Prezident çox düzgün qərar qəbul etdi Siyasət

Prezident çox düzgün qərar qəbul etdi

Qüdrət Həsənquliyev: Azərbaycan Prezidentinin Dağlıq Qarabağı Azərbaycandan indi və yaxud gələcəkdə qoparacaq hər hansı sazişə imza atacağını düşünmürəm

Rusiyanın Qarabağ cəbhəsində atəşkəsə nail olmasından sonrakı proseslər Moskvanın əsas söz sahibi olduğunu bir daha ortaya qoydu. İndiki situasiyanın Azərbaycanın maraqlarına nə dərəcədə uyğun olub-olmadığı müzakirə mövzusudur. BAXCP sədri, deputat Qüdrət Həsənquliyev bir neçə il öncə Qarabağın azad olunması müqabilində Azərbaycanın Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqına qoşulmağını da mümkün saymışdı. Elə söhbətimizdə ilk öncə bu məsələdən danışdıq.

- Qüdrət bəy, artıq iki gündür rus əsgərlərinin Qarabağda yerləşdirildiyi barədə şayiələr yayılmağa başlayıb. Atəşkəsin məhz Rusiyanın müdaxiləsindən sonra bu kimi xəbərlərin yayılması, sizcə, məqsədli ola bilərmi? Moskva vəziyyətdən istifadə edib ordusunu Qarabağa yeridə, yaxud Azərbaycana hansısa şərtlərini diktə edə bilərmi?

- Əvvəla, prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, olmayacaq və biz Xankəndində öz bayrağımızı dalğalandıracağıq. Ona görə prezidentin Dağlıq Qarabağı Azərbaycandan indi və yaxud gələcəkdə qoparacaq hər hansı sazişə imza atacağını düşünmürəm. Onu da nəzərə alaq ki, hələ prezident özü 1918-ci ildə Xalq Cümhuriyyətinin banilərini yeri gələndə qınayıb ki, onlar İrəvanı Ermənistana veriblər. Özü də o dövrdə yoxdan bir dövlət qurulmuşdu və Azərbaycanın vəziyyəti indikindən min dəfələrlə ağır idi. Yəni hətta prezident İrəvanın güzəştə gedilməsini qəbul etmir. Belə bir şəxsin özünün indi gedib Qarabağın itirilməsinə yol açacaq hansısa sənədə imza astacağına inanmıram. Ona görə ki, Azərbaycanda belə bir sənədə imza atılması o şəxsin nəinki özünü, həmçinin, bütün nəslini əsrlər boyu lənət obyektinə çevirməkdir.

- Bəs, atəş nəyin müqabilində dayandı?

- Mən düşünürəm ki, prezident çox düzgün qərar qəbul etdi. Gördünüz ki, Rusiya prezidenti üç gün ərzində məsələyə qarışmadı və bu müddətdə Azərbaycan çox qətiyyətli mövqe ortaya qoydu. Prezident o zaman atəşkəsə getdi ki, artıq Putinin özü İlham Əliyevə zəng etdi. Bundan sonra artıq Azərbaycan atəşkəsə razılıq verməsəydi, ölkəmiz üçün çox çətin vəziyyət yaranardı.

- Bəs, Putin niyə üç gün, 72 saat susdu? Hətta zəng etdiyi barədə xəbər rəsmən təkzib olundu.

- Məncə, Putinin zəng etməməsi həm də onunla bağlı idi ki, Azərbaycan ordusu öz gücünü Emənistana göstərsin.

- Moskva Ermənistanı cəzalandırmaqmı istəyirdi?

- Ermənistan Dağlıq Qarabağ məsələsində həddindən artıq maksimalist bir mövqe tutub. Onlar hətta Rusiyanın da müəyyən güzəştlə bağlı təkliflərini qəbul etmirdilər. Bundan sonra Sərkisyana mesaj verildi ki, bizim müdafiə etməyəcəyimiz təqdirdə Azərbaycanla üz-üzə dayanmaq üçün sizin heç bir şansınız yoxdur. Bizim hökumət açıq bəyan etməsə də, Rusiyanı formal olaraq vasitəçi kimi qəbul etsə də, qeyri-rəsmi biz bilirik ki, Azərbaycan hökuməti də çox gözəl bilir ki, münaqişənin tərəfi Rusiyadır. Ona görə də burada artıq Rusiya ilə danışmaq və hesablaşmaq lazımdır. Ona görə də mən zamanında təkliflər irəli sürürdüm ki, Azərbaycan Rusiya ilə oturub danışmalıdır. Əgər Rusiya Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bu problemin həllinə öz töhfəsini vermiş olsa, Bakı Rusiyanın istədiyi kimi - hansı ki, Lavrov bunu Bakıda açıq formada ilk dəfəydi dilə gətirirdi - həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, həm də Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ola bilər. Düşünürəm ki, bu, Azərbaycan üçün də xeyirli olar, Rusiya üçün də. Əslində biz onda Ermənistanla eyni hərbi-iqtisadi ittifaqda olacağıq və Ermənistanın bəhanəsi olmayacaq ki, Dağlıq Qarabağda ermənilərin sıxışdırılacaq və s.

- Ancaq bu gün ərazilərin 5+2 formasında azad olunmasından danışılır. Bu təklif qəbulolunandırmı?

- Birmənalı şəkildə yox. Hələ mən sülh sazişini bir kənara qoyuram. Ermənistan tərəf atəşkəs haqqında yeni sazişə gedilməsini istəyir. Mən inanmıram ki, Azərbaycan tərəf buna getsin. Amma bundan sonra istənilən bir sazişə gediləcəksə, orada ilk növbədə Azərbaycanın ərazi bütövlüyü müddəası öz əksini tapmalıdır. Yəni birinci bənd olmalıdır ki, tərəflər qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıyır və buna hörmət edir. Belə bir maddəsiz hər hansı bir sənədə imza atılması Azərbaycanın özünü tələyə salması və indiki üstün mövqelərindən lazımi şəkildə yararlana bilməməsi demək olardı.

- Lavrov dedi ki, artıq razılaşmanın müəyyən komponentləri dəqiqləşib. Masa üzərindəki sənəddə nələrdən bəhs olunub, məlumatlısınızmı?

- Müxtəlif informasiyalar sızıb. Söhbət ondan gedir ki, 5 rayon qaytarılır, 2 rayon və Dağlıq Qarabağın statusu sonraya saxlanılır, əraziyə sülhməramlılar yerləşdirilir. Əsasən Rusiya sülhməramlılarından söhbət gedir. Hesab edirəm ki, bu format faktiki surətdə Dağlıq Qarabağın itirilməsi olacaq. Bunu tək mən demirəm, bütün ekspertlər söyləyir. Ola bilər ki, biz açıq şəkildə Dağlıq Qarabağı erməniyə verdiyimizi demirik, amma... Deyir tısbağanı ya öldür, ya da arxası üstə çevir, bu, eyni şeydir. Ona görə də Azərbaycanın bu razılaşmaya gedəcəyini gözləmirəm. Hal-hazırda hər şey Azərbaycan-Rusiya danışıqlarından asılıdır. İndi Azərbaycanın üstün bir mövqeyi var.

- Rusiyanın proseslərdə aparıcı rol almasına beynəlxalq aləm nə deyir? Heç kəsə sirr deyil ki, Rusiyanın bölgədə hakimi-mütləq olması onların da maraqlarına ziddir. Bu barədə məlumatlısınızmı?

"Azərbaycan Ermənistanla ərazi mübadiləsinə də gedə bilər"

- Faktiki surətdə ABŞ və Fransanın münaqişədə simpatiyası Ermənistan tərəfdədir. Ancaq onlar öz sifətlərini qorumaq üçün açıq şəkildə Azərbaycana deyə bilmirlər ki, sən Dağlıq Qarabağı ver Ermənistana. Onların təkliflərinin mahiyyəti əslində bundan ibarətdir. Yəni Azərbaycanın referendum keçirilməsinə razı salınması faktiki olaraq "Qarabağı ver" deməkdir. Hamımız bilirik ki, ABŞ və Fransada güclü erməni lobbisi var və bunların siyasi hakimiyyətə təsir imkanları həddindən artıq böyükdür, Rusiya isə Ermənistanın hərbi-siyasi müttəfiqidir. Ona görə də həmsədrlər Rusiyayönümlü bir qrupdur. Bu mənada öz aralarında nə qədər ziddiyyət olsa da, Dağlıq Qarabağ məsələsində bunların mövqeləri üst-üstə düşür.

- Ancaq əvvəlcədən hərbi əməliyyatlara başlayacağı halda Azərbaycanın təklənəcəyi barədə proqnozlar təsdiqini tapmadı. Ən azı Qərbdən sərt təpki görmədik. Sizcə, nə dəyişdi, ortada anlaşmamı var idi?

- Mən hesab edirəm ki, burada bir anlaşma var idi. Yəni Rusiya Minsk Qrupunun həmsədrləri ilə razılaşmışdı ki, Ermənistanı maksimalist mövqedən bir az geri çəksinlər, heç olmasa Dağlıq Qarabağın mərhələli şəkildə qoparılmasına razılıq versin. Amma Ermənistan birmənalı şəkildə tələb edir ki, Azərbaycan maksimum 5 il ərzində orada referendum keçirilməsinə razılıq verməlidir. Ona görə də məncə, burada bir razılaşdırılmış mövqe ortada idi. Böyük dövlətlər də bəzən müəyyən reallıqlarla razılaşmaq zorunda qalırlar. Azərbaycan gərək o reallığı yarada ki, dünya birliyi Dağlıq Qarabağı Azərbaycandan qopartmağın mümkün olmayacağını başa düşə. Yəni bilə ki, Azərbaycan xalqı çox böyük itkilərə gedə bilər, amma Dağlıq Qarabağı verməyəcək. Biz 1941-45-ci illərdə 300-400 min arası insan itirmişdik. Qarabağ uğrunda ilk müharibədə biz 20 min şəhid vermişik. Son döyüşlərdə 80 nəfərə yaxın şəhidimiz var, Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ancaq torpaqlarını azad etmək istəyən istənilən dövlət və xalq bu itkiləri göz önünə almalıdır.

- Yeri gəlmişkən, xalqın əzmi, qətiyyəti çoxlarını heyrətləndirdi. Hətta atəşkəsə etirazlar eşidildi...

- Mən bir məsələni deyim ki, Azərbaycan ordusunun çox peşəkar fəaliyyəti nəticəsində biz bu qədər az itki vermişik. Çünki qarşıda həm minalanmış sahələr var, həm də uzun illər boyu dəmir-detonla bərkidilmiş istehkamlar. Məndə olan məlumata görə, hətta artilleriya qurğuları ilə mərmilər yağış kimi yağdırılırmış ora, amma yenə də ermənilər atəş açırmışlar. Görünür o qurğuları deşmək üçün xüsusi mərmilər lazımdır ki, həmin istehkamları dağıtmaq gücündə olsun. Ona görə də Azərbaycanın atəş zərbələri düşməndən bəlkə də onqat artıq olub. Azərbaycanın ən müasir silahlarının tətbiqi də göstərdi ki, həm orduda belə silahlar var, həm də onunla peşəkarlıqla davranan hərbçilərimiz.

- Ancaq artıq ermənilər bu zərbələrin əvəzini çıxmağa çalışacaqlar. Üstəlik, düşmən əmin oldu ki, Azərbaycan torpaqlarından vaz keçməyəcək, o halda güclənməyə çalışacaq. Bəlkə daha doğru yol işğalçıya konkret vaxt verilməsi olardı, razılaşırsınızmı?

- Bizim seçki platformamızda hər zaman əksini tapıb ki, biz ermənilərə torpaqlardan çıxmaq üçün vaxt verməliyik.

- Nə qədər?

- O zaman hesab edirdim ki, 1 il vaxt verilməlidir. İndi isə bu müddət daha da məhdudlaşdırılmalıdır. Düşmənə ən uzağı, 3 ay vaxt verilməlidir. Bu müddətdə Ermənistan ortaya konstruktiv mövqe qoymasa, o halda Azərbaycan hərbi əməliyyatlara başlamalıdır. Onsuz da ermənilər tez-tez atəşkəsi pozurlar. Üstəlik də orduda başıpozuqluq hökm sürür, gənclər ölkəni tərk edib getdikləri üçün "könüllü" adı ilə birinci Qarabağ savaşında iştirak etmiş 50-70 yaşlı qocalar döyüşə göndərilirdi.

- Ermənistanda Qarabağ ərazilərinin Azərbaycana "güzəşt edilməsinin" yolverilməzliyindən danışmağa başlayıblar. Erməni tərəf bu qədərmi irəli gedib və hətta Rusiyanın da təkliflərini saya salmır?

- Sizə açıq deyim ki, bu, Rusiyanın əleyhinə səslənən açıqlamalar təşkil olunmuş oyunun bir hissəsi ola bilər. Onlar bununla göstərmək istəyirlər ki, ölkənin daxilində müqavimət var. Zaman-zaman biz bunu görmüşük. Ermənistan rəhbərliyi həmişə xalq faktorundan çox geniş istifadə edib ki, "biz razılaşa bilərik, amma erməni xalqı bununla heç vaxt barışmaz".

- Hesab olunur ki, bizdə də bir xalq toplantısı, Qarabağ aksiyası keçirilməlidir. Bu təklifə necə baxırsınız?

- Azərbaycanın üstünlüyü elə onda oldu ki, həm dəfn mərasimlərinin belə izdihamlı təşkil olunması, hörmətlə keçirilməsi iqtidara müsbət dividendlər gətