“Ciddi addımlar atılmalıdır” Siyasət

“Ciddi addımlar atılmalıdır”

Vahid Əhmədov: "Dərmanların qiymətlərlə bağlı hökumətin apardığı siyasəti mən başa düşə bilmirəm"

"Dərmanların qiymətlərlə bağlı hökumətin apardığı siyasəti mən başa düşə bilmirəm". Belə bir açıqlama ilə millət vəkili Vahid Əhmədov çıxış edib. Onun qənaətinə görə, bu sahədə yaranmış acınacaqlı vəziyyətdən çıxış yolu kimi ölkədə dərman istehsalını stimullaşdırmaq lazımdır: "Ümumimiyyətlə dərmanların qiymətlərlə bağlı hökumətin apardığı siyasəti mən başa düşə bilmirəm. Özüm də bu gün dərman almışam və həmişə 3 manat aldığım dərmanı 3 dəfə baha – 10 manata almışam. Özü də bütün apteklərdə eyni acınacaqlı vəziyyətdir. Yəni hökumətin səs - küylü açıqlamalarına, camaatı muştuluqlamalarına baxmayaraq bir vətəndaş olaraq biz dərmanların qiymətlərində gözlənilən ucuzlaşma görmədik. Bilirsiniz ki, mən Milli Məclisdə də bu məsələni dəfələrlə qaldırmışam. Cənab prezident də bu məsələyə müdaxilə edərək qiymətlərin tənzimlənməsinə göstəriş verdi. Bununla bağlı xüsusui sərəncam imzalandı. Amma hələlik dərmanların qiymətlərində izah olunması mümkün olmayan ciddi artımlar görməkdəyik.
Hesab edirəm ki, bu vəziyyəti aradan qaldırmaq üçün ciddi addımlar atılmalıdır. Ümumiyyətlə, ölkədə dərman istehsalına çox böyük ehtiyac var. Bunun üçün hər cür imkanlarımız və keyfiyyətli xammalımız, əlverişli təbii şərait də var.
Azərbaycanda olan dərman bitkiləri bəlkə də dünyanın heç yerində yoxdur. Amma bütün bu təbii sərvətə baxmayaraq bir dənə normal zavodumuz yoxdur ki, nəinki ixrac edək, daxili tələbatımızı ödəyə bilək. Ola bilsin ki, nəhəng zavodlar tikmək xeyli xərc apardığından bundan imtina edilir, axı minizavodlar, hətta sexlər tikmək olar və müasir texnoloji avadanlıqlar gətirməklə bir çox dərmanları özümüz keyfiyyətlə istehsal edə bilərik".