“Avrasiya İttifaqına üzvlük Azərbaycanın gündəliyində deyil” Siyasət

“Avrasiya İttifaqına üzvlük Azərbaycanın gündəliyində deyil”

Elmar Məmmədyarov: "Azərbaycanın Ermənistanla iqtisadi və gömrük birliyini nəzərdə tutan bu qurumda iştirakı necə mümkün ola bilər?"

Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarovun 2015-ci ilin yekunlarına dair müsahibəsini ixtisarla oxucularımıza təqdim edirik.


- Yaxın Şərqdə, özəlliklə İraq və Suriyada fəaliyyət göstərən İŞİD terrorçu təşkilatın Azərbaycana və eləcə də Cənub Qafqaza təsiri varmı və bu təsirinin qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

- Ümumilikdə, terror konkret regionlar üçün deyil, bütün dünya üçün təhlükədir, sülh və sabitliyin qorunub saxlanılmasına real təhdiddir. Terrorun hər hansı dinlə bağlılığı da yoxdur. Hazırda dünyanın müxtəlif regionlarında baş verən terror aktlarının İslam dini ilə əlaqələndirilməsi təəssüf doğurur və qəbuledilməz yanaşmadır. İslam sülh və əmin-amanlıq dinidir.

BMT Təhlükəsizlik Şurasının 2259 (2015) və 2253 (2015) saylı qətnamələrində İŞİD kimi özünü təqdim edən terror təşkilatı və Əl-Qaidənin beynəlxalq sülh və təhlükəsizliyə qlobal təhdid olduğu bir daha vurğulanır. Müsbət haldır ki, bu qətnamələr vasitəsilə BMT TŞ-nın Əl-Qaidəyə qarşı yaradılmış mexanizmləri, o cümlədən sanksiyalar siyahısı İŞİD-ə qarşı da tətbiq olunur. Terrorizmə qarşı mübarizədə davamılılıq olmalı, hər hansı yeni terror təşkilatının meydana çıxması əvvəlkilərin yaddan çıxarılması anlamına gəlməməlidir.

Terrorizmdən əziyyət çəkən bir dövlət olaraq, Azərbaycan terrorçuluqla mübarizədə beynəlxalq ictimaiyyətin səylərini dəstəklyir. Terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə qınayırıq. Bu xüsusda, BMT TŞ-nın 2259 və 2253 saylı qətnamələrinin tələblərinin həyata keçirilməsi istiqamətində Azərbaycan öz töhfələrini verməkdə davam edəcəkdir.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasında 2012-2013-cü illəri əhatə edən qeyri-daimi üzvlüyü çərçivəsində TŞ-ya sədrlik edən zaman 2012-ci ilin 4 may tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi və BMT-nin Baş katibi Ban Ki-Munun iştirakı ilə "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhdidlər: Terrorçuluqla mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi" mövzusunda yüksək səviyyəli görüşü keçirilmiş və yekun sənəd kimi Təhlükəsizlik Şurasının sədrinin bəyanatı qəbul edilmişdir. Bəyanatda terrorçuluğun bütün forma və təzahürləri pislənilmiş və terrorçuluğa qarşı bütün vasitələrlə mübarizənin vacibliyi bildirilmişdir.

Digər bir məqamı da nəzərə almaq lazımdır ki, terroru yaradan münaqişələrdir. Terrorçuluq bir çox hallarda təcavüzkar separatizmlə ayrılmaz şəkildə əlaqəlidir. Silahlı münaqişələrdən zərər çəkən ərazilər terrorçuluğun yayılması üçün münbit şərait yaradır. Ermənistanın xüsusi xidmət orqanlarının iştirakı ilə ASALA və digər erməni terror təşkilatları tərəfindən ölkəmizin ərazisində törədilmiş terror aktları bunun əyani sübutudur. Beynəlxalq ictimaiyyət beynəlxalq hüququn qəbul edilmiş norma və prinsipləri, xüsusilə ərazi bütövlüyünə hörmət və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında münaqişələrin həllini tezləşdirməli və dövlətlərə öz ərazisi üzərində suverenlik və təhlükəsizliyin bərpa edilməsində yardımçı olmalıdır.

Terrorçuluğun qarşısının alınması və onunla mübarizədə dinlər və mədəniyyətlər arasında hörmət və dialoqun təşviq edilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi önəmlidir. Azərbaycan əsrlər boyu müxtəlif dini icmaların sülh şəraitində yaşadığı yer olmuşdur. Bu gün Azərbaycan qlobal səviyyədə mədəniyyətlər və dinlərarası dialoq prosesinə öz töhfəsini verir. Əminik ki, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi bu istiqamətdə növbəti mühüm addım olacaqdır.

