Dövlət başçısından xəbərdarlıq Siyasət

Dövlət başçısından xəbərdarlıq

"Süni bahalaşmaya yol verənlər, möhtəkirliklə məşğul olanlara qarşı cəza tədbirləri görüləcək"


"İdmançılarla görüşlərim artıq ənənəyə çevrilib. İdmanda uğurlarımız ildən-ilə artır, idmançılarımız beynəlxalq yarışlarda yüksək nəticələr qazanır".
APA-nın məlumatına görə, bunu dünən Azərbaycan prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində 2015-ci ilə yekun vurulması, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimində çıxışında deyib.
Dövlət başçısı bildirib ki, 2015-ci ildə Azərbaycan atletləri beynəlxalq yarışlarda 823 medal qazanıblar, bunun 321-i qızıldır: "Bu da onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir, gənclərimiz dünya və Avropa çempionatlarında yüksək nəticələr göstərirlər. Ölkədə həyata keçirilən düşünülmüş idman siyasəti gələcəkdə də yüksək pillələri fəth etməyə imkan yaradır ".
Prezident İlham Əliyev bildirib ki, idmançılara dövlət tərəfindən yüksək səviyyədə qayğı göstərilir: "İdmançıların sosial problemlərinin həlli istiqamətində hər il tədbirlər görülür. Bu proses bundan sonra da davam etdiriləcək. Artıq Azərbaycan dünyada idman dövləti kimi tanınır. Bu fakt beynəlxalq idman qurumların rəhbərləri tərəfindən də təsdiqlənir. Ölkədə yeni idman bazaları yaradılır, təlim-məşq prosesi və federasiyaların işi yaxşı təşkil olunur. Hazırda Azərbaycanda 41 olimpiya-idman kompleksi var, 10 olimpiya-idman kompleksinin tikintisi davam etdirilir. Paytaxtımızda da güclü idman infrastrukturu yaradılır".
"Bakıda Birinci Avropa Oyunları keçirildi. Bu, unudulmaz günlər idi. Azərbaycan nəyə qadir olduğunu dünyaya göstərdi", deyən .dövlət başçısı bildirib ki, Azərbaycan cəmi 24 il müstəqillik dövründə böyük zirvələrə çata bildiyini göstərib: "İdmançılarımızın uğurlu çıxışları bizi xüsusilə sevindirir. 50 olimpiya komandası arasında Azərbaycan idmançıları ikinci yerə layiq görülüblər. Birinci Avropa Oyunlarında idmançılarımız 56 medal qazanıblar, bunlardan 21-i qızıldır. Bu, Azərbaycan idmanının böyük zəfəri idi".
Prezident İlham Əliyev vurğulayıb ki, gələn il Bakı nüfuzlu "Formula-1" və şahmat üzrə dünya çempionatına ev sahibliyi edəcək : "2017-ci ildə İslam Həmrəylik Oyunları da ölkəmizdə keçiriləcək. İdmanın inkişafı hər bir ölkənin ümumi inkişafını göstərir və bu, qazanılan medalların sayına da təsir edir".
Dövlət başçısı neftin qiymətini düşməsinə də münasibətini bildirb:"Ölkəmiz inkişaf edir. Lakin neftin qiymətinin düşməsi Azərbaycanı gəlirlərinin, büdcə xərclərinin azalmasına, milli valyutanın məzənnəsinə də təsir edib".
Prezident İlham Əliyev qeyd edib ki, neft gəlirlərimizin aşağı düşməsi milli valyutamıza da mənfi təsir edib: "Manatın məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neftin qiymətinin 3 dəfə düşməsidir. Yəni manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz idi. Biz il ərzində çalışırdıq ki, maksimum dərəcədə bunun qarşısını alaq. Gözləyirik ki, neftin qiyməti sabitləşsin. Neftin qiyməti 50 dollar səviyyəsində sabitləşəndə biz bir qədər rahatlandıq ki, devalvasiyaya ehtiyac qalmayacaq".
Prezident İlham Əliyev bildirib ki, hazırda neftin qiyməti 36 dollara düşüb: "ABŞ-da dollarla bağlı qəbul edilmiş son qərar da neftin qiymətinin düşməsinə xidmət edir. Burada digər geosiyasi amillər də var. Mən şəxsən hesab edirəm ki, neftin qiymətinin kəskin şəkildə düşməsinin iqtisadi əsasları yoxdur. Düzdür, dünya iqtisadiyyatı bir qədər tənəzzülə uğrayıb, templər bir qədər aşağı düşüb. Amma bu dərəcədə yox ki, neftin qiyməti il ərzində birdən birə 3 dəfə düşsün. Mən şəxsən hesab edirəm ki, bu, düşünülmüş siyasətdir, bu siyasətin də məqsədi heç kim üçün sirr deyil. Sadəcə, Azərbaycan bu vəziyyətdən əziyyət çəkir".
"Hökumətin qarşısında makroiqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın minimal səviyyədə olması, ölkədə istehsal olunan ərzaq və tikinti materiallarının, yanacağın qiymətinin sabit saxlanılması ilə bağlı vəzifələr qoyulub. Biz çalışacağıq ki, manatın məzənnəsi ilə bağlı qaçılmaz qərarın fəsadlarını azaldaq, minimum səviyyəyə endirək" ,deyən dövlət başçısı bildirib ki, süni bahalaşmaya yol verənlər, möhtəkirliklə məşğul olanlara qarşı cəza tədbirləri görüləcək: "Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, lisenziyalarla bağlı ciddi qərarlar qəbul olunub. İqtisadi-maliyyə sektorunda daha ciddi islahatlar aparılacaq. İqtisadi liberallaşma, inhisarçılığa qarşı mübarizə sahəsində tədbirlər görüləcək. Gömrük və vergi sistemində maksimum şəffaflıq təmin ediləcək".
Azərbaycan prezidenti bölşədə gedən proseslərə də diqqət çəkib və deyib:"Bölgədə proseslərin mənfi istiqamətdə getməsinə baxmayaraq, biz geosiyasi və hərbi riskləri azaldırıq".
O bildirib ki, xalqın əmin-amanlıq və rifah içərisində yaşaması, ölkədə siyasi və iqtisadi proseslərin müsbət istiqamətdə getməsi qarşıda duran əsas məqsədlərdir.
Prezident çıxışının sonunda idmançılara qarşıdan gələn 2016-cı ildə, xüsusən qarşıdan gələn növbəti Yay Olimpiya Oyunlarında yeni qələbələr arzulayıb.