“Xocalıda cinayət törədənlərin Ermənistanda hakimiyyətdə olması dözülməz haldır” Siyasət

“Xocalıda cinayət törədənlərin Ermənistanda hakimiyyətdə olması dözülməz haldır”

"Dözülməz haldır ki, Xocalıfaciəsinin törədilməsində birbaşa iştirak etmiş, qadınların, uşaqların, qocaların qanını tökmüş şəxslər bu gün Ermənistanda hakimiyyətdədirlər".

Bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov bildirib. O deyib ki, ən xoşagəlməyən hal ondan ibarətdir ki, terrorizmə, soyqırımlara qarşı çıxan dövlətlər, dövlət başçıları bir sıra hallarda Xocalı faciəsini törədən, Xocalıdakı insanların qanına əlini bulamış insanları nəvazişlə qəbul edirlər: "Bu, dünyadakı ikili standartların ən ifrat formasıdır. Nə qədər ki, bu ikili standartlar aradan qaldırılmayıb, nə qədər ki, bütün faciələrə, o cümlədən Xocalı faciəsinə düzgün, ədalətli hüquqi və siyasi qiymət verilməyib, təbiidir ki, onda dünyada ədaləti, sülhü, əmin-amanlığı bərqərar etmək olmaz. Yeni-yeni faciələrin qarşısını almaq mümkün deyil. Necə ki bu gün bütün dünyada insanları lərzəyə salan faciələr baş verir. Xocalı faciəsi baş verəndə bu faciələr yox idi, ancaq ondan sonra Avropanı lərzəyə salan Balkan faciələri başladı, bu gün dünyanı lərzəyə salan Yaxın Şərq faciələri başladı. Əlbəttə, bir faciəyə layiqli qiymət verməyəndə, cinayəti törədənlər qanun qarşısında cavab verməyəndə təbii ki, növbəti faciələr baş verir, necə ki, biz bunu tarixdə görmüşük. Dünya dövlətləri bu faciələrdən lazımi nəticələr çıxarmalıdırlar ki, növbəti dövrlərdə belə faciələr baş verməsin".