“Prezidentlərin görüşünü perspektivli hesab etmirəm” Siyasət

“Prezidentlərin görüşünü  perspektivli hesab etmirəm”

Mübariz Əhmədoğlu: "Ola bilər ki görüşdən sonra əlverişli vəziyyət yaransın"

Azərbaycan tərəfinin yaydığı məlumatla ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin yaydığı məlumat üst-üstə düşmür.
Bu fikirləri açıqlamasında Azərbaycan və Ermənistan prezidentlərinin sabah baş tutacaq görüşünü şərh edən politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov Tbilisidə Şərq Tərəfdaşlığının xarici işlər nazirlərinin qeyri-formal görüşündə dedi ki, biz Rusiya XİN rəhbəri Sergey Lavrovun verdiyi təkliflər üzərində işləyirik: "Bu təkliflərin mahiyyəti isə ondan ibarətdir ki, Ermənistan qoşunları Azərbaycan ərazilərindən çıxmalıdır, qaçqın və məcburi köçkünlər öz yurdlarına qayıtmalıdır. Sonra isə Qarabağın azərbaycanlı və erməni icması arasında dialoqlar başlamalıdır".
Politoloq qeyd edib ki, E.Məmmədyarov bu fikri Türkiyənin XİN rəhbəri Mövlüd Çavuşoğlu ilə görüşündə də təkrarladı: "ATƏT XİN Şurasının sammitində Minsk qrupuna həmsədr dövlətlərin nümayəndə heyətlərinin rəhbərlərinin yaydığı bəyanatda da təqdim edilmiş təkliflər məsələsinə toxunulub. Bundan sonra Ceyms Uorlik Azərbaycan mediasına açıqlamasında Lavrovun verdiyi təklifləri inkar etmədi. Bildirdi ki, əlavə təkliflər də var".
Politoloq bildirib ki, Uorlikin Qarabağın "xarici işlər naziri" Karen Mirzoyanla görüşərək Artsaxın müstəqilliyinin ildönümünü qeyd etməsi onu göstərir ki, Azərbaycanla Rusiya bu məsələdə bir istiqamətdə, ABŞ-la Ermənistan isə digər istiqamətdədir: "Elə hesab edirəm ki, prezidentlərin görüşündə bu mübahisə özünü göstərəcək. Lavrovun təklifləri müzakirə olunsun, yoxsa Uorlikin dediyi kimi bir neçə məsələ müzakirə edilsin məsələsi mübahisə yaradacaq".
M.Əhmədoğlu vurğulayıb ki, Uorlik və Ermənistan çalışacaqlar ki, işğal edilmiş ərazilərin Azərbaycana qaytarılmasının müzakirəsinə vaxt qalmasın. Bu isə mübahisə yaradacaq.
O sonda bildirib ki,bu baxımdan prezidentlərin görüşünü perspektivli hesab etmir: "Ola bilər ki görüşdən sonra əlverişli vəziyyət yaransın. Rusiya başa düşəcək ki, ABŞ üzdə onun təkliflərini dəstəkləyir, reallıqda isə çalışır ki, təkliflərin həyata keçməsinə mane olsun. Rusiya və Azərbaycan Minsk qrupuna qarşı birgə fəaliyyətə başlaya bilər. Bu isə Minsk qrupuna zərbə ola bilər".