“Kreml Azərbaycanın ərazi bütövlüyünə da hörmət etməlidir” Siyasət

“Kreml Azərbaycanın ərazi bütövlüyünə da hörmət etməlidir”

Elxan Şahinoğlu: "Rusiya təminat verməlidir ki, bu silahlar Azərbaycanın işğal altındakı torpaqlarında yerləşdirilməyəcək"

Son vaxtlar Rusiyanın Ermənistana silah almaq üçün bu ölkəyə 200 milyon dollar kredit ayırması barədə yayılan xəbərlər Azərbaycan cəmiyyətində, eləcə də ölkənin rəsmi dairələrində ciddi narahatçılığa və etiraza səbəb olub. Belə bir həssas dönəmdə işğalçı ölkənin şimal qonşumuz tərəfindən dolayı yolla silahlandırılması Qarabağda hərbi əməliyyatlar riskini artırdığından rəsmi Bakı Moskvaya öz etirazını bildirib. Xəbərlərdən də aydın olduğu kimi Azərbaycan Xarici İşlər Nazirliyi ötən həftə Rusiyaya nota göndərərək Kremlin işğalçı Ermənistana silah və hərbi texnika alınması üçün 200 milyon dollar kredit verməsindən narahatçılığını ifadə edib. Bu ərəfədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putin arasında baş tutan telefon danışıqları da təsadüfi sayıla bilməz. Güman edilir ki, Azərbaycan dövlət başçısı da rusiyalı həmkarı ilə telefon danışıqlarında sözügedən məsələyə toxunaraq rəsmi Bakının narahatçılığını diqqət çatdırıb.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, istənilən ölkəyə silah satması və ya bu məqsədlə kredit ayırması Rusiyanın hüququdur. Politoloq onu da qeyd edir ki, ancaq Kreml hər yerdə beynəlxalq hüququn aliliyindən və Suriyanın ərazi bütövlüyünə hörmətdən danışır: "Buna görə də Kreml Suriya kimi Azərbaycanın ərazi bütövlüyünə da hörmət etməlidir. Rusiya Ermənistana silah verə bilər, ancaq üzərinə təminat götürməlidir ki, bu silahlar Azərbaycanın işğal altındakı torpaqlarında yerləşdirilməyəcək. Elə Azərbaycan Xarici İşlər Nazirliyinin notası da məhz bu sözlərlə bitir ki, Rusiya 200 milyon dollarlıq silah və texnikanın işğal altındakı ərazilərdə yerləşdirməyəcəyinə dair zəmanət verməlidir". Elxan Şahinoğlunun szlərinə görə, Kreml belə bir zəmanət verməyəcək: "Çünki Rusiya həmin silah və texnikanı kasıb Ermənistana məhz ona görə verir ki, separatçılar Azərbaycan qarşısında hərbi nöqteyi nəzərdən zəifləməsinlər. Azərbaycanın hərbi imkanları və hərbi büdcəsi ilbəil artır. Ermənistanın isə belə imkanları yoxdur. Ona görə də Rusiya Ermənistana köməyini artırır. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik mətbuat konfransında bu mövzuda suala cavab verərkən deyib ki, Moskva Cənubi Qafqazda balansı saxlamaq üçün həm Azərbaycana, həm də Ermənistana silah satır. Əslində bu belə deyil. Rusiya Azərbaycana silah satır və pul qazanır, Ermənistana isə silahı pulsuz verir və bundan qazancı olmur". Politoloq bildirib ki, rəsmi Bakının Moskvaya göndərdiyi notadan iki gün sonra Azərbaycan və Rusiya prezidentləri telefonla danışıblar: "Rəsmi məlumatda prezidentlərin Suriyada əldə olunan atəşkəs razılaşmasından danışdıqları bildirilib. Bir gün sonra, yəni fevralın 26-da prezidentlər yenidən telefonla danışıblar. Beləliklə, Azərbaycan və Rusiya prezidentləri iki gün ərzində (25 və 26 fevral) iki dəfə telefonla danışıblar. Yaxın tarixdə Rusiya və Azərbaycan prezidentlərinin iki gün ard-arda telefonla danışdığını xatırlamaq çətindir. Azərbaycan o ölkə deyil ki, Moskva Bakı ilə beynəlxalq mövzuları geniş müzakirə etsin. Rusiyanın Ermənistana silah almaq üçün verdiyi 200 milyon dollarlıq kreditdən sonra prezidentlərin Dağlıq Qarabağ probleminin müzakirəsi də az ehtimal olunur. Bu Putin üçün aktual mövzu deyil. Bəs onda prezidentlər nəyi müzakirə ediblər?
Birincisi, İlham Əliyev İrana səfərinin nəticələri barədə Vladimir Putini məlumatlandıra bilərdi. Çünki, Azərbaycan prezidentinin İrana səfərinin Rusiyaya da aidiyyatı var. Azərbaycan Rusiya ilə İran arasındakı dəmir yolu tikintisini bu ilin sonuna qədər başa çatdırmaq istəyir. Bunun nəticəsində Rusiya öz mallarını həm İrana, həm də İran üzərindən Fars körfəzi üzərindən başqa Asiya ölkələrinə ixrac edə bilər. İran da öz növbəsində mallarını Azərbaycan və Rusiya üzərindən Avropa ölkələrinə daşıya bilər. Yəni rəsmi Bakının şimal-cənub xəttini birləşdirməsindəki təşəbbüskarlığı Rusiyanın da xeyrinədir. İkincisi, Rusiya Suriya məsələsində Azərbaycanın neytral qalmasını istəyir. Digər tərəfdən Putin Suriya məsələsində rəsmi Bakının Türkiyəni dəstəkləməsini və Azərbaycanın "İslam koalisiyasında" yer almasını istəmir". Elxan Şahinoğlu hesab edir ki, bu məsələdə Kremlin narahatlığı üçün əsas yoxdur. Çünki Azərbaycan Suriya məsələsində neytrallığını qoruyacaq, "islam koalisiyasına" üzvlük də planda yoxdur: "Rəsmi Bakı Suriyaya görə balanslaşdırılmış xarici siyasətindən imtina etməyəcək".