18:57
322
XV Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Heydər Əliyev Konqres Mərkəzində kamera musiqisi axşamı keçirilib.
APA-nın Şirvan bürosu xəbər verir ki, konsert proqramında Avstriyanı təmsil edən gənc pianoçu və bəstəkar Aleksander Mariya Vaqner çıxış edərək dünya klassik musiqisinin görkəmli nümayəndələrinin əsərlərini, eləcə də öz bəstələrini tamaşaçılara təqdim edib.
Festival proqramına əsasən, avqustun 1-də keçirilən kamera musiqisi axşamı beynəlxalq musiqi əməkdaşlığının və klassik musiqi ənənələrinin təbliği baxımından diqqət çəkən tədbirlərdən biri olub.
Konsert Debüssinin "Sevinc adası" əsəri ilə başlayıb. Daha sonra Şubertin dörd əl piano üçün yazdığı "Fantaziya" (f-moll, op.103), Aleksander Mariya Vaqnerin müəllifi olduğu "Mohn" adlı beş miniatür, Skryabinin "Fantaziya"sı (b-moll, op.28) və Azərbaycan bəstəkarı Tofiq Quliyevin "Cəmilənin albomu" piano silsiləsindən seçilmiş əsərlər səsləndirilib.
İfaçı Aleksander Mariya Vaqner Avstriyanın tanınan gənc pianoçularından və bəstəkarlarından biridir. O, Zalsburqdakı "Mozarteum" Universitetində və London Kral Musiqi Kollecində təhsil alıb, Avstriya, Almaniya, Fransa, İtaliya, Böyük Britaniya, Rumıniya, İsveç, ABŞ və Azərbaycanda konsert proqramları ilə çıxış edib. Musiqiçi həm pianoçu, həm də bəstəkar kimi beynəlxalq musiqi ictimaiyyətində tanınır.
Tədbirdə Qəbələ sakinləri, şəhərin qonaqları, musiqi ictimaiyyətinin nümayəndələri və festival iştirakçıları iştirak ediblər. Tamaşaçılar ifaları alqışlarla qarşılayaraq konserti böyük maraqla izləyiblər.
Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və "Gilan"ın dəstəyi ilə keçirilən XV Qəbələ Beynəlxalq Musiqi Festivalı avqustun 3-dək davam edəcək. Festival çərçivəsində müxtəlif ölkələrdən tanınmış musiqiçilərin, orkestr və kollektivlərin iştirakı ilə klassik musiqi, kamera musiqisi, muğam və digər konsert proqramları təqdim olunur.