- Qazaxıstan və Belarus Azərbaycanı Avrasiya İttifaqında görmək istədiklərini bəyan ediblər. Azərbaycan hansı halda bu İttifaqa üzv ola bilər?

- Hal-hazırda Avrasiya İqtisadi İttifaqı adlanan təşkilata üzv olmaq məsələsi Azərbaycanın gündəliyində deyil, təşkilat və ya üzv dövlətlər tərəfindən də Azərbaycana bununla bağlı hər hansı rəsmi müraciət edilməyib. Bu ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Rusiya media nümayəndələrinin bənzər sualını cavablandıraraq mənim tərəfimdən "never say never" ("heç zaman heç vaxt demə") ifadə istifadə edilmiş və bunun mənası izah edilmişdi. Belə ki, Azərbaycan əraziləri Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistan tərəfindən işğal edildiyi və məlum səbəblərə görə bu iki dövlət arasında hər hansı əlaqələrin olmadığı şəraitdə Azərbaycanın Ermənistanla iqtisadi və gömrük birliyini nəzərdə tutan bu qurumda iştirakı necə mümkün ola bilər?

Hazırki şəraitdə Ermənistan Avrasiya İqtisadi İttifaqı ölkələrinin heç biri ilə sərhədə malik deyildir. Azərbaycanın qoşulub-qoşulmaması kimi gələcəyə aid sualdan asılı olmayaraq, Ermənistanın heç olmasa digər üzv dövlətlərlə səmərəli nəqliyyat dəhlizi imkanları olmalıdır. Digər üzv ölkələrlə Ermənistanı birləşdirən əsas və optimal nəqliyyat arteriyaları, o cümlədən dəmir yol xətti tarixən Azərbaycan ərazisindən keçirdi. Ona görə də ilk növbədə bütün region üçün təhlükə olan və ümumilikdə regional əməkdaşlığa mane olan Ermənistanın Azərbaycana qarşı işğalı aradan qaldırılmalıdır. Nəticə etibarilə, Ermənistan və Azərbaycan arasında qurulacaq əlaqələrin tərkib hissəsi kimi Avrasiya İqtisadi İttifaqı ölkələri Ermənistana çıxış üçün əlverişli nəqliyyat tranziti imkanları əldə bilərlər. Lakin, bu hələ Azərbaycanın bu təşkilata üzvlüyü demək deyildir.

Onu əlavə edə bilərəm ki, Azərbaycanın Avrasiya İqtisadi İttifaqının digər üzv dövlətləri ilə ikitərəfli əsasda intensiv və qarşılıqlı faydalı siyasi, iqtisadi, ticarət və humanitar əlaqələri mövcuddur. Birgə və davamlı səylər vasitəsilə bu əlaqələrin daha da inkişafı üçün böyük perspektivlər vardır.

- Son günlər cəbhə xəttində gərginliyin artması müşahidə olunur. Belə deyim var ki, diplomatların sözü qurtaranda silahlar danışmağa başlayır. Deyə bilərikmi ki, diplomatik resurslar artıq tükənmişdir və regionda sülhün saxlanması üçün status kvo dərhal dəyişdirilməlidir?

- Əslində 1994-cü ildə atəşkəs rejiminin tətbiq edilməsindən etibarən Ermənistan-Azərbaycan qoşunlarının təmas xətti və iki ölkənin sərhədi boyunca insan tələfatı ilə müşayiət olunan atəşkəsin pozulması halları heç zaman dayanmamış və müharibə 20 ildən artıq bir dövrdə davam edir. Bunun da əsas səbəbi Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın silahlı qüvvələrinin mövcudluğudur. Qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca I və II Dünya müharibəsinə bənzər formada əsgərlər, səngərlər və silahlar üzbəüz dayanmaqda davam edirlər. Ona görə də Ermənistanın işğalçı qoşunları işğal olunmuş ərazilərimizdən çıxarılmadan silahların susması və davamlı sülhün təmin olunmasından danışmaq qeyri-mümkündür. Ermənistanın nisbi atəşkəsə və status kvoya güvənərək münaqişənin fundamental əsasını təşkil edən işğal və təcavüz faktını aradan qaldırmadan sülhdən danışması özünü və beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey deyildir.

