2016-cı il Qarabağ probleminin həllinə nə vəd edir? Siyasət

2016-cı il Qarabağ probleminin həllinə nə vəd edir?

Sabir Rüstəmxanlı: "Qarabağ probleminin sadəcə bir həll yolu var ki, bu da müharibədir"Ⅶ
Qabil Hüseynli: "Hər şey 2015-ci ildə aparılan danışıqların perspektivindən asılıdır"


Başa çatmaq üzrə olan 2015-ci il bir sıra əlamətdar hadisələrlə yadda qalsa da, Azərbaycanın bir nömrəli problemi olan Qarabağ münaqişəsinin həlli bu il də reallaşmadı. Bütün müsbət proqnoz və ehtimallara baxmyaraq, Qarabağ probleminin həlli istiqamətində həyata keçirilən görüşlər nəticə vermədi ki, bu da münaqişənin sülh yolu ilə həllinə olan inamın daha da azalmasına səbəb oldu.
Maraqlıdır, 2016-cı ildə Qarabağ probleminin həllinə nail olmaq mümkün olacaqmı? Münaqişənin sülh yolu ilə həlli nə dərəcədə inandırıcıdır?
Sabiq millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı problemin sülh yolu ilə həllinə inanmadığını vurğulayıb. S.Rüstəmxanlının sözlərinə görə, bugünə qədər baş verən proseslərin təhlili göstərir ki, Qarabağ probleminin sadəcə bir həll yolu var ki, bu da müharibədir:
"Əgər Qarabağ probleminin həlli istiqamətində atılan addımlar indikindən fərqli olmayacaqsa, proseslər yenə bu məcrada inkişaf edəcəksə, problemin həllinə 2016-cı ildə də nail olmaq mümkün olmayacaq. Mən Qarabağ probleminin sülh yolu ilə həll ediləcəyinə inanmıram. Bu vaxta qədər baş verən proseslər bir daha göstərdi ki, Ermənistan və onu himayə edən qüvvələr Qarabağ probleminin sülh yolu ilə həllində maraqlı deyillər. Bu isə hərb yolunu qaçılmaz edir. Bu səbəbdən də hesab edirəm ki, Qarabağ probleminin sülh yolu ilə həlli perspektivi yoxdur və problemin yeganə həlli yolu müharibədir. Biz yalnız hərb yolu ilə işğaldakı torpaqlarımızı erməni işğalından azad edə bilərik".
Politoloq Qabil isə hesab edir ki, Qarabağ probleminin 2016-cı ildə həlli 2015-ci ilin sonunda münaqişə tərəfləri arasında keçirilən görüşlərin nəticəsindən asılı olacaq:"Qarabağ münaqişəsinin həlli 2015-ci ildə münaqişə tərəfləri arsında keçirilən görüşlərin nəticəsindən, bu görüşlərin vəd etdiyi perspekivdən asılı olacaq. Xüsusilə də, bir neçə gün bundan öncə İsveçrənin Bern şəhərində Azərbaycan və Erənistan prezidentləri arasında keçirilən görüşlər bu baxımdan müstəsna rol oynayır. 2015-ci ilin son ayına təsadüf edən Bern görüşü və bu görüşün nəticəsi, əgər bu nəticə həqiqətən də qənaətbəxşdirsə, problemin 2016-cı ildə həlli üçün mühüm rol oynaya bilər.
Bir sözlə, 2015-ci ildə keçirilən görüşlər, aparılan danışıqlar problemin 2016-cı ildə həlli üçün zəmin rolu oynayacaq. Əgər bu zəmin kifayət qədər əlverişlidirsə, o zaman Qarabağ probleminin gələn ildə həllinə ümid etmək olar. Lakin belə bir zəmin yoxdursa, o zaman probleminin gələn il də həlli üçün optimist olmaq üçün o qədər də əsas yoxdur".