunmasında və inkişafında məsuliyyətini dərk edən və bu istiqamətdə xüsusi töhfələr verən dövlət qurumuna çevrilib: "Ona görə də mən hesab edirəm ki, Qüdrət müəllimin bu gün burada səsləndirdiyi təklifləri daha da genişləndirməklə, Nizamnamədə və statusda ciddi dəyişiklik etməyə ehtiyac var. Biz bunu mütləq etməliyik. İndi mətbuatda da bununla bağlı ictimai rəy yaranıb. Biz bəzən mətbuatın üzərinə gedirik ki, mətbuat niyə belə deyir. Əslində, mətbuat ictimai rəyi formalaşdıran çox ciddi bir tərəfdir. Təsadüfi deyil ki, mətbuata hakimiyyətin beşinci tərəfi də deyilir. Bu gün ictimai rəydə də Milli Məclisin səlahiyyətlərinin artırılması ilə bağlı fikirlər səslənir. Çünki son hadisələr də göstərdi ki, bəzi nazirlər öz səlahiyyətlərini aşaraq, ona verilən səlahiyyətlərdən sui-istifadə ediblər. Ona görə də Milli Məclis üzvlərinin hökumətin hesabatı zamanı daha geniş fikirlərini ifadə etməsi üçün deputat səlahiyyətlərinin artırılmasına ehtiyac var. Məncə, bu həm də dövlətimizin xeyrinə olar. Burada şəxsi korporativ maraqların axtarılması yolverilməzdir. İndi Qüdrət müəllim bu cür təkliflər verməklə, heç də nə isə əldə edəcəyi barədə qətiyyən düşünmür. Eyni zamanda mən də bununla bağlı öz təkliflərimi verəcəm və heç kəs də məni başqa cür qiymətləndirməsin. Burada söhbət xalq tərəfindən seçilən Milli Məclis deputatlarının səlahiyyətlərinin artırılmasından gedir. Necə ola bilir ki, ölkə prezidenti tərəfindən təyin olunan komitə sədri, nazir, idarə başçısı öz qurumlarında səlahiyyət sahibi olur və onun sözünün üzərində söz deyəcək şəxs təkcə cənab Prezident olur, ancaq Milli Məclisə seçilmiş deputatlar həmin dövlət məmurları haqqında dövlətimizin xeyri üçün hər hansı tövsiyə və ya təkliflər vermək hüququna malik olmur. Bu heç kəsə sirr deyil və mən də bunu bir neçə dəfə söyləmişəm".
Deputat qeyd edib ki, bu gün elə nazirlər, komitə sədrləri və dövlət məmurları var ki, onlar millət vəkillərinin telefonlarına cavab vermir: "Kimsə elə düşünməsin ki, millət vəkili hər hansı dövlət məmuruna öz şəxsi xahişlərini etmək üçün zəng vurur. Bu, əsla belə deyil. Mən 20 ildən artıq olan öz təcrübəmdən deyirəm ki, bu gün bir sıra nazirlər və digər dövlət məmurları cəmiyyət və insanlar üçün açıq deyillər. Ancaq millət vəkilləri cəmiyyət və xalq üçün açıqdır, insanlar deputatlara çıxa, dərdlərini deyə bilirlər. Onların problemlərinin həlli üçün biz nazirliklərə, digər dövlət qurumlarına sorğu göndəririk, ancaq bizə standart cavab göndərirlər. Heç bir müsbət nəticəsi də olmur. Məmurlara telefonla da zəng vurub sözünü deyə bilmirsən. Milli Məclisin iclaslarında elə atmosfer yaranıb ki, nazirlər və komitə sədrləri gələndə elə bil göydən paraşütlə düşürlər. Yəni, dövlətçiliyimiz və xalqımız üçün bu cür ənənəni qırmaq mütləq lazımdır".
Müzakirələr zamanı komitə sədri Əli Hüseynli bildirib ki, məsələ İşçi Qrupunda müzakirə olunarkən partiya nümayəndələri də həmin müzakirələrə dəvət ediləcəklər və məslə bir daha orada müzakirə olunacaq.
Müzakirələrdən sonra Milli Məclisin Daxili Nizamnaməsinə nəzərdə tutulan dəyişikliklər parlamentin növbəti plenar iclasının müzakirəsinə tövsiyə olunub.
İnzibati Xətalar Məcəlləsinə nəzərdə tutulan dəyişikliyə görə isə balıqçılıq su obyektlərində istismar edilən su təsərrüfatı obyektlərinin balıqqoruyucu qurğularla təchiz edilməməsinə görə fiziki şəxslərin 1000 manat, vəzifəli şəxslərin 3000, hüquqi şəxslərin 15 000 manat miqdarında cərimələnməsi nəzərdə tutulur.
Komitə sədri Əli Hüseynli bildirib ki, məcəlləyə edilən digər dəyişikliyə görə, kino və videofilmlərin dövlət reyestrində qeydiyyata alınmadan Azərbaycan ərazisində yayımına və kütləvi nümayiş etdirilməsinə görə 2000 manat miqdarında cərimə ediləcəklər. İnzibati Xətalar Məcəlləsinə nəzərdə tutulan digər dəyişikliyə görə, gəmi agenti xidmətlərinin göstərilməsi üçün sertifikat olmadan dəniz limanlarında gəmi agenti xidmətlərinin göstərilməsinə görə fiziki şəxslərin 200, hüquqi şəxslərin isə 500 manat cərimələnməsi nəzərdə tutulur.
Digər dəyişikliyə görə, dəniz limanları reyestrinin aparılması qaydalarının pozulmasına görə vəzifəli şəxslər 100 manat cərimələnəcəklər. Dəniz limanının Gəmi və liman vasitələrinin mühafizəsi haqqında beynəlxalq məcəllədə nəzərdə tutulan sənədlər olmadan fəaliyyət göstərməsinə görə isə hüquqi şəxslər 1000 manat cərimə olunacaqlar.

İclasda Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulmasına görə cərimələr də müəyyənləşib.
"İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı qeyd olunub ki, dini qurumların müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasından onun rəhbərlərinin boyun qaçırmasına, dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına, ruhanilər və dini qurumların üzvləri tərəfindən uşaqlar və gənclər üçün xüsusi yığıncaqların keçirilməsinə, habelə dini ayinlərin icrası ilə əlaqədar olmayan əmək, ədəbiyyat dərnəkləri və qrupları, digər dərnəklərin və qrupların təşkilinə, dini qurumun qeydiyyatdan keçdiyi hüquqi ünvandan kənarda fəaliyyət göstərməsinə, dini qurumun öz yaranma məqsədlərinə zidd olan fəaliyyəti həyata keçirməsinə görə fiziki şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 7000 manatdan 8000 manatadək məbləğdə cərimə ediləcəklər.
Dəyişiklik layihəsi müzakirədən sonra Milli Məclisin iclasına tövsiyə olunub.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilməsi haqqında" qanuna təklif olunan dəyişiklik də müzakirə olunub. Dəyişikliyə görə Azərbaycanda 15 yaşı tamam olmayan vətəndaşlara da 2017-ci il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək olan müddətdə şəxsiyyət vəsiqəsi veriləcək. Dəyişiklik layihəsi 15 yaşı tamam olmayan Azərbaycan vətəndaşının fərdi identifikasiya kartının 2020-ci il yanvarın 1-dən tətbiq edilməsinə görə təklif olunub.
Müzakirələr zamanı məlumat verilib ki, 15 yaşı tamam olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanunun tətbiqi barədə əsasnamədə nəzərdə tutulan digər sənədlər əsasında həyata keçirilir.
5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlı olacaq. Qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Dəyişiklik layihəsi Milli Məclisin iclasında müzakirəyə tövsiyə olunub.