“İctimai fikri çaşdırırlar” Siyasət

“İctimai fikri çaşdırırlar”

Azay Quliyev: "Yaqlandın Avropa Məhkəməsi qərarlarının icrasının monitorinqi üçün Azərbaycana nümayəndə göndərmək səlahiyyəti yoxdur"

Avropa Şurasının Baş katibi Turbyorn Yaqlandın Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrasının monitorinqini aparmaq üçün Azərbaycana nümayəndə heyəti göndərmək səlahiyyəti yoxdur. Təəssüflər olsun ki, Baş katib öz səlahiyyətlərini aşaraq əsasnaməyə zidd qərar qəbul edib.
Trend-in məlumatına görə, bunu Azərbaycan İnsan Haqları üzrə İşçi Qrupun üzvü, millət vəkili Azay Quliyev Yaqlandın Avropa Məhkəməsi qərarlarının icra edilməsi ilə bağlı monitorinq aparmaq məqsədilə Azərbaycana nümayəndə heyəti göndərməklə əlaqədar qəbul etdiyi qərara münasibət bildirərkən deyib.
Azay Quliyev qeyd edib ki, AŞ-nin Baş katibi Turbyorn Yaqlandın nümayəndəsi İşçi Qrupda təmsil olunurdu və müzakirələrdə iştirak edirdi: "Lakin bir müddət sonra həmin nümayəndə Qrupdan geri çağırıldı. Bu, Avropa Şurası rəhbərliyi tərəfindən qəbul olunmuş çox yanlış bir qərar idi. Baxmayaraq ki, İşçi Qrup birmənalı şəkildə qarşılıqlı dialoqun olmasında və inkişaf etdirilməsində çox maraqlıdır. Əməkdaşlıqdan bəhs edən Turbyorn Yaqland əməkdaşlığa və dialoq zidd bir addım atdı".
Azərbaycan İnsan Haqları üzrə İşçi Qrupun bu gün keçirilən iclasında Turbyorn Yaqlandın Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrasının monitorinqini aparmaq üçün Azərbaycana qrup göndərmək barədə bəyanatının da müzakirə olunduğunu söyləyən millət vəkili deyib ki, bu məsələ ilə bağlı hüquqşünaslar tərəfindən İşçi Qrupa hüquqi şərhlər verilib: "Məsələ ondadır ki, Avropa Şurasının Baş katibi Turbyorn Yaqlandın Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrasının monitorinqini aparmaqla bağlı Azərbaycana nümayəndə göndərmək səlahiyyəti yoxdur. Təəssüflər olsun ki, Baş katib öz səlahiyyətlərini aşaraq əsasnaməyə zidd qərar qəbul edib. Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi qərarların icrası ilə bağlı iştirakçı ölkəyə sorğular göndərilə bilər və həmin sorğular iştirakçı dövlətlər tərəfindən cavablandırıla bilər. Amma bunun üzərindən hər hansı bir mandata malik olmayan nümayəndə heyəti göndərməklə Avropa Şurası səlahiyyətlərini aşır. Bu məsələ ilə bağlı ölkə ictimaiyyətinin doğru məlumatlandırılması çox vacibdir. Bəzən bu məsələlərlə bağlı yanlış məlumatlar açıqlayaraq ictimai fikri çaşdırırlar".
Azay Quliyev deyib ki, bu məsələyə İşçi Qrup öz münasibətini bildirdi: "Avropa Şurası ilk növbədə öz qərarlarına hörmət etməli, Turbyorn Yaqland isə səlahiyyətlərini aşmamalı və düzgün qərarlar qəbul etməlidir".
Millət vəkili vurğulayıb ki, Azərbaycanda yaradılan İnsan Haqları üzrə İşçi Qrup insan haqları ilə bağlı məsələləri müzakirəsini aparmaq, problemləri həll etmək və məqbul qərarları qəbul etmək üçün ölkədə yaradılmış mükəmməl bir qurum, milli mexanizmdir. İşçi Qrup bu günə kimi öz sözünü dəfələrlə deyib.
Qeyd edək ki, İşçi Qrupda Prezident Administrasiyasnın, Milli Məclis üzvləri, bir sıra dövlət qurumlarının təmsilçiləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri təmsil olunurlar.