XİN hesabat hazırlayıb Siyasət

XİN hesabat hazırlayıb

Azərbaycan Xarici İşlər Nazirliyiilk dəfə "İşğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz iqtisadi və digər fəaliyyətlər" adlı hesabat hazırlayıb.
Bununla bağlı mətbuat konfransı keçirən XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, hesabatda əks olunmuş məlumatlar daha çox açıq erməni mənbələrindən toplanıb və bu məqsədlə 500-dən çox mənbədən istifadə edilib.
Hikmət Hacıyev deyib ki, hesabat yeddi hissədən ibarətdir: "Giriş hissəsində bu məsələ barəsində və hesabatın hazırlanmasında istifadə olunan metodologiya haqqında məlumat verilir. İcmal hissəsində hesabatın gəldiyi nəticələr təqdim olunur. Daha sonra Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı, Ermənistanın gəlir əldə etmək məqsədilə işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər aparması, Azərbaycan ərazilərinin işğalının davamı və bu ərazilərdə qeyri-qanuni fəaliyyətlərlə əlaqədar Ermənistanın öhdəliyi və məsuliyyəti, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qeyri-qanuni işğalı və ilhaqı cəhdlərinin dərhal dayandırılması üzrə təxirəsalınmaz tədbirlər kimi bölmələr var".
Hikmət Hacıyev qeyd edib ki, əldə olunan məlumatlar işğal altındakı ərazilərdə beynəlxalq hüquqa məhəl qoyulmadan məskunlaşma, mülkiyyət, təbii və digər sərvətlərin vəhşicəsinə istismarı, talan edilməsi və qeyri-qanuni ticarət də daxil olmaqla, davamlı fəaliyyətlərin həyata keçirildiyini sübut edir: "Dəlillər göstərir ki, Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin işğal olunmuş hissəsi boyunca təbii sərvətlərin qeyri-qanuni daşınması həyata keçirilir və Azərbaycanın işğal altındakı ərazilərində qanunsuz istehsal olunmuş məhsulların, eləcə də minerallar və digər sərvətlərin həmin ərazilərdən beynəlxalq bazarlara daşınması üçün Ermənistan nəqliyyat məntəqəsi rolunu oynayır".
Hikmət Hacıyev deyib ki, Ermənistanın həyata keçirdiyi siyasət və təcrübə onun açıq-aşkar Azərbaycan ərazilərinin işğalının möhkəmləndirilməsi və hərbi qüvvələr tərəfindən işğal edilmiş və kütləvi şəkildə etnik təmizləmə aparılmış həmin ərazilərin ilhaqının təmin edilməsi niyyətini sübut edir.
Onun sözlərinə görə, Ermənistan tərəfinin bu hərəkətlərinə qarşı adekvat beynəlxalq reaksiyanın olmaması yalnız onun cəzasızlıq və özbaşınalıq hisslərinin artmasına yardım edir: "Bu baxımdan Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə tam riayət etməyə, dərhal həm ermənilərin, həm də xarici vətəndaşların işğal olunmuş ərazilərə köçürülməsini, Azərbaycanın işğal olunmuş ərazilərində iqtisadi və ticarət fəaliyyətini dayandırmağa və gələcəkdə belə fəaliyyətlərdən çəkinməyə, həmin ərazilərdəki arxeoloji, mədəni və dini abidələr daxil olmaqla, mədəni irs nümunələri və müqəddəs yerlərin dağıdılması və talan edilməsini dayandırmağa məcbur etməyə çağırır. Azərbaycan beynəlxalq ictimaiyyətin bütün üzvlərini Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərində hər hansı qeyri-qanuni fəaliyyətin həyata keçirilməsi və onda iştirak daxil olmaqla, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə öz ərazilərində hər hansı fiziki və hüquqi şəxslər tərəfindən həyata keçirilən fəaliyyətin milli qanunvericilik imkanları nəzərə alınmaqla, qarşısını alacaq effektiv tədbirlər görməyə çağırır".
XİN sözçüsü qeyd edib ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaq edilməsinə cəhd göstərən siyasəti uğursuzluğa məhkumdur. Onun sözlərinə görə, münaqişənin davamlı və uzunmüddətli həllinə nail olmaq üçün yeganə yol BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində tələb edildiyi kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasının təmin olunmasıdır: "Azərbaycan öz suverenliyi və ərazi bütövlüyünün, xüsusilə işğal olunmuş ərazilərində hər hansı bir yol və vasitə ilə qeyri-qanuni fəaliyyətin həyata keçirilməsi və ya onda iştirak daxil olmaqla, pozulmasına imkan verməyəcək. Beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü, eləcə də vətəndaşlarının hüquqları və qanuni maraqlarını qorumaq üçün Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlərlə bağlı özünün milli hüquq sistemi və qeyri-qanuni fəaliyyətə cəlb olunmuş üçüncü ölkənin yerli məhkəmələri vasitəsilə fərdlər və şirkətləri təqib etmək məcburiyyətində qalması kimi hər hansı bir fəaliyyətin nəticələrinin məsuliyyəti bütünlüklə Ermənistanın və qeyri-qanuni fəaliyyətə cəlb olunmuş fiziki və hüquqi şəxslər, şirkətlər və qurumların üzərinə düşəcək".

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejim üçün pul və sikkələrin çapı da Xarici İşlər Nazirliyinin diqqətində olan məsələdir.
O bildirib ki, məsələ Dağlıq Qarabağda qanunsuz maliyyə və fiskal fəaliyyətlərlə bağlı bölmədə qeyd olunub. "Bu pulların numizmatika kolleksiyalarına daxil edilməsinə qarşı addımlar atılır".

Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlər həyata keçirən xarici vətəndaşların, hüquqi və fiziki şəxslərin məsuliyyətə cəlb olunması gündəlikdədir.
O bildirib ki, Respublika Baş Prokurorluğu və digər hüquq-mühafizə orqanları ilə birgə müvafiq işlər aparılır: "Belə bir fakt var ki, İsveçrə şirkətlərindən birinin sahibi Frank Müller barəsində cinayət işi başlanıb. Əvvəlcə o şəxsin vətəndaşı olduğu ölkəyə müraciət edilib. Onun qeyri-qanuni fəaliyyətin qarşısının alınması üçün effektiv tədbir görülmədiyindən Azərbaycanın milli qanunvericiliyi əsasında cinayət işi açılıb".
Hikmət Hacıyevin sözlərinə görə, ATƏT-in həmin ərazilərdə təşkil etdiyi faktaraşdırıcı missiyasının bəyanatda deyilir ki, bu cür qeyri-qanuni fəaliyyətlər münaqişənin həllinə ciddi maneə törədir: "Təkzibolunmaz faktlarının nəticələrinin aradan qaldırılması üçün təsiredici addımlar atılmayıb. Bu xüsusi müzakirə mövzusudur. Həmsədrlər münaqişənin həllində bilavasitə vasitəçi olduqları üçün onlar tərəfindın də müvafiq addımlar atılmalıdır. Onu da qeyd edim ki, bu kimi missiyalarla bağlı ermənilər tərəfindən ciddi maneələr yaradılır".
Hikmət Hacıyev bildirib ki, işğal altında olan ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlər, əsasən, erməni diasporu ilə əlaqəsi olan və erməni əslli şəxslər tərəfindən həyata keçirilir: "Amma qazanc məqsədi ilə bu işlə məşğul olan xarici vətəndaşlar da var. Bununla yanaşı, humanitar missiya adı altında vergidən azad olan şəxslər həmin ərazilərdə müxtəlif infrastruktur layihələr həyata keçirirlər. Xarici ölkələrin hüquqi və fiziki şəxsləri bu layihələrə cəlb olunduğu halda, biz bu məsələni onların vətəndaşı olduğu ölkə ilə hökumətlərarası komissiyaların iclasında da qaldırırıq".
XİN sözçüsü Suriya böhranı başlayandan erməni mənşəli suriyalıların işğal altında olan Azərbaycan ərazilərində məskunlaşdırıldığını da deyib: "15-20 min suriyalı qaçqının işğal altındakı ərazilərimizdə qeyri-qanuni yerləşdirilməsinə dair məlumatlar var. Ermənilər isə bununla bağlı real faktları gizlədirlər".