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması gərginliyin aradan qalxmasına, münaqişənin danışıqlar yolu ilə həlli və diplomatiyanın tam şəkildə özünü ifadəsi üçün mühüm zəmin yarada bilərdi. Təəssüf ki, 20 ildən artıq davam edən bir dövr ərzində bu imkandan lazımınca istifadə edilməmişdir. Mövcud status kvonun qeyri-davamlı və qəbuledilməz olduğu ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin prezidentlər və xarici işlər nazirləri səviyyəsində verdikləri bəyanatlarda da dəfələrlə ifadə olunmuşdur.

Odur ki, hal-hazırda danışıqlar prosesində müzakirədə olan mövcud təkliflərin həyata keçirilməsi üçün səylər daha da artırılmalı və mövcud status kvo dəyişdirilməlidir.

- Sizcə, nəyə görə rəsmi Yerevan Azərbaycanın Dağlıq Qarabağbölgəsinin erməni və azərbaycanlı icması arasında təmaslara imkan vermir?

- Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində etimad quruculuğu tədbirləri və xalqlararası dialoqdan danışarkən biz dəfələrlə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında təmasların yaradılması barəsində israrlı mövqe nümayiş etdirmişik. Hesab edirik ki, bu kimi təmaslar gələcək birgə yaşayışın təmin edilməsi baxımdan mühüm zəmin yarada və özlüyündə qarşılıqlı etimadın yaranmasına xidmət edərək, münaqişənin həllinə töhfə verə bilər. Əvvəlki illərdə əslən Azərbaycanın Dağlıq Qarabağbölgəsindən olan azərbaycanlı mədəniyyət və incəsənət xadimlərinin erməni icması nümayəndələri ilə görüşləri keçirilmiş və qarşılıqlı səfərlər təşkil etmişdi. Amma bir-iki belə təşəbbüsdən sonra Ermənistan tərəfi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında təmasların münaqişənin həllinə verə biləcəyi müsbət töhfələrini nəzərə alaraq, bunun qarşısını almağa yönəlmiş siyasət yürütdü. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının öz tarixi torpaqlarına qayıtmaq hüququnu inkar etmək məqsədilə bu kimi təmasların həyata keçirilməsinə mane olmağa çalışır. Bununla əslində Ermənistan bu əraziləri işğal etdiyini, etnik təmizləmə həyata keçirdiyini və ilhaqçı siyasət yürütdüyünü bir daha təsdiq edir. 16 iyun 2015-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının "Çıraqov və digərləri Ermənistana qarşı" işi ilə bağlı qərarında da işğal olunmuş ərazilərdən didərgin salınmış azərbaycanlı məcburi köçkünlərin mülkiyyət hüquqlarının pozulması faktı da öz təsbitini tapmışdır.

Digər tərəfdən rəsmi Yerevan işğal nəticəsində tamamilə təcrid vəziyyətində saxladığı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının azərbaycanlı icması ilə təmaslar vasitəsilə Azərbaycana olan meylliyin artmasından və Azərbaycanın sərhədləri daxilində firavan birgə yaşayış modelinin qəbul edilməsindən ciddi şəkildə narahatdır. Bir faktı da nəzərə almaq lazımdır ki, işğal olunmuş ərazilərdə, eləcə də Ermənistanın özündə sosial-iqtisadi vəziyyət olduqca ağırdır və kütləvi dərəcədə ifrat yoxsulluq vəziyyəti hökm sürür.

Ermənistan tərəfi anlamalıdır ki, bu kimi süni əngəllərin sonu yoxdur. Beynəlxalq hüquqa görə hər bir işğal müvəqqəti xarakter daşıdığı kimi, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf ərazilərin də işğalı müvəqqətidir. İşğal faktının mövcudluğu Azərbaycanın Dağlıq Qarabağbölgəsinin azərbaycanlı icmasını, eləcə də işğal edilmiş digər ərazilərdən qanlı etnik təmizləmə nəticəsində didərgin salınmış azərbaycanlı məcburi köçkünləri öz doğma torpaqlarına qayıtmaq və mülkiyyətlərinə yenidən sahib çıxmaq hüququndan məhrum edə bilməz.

Münaqişənin həllinin vacib elementi kimi ATƏT-in Minsk Qrupunun həmsədrləri, Avropa İttifaqı və digər beynəlxalq təsisatlar AzərbaycanınDağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında təmasları təşviq etməli və bu xüsusda, Ermənistana təzyiq göstərilməlidir.