“Vacib məsələlər müzakirə edilib” Siyasət

“Vacib məsələlər müzakirə edilib”

Bahar Muradova: "Əsas müzakirə mövzusu transmilli təhlükələrlə bağlı idi"

Ülviyyə Ağayeva: "İnsanların zəkası müharibələrə, qanlı münaqışələrə deyil, problemlərin dinc yolla həll olunmasına yönəlməlidir"

Avstriyanın paytaxtı Vyana şəhərinda keçirilən ATƏT Parlament Assambleyasının (ATƏT PA) 15-ci qış sessiyası başa çatıb. Azərbaycan Milli Məclisinin qurumdakı yeni nümayəndə heyətinin də qatıldığı iclasda bir çox məsələlər müzakirə edilib. Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova ATƏT-in qış sessiyasında vacib məsələlərin müzakirə edildiyini deyib: "ATƏT-in qış sessiyasında bir sıra vacib məsələlər müzakirə edildi. Həm komitələrin birgə iclasında, həm də ayrı-ayrı komitə iclaslarında əsas müzakirə mövzusu transmilli təhlükələrlə bağlı idi. Xüsusilə, terrorizmlə mübarizə, ayrı-ayrılıqda Suriya, Ukrayna böhranı, bu böhranlar nəticəsində müharibə qaçqınlarının Avropaya çoxsaylı axınının yaratdığı və onların özlərinin yaşadığı problemlər, o cümlədən, həlli uzadılmış konfliktlər məsələsi çıxışların əsas predmetini təşkil edirdi. Hər zaman ATƏT regionunda çox ciddi təhlükələrin yüksələn tendensiya ilə artmasının şahidi oluruq. Bu təhlükələr ATƏT regionundan qaynaqlandığı kimi, ATƏT-ə qonşu ölkələrdə, regionlarda baş verən proseslərin təsiri kimi meydana çıxır".
Nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, terrorla mübarizədən söhbət gedirsə, bu məsələdə Azərbaycan susqunluq nümayiş etdirə bilməz: "Bir yerdə ki, söhbət terrorizmlə mübarizədən, qaçqınlardan, konfliktlərdən gedirsə, deməli, bu məsələlər bilavasitə bizimlə bağlı olan məsələlərdir. ATƏT-in qış sessiyasında bizi narahat edən bir çox məsələlər də ciddi tənqid obyekti oldu. Hesab edirik ki, kifayət qədər faydalı və səmərəli müzakirələr aparıldı. Amma bu müzakirələrin məzmunu faydalı idi. ATƏT regionu və haqqında söhbət apardığımız problemlər üçün nəticələrin nə dərəcədə faydalı olacağını isə gələcək göstərəcək".
Bahar Muradova nümayəndə heyətinin yeni tərkibinin aktiv olmasını da vurğulayıb: "Qeyd etməliyik ki, Azərbaycan nümayəndə heyəti hər zaman olduğu kimi ATƏT gündəliyini məşğul edən bütün məsələlər , o cümlədən, gündəliyə daxil edilməyən problemlərlə bağlı da öz mövqeyini bildirib. Söyləməliyik ki, ATƏT PA-nın qış sessiyasında tərkibin yenilənmiş nümayəndə heyəti ilə iştirak etdik. Nümayəndə heyətinin hər biri məsələlər ətrafında fikirlərini, mövqelərini bildirdilər". "ATƏT PA-nın fəaliyyətindən gələcək üçün nə gözləmək olar" sualına Milli Məclisin sədr müavini belə cavab verib: "Gözləntilərimiz dünyanı narahat edən məsələlərə beynəlxalq hüquq prinsiplərindən yanaşma və ədalətli həll variantları ola bilər. Bu illər ərzində müharibə, onun doğurduğu fəlakətlər, yaranmış atəşkəs, atəşkəsin pozulmasının meydana çıxardığı zəngin təcrübəmiz var. Ona görə də belə konfliktlərin heç də asan həll olunacağını söyləmək, bütün mövqeləri bir araya gətirərək məsələyə ümumi yanaşmanı formalaşdırmaq çox çətindir. Sadəcə, bu səylərin nəticə verməsini arzulayardıq. Həm Avropanı, həm ayrı-ayrı regionları, həm də ölkəmizi təhdid altına alan təhlükəni aradan qaldırmaq üçün ATƏT də beynəlxalq təşkilat olaraq öz imkanlarından və səlahiyyətlərindən maksimum istifadə edə biləydi. Bu, bir arzudur. Reallığın nə olacağını isə zaman göstərəcək".
Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Ülviyyə Ağayeva bildirib ki, iclasın keçirildiyi gün Xocalı soyqırımının 24-cü ildönümünə təsadüf edirdi. Millət vəkillərimiz öz çıxışlarında dünyada baş verən silahlı toqquşmalar, qarşıdurmalar, terror nəticəsində həyatını itirən minlərlə dinc insanı, o cümlədən Xocalıda baş vermiş faciənin qurbanlarını da yad etdilər. Dünya xəritəsində yeni münaqişələrə əngəl olmaq, getdikcə dərinləşən qaçqın probleminin qarşısını ala bilmək, bu problemlərin həlli yolunu birgə tapmaq, günahkarların cəzalandırılmasına nail olmaq və geri dönmək ümidindən başqa hər şeyini itirmiş insanlara kömək etmək uğrunda bütün insanları birləşməyə səslədilər: "Düşünürəm ki, bu talesiz insanları qınamaqdansa, onları bu həyatı yaşamağa məcbur edən səbəblər araşdırılmalıdır. Mən miqrasiya haqqında danışarkən diqqəti ilk növbədə mənəvi təcavüzə məruz qalmış körpələrə yönəltmək istəyirəm. Baş verənlərdə onların heç bir günahı yoxdur. Qaçqın və köçkün həyatı yaşamağa məcbur olmuş dinc insanların Avropaya üz tutması hər kəsə məlum olan səbəblər üzündəndir. Qaçqınları Avropaya üz tutmaqda günahlandırmaqdansa, həmin insanları buna vadar edən səbəbləri araşdırıb, onlara qarşı çıxmalıyıq". Millət vəkili əlavə edib ki, sessiyada Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın çıxışı xüsusilə qeyd edilməlidir: "Bahar Muradovanın Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Qeqamyanın çıxışına münasibətini də razılıqla qarşıladılar. Bahar xanım əslində hər birimizin ürəyindən keçən fikri gözəl şəkildə ifadə etdi. Qeqamyanı bir siyasətçi kimi fərqləndirən cəhətləri belə açıqladı: "Bilirsinizmi, sizinlə mənim bir siyasətçi kimi fərqimiz nədədir? Siz əli azyaşlı günahsız uşaqların, qadınların, qocaların qanına batmış, gec-tez ədalət məhkəməsi qarşısına çıxacaq bir prezidenti dəstəkləyirsiniz. Mən isə dünyada sülh, qarşılıqlı yardım, multikultural dəyərləri, ölkəsinin iqtisadi və coğrafi imkanlarını bir örnək kimi təqdim edən prezidenti dəstəkləyirəm. Buna görə də, sizin çıxışlarda konstruktivlik və sülhpərvərlik əvəzinə daha çox aqressiya və süni emosionallıq hiss olunur. Xahiş edirəm, öz çıxışlarınızda bir daha mənim prezidentimin adını çəkməyin!". Onun sözlərinə görə, müasir insanların həyata baxışları dəyişməlidir: "XXI əsrdə yaşayırıq. Artıq insanların həyata baxışları da dəyişməlidir. İnsanların zəkası müharibələrə, qanlı münaqışələrə deyil, problemlərin dinc yolla həll olunmasına yönəlməlidir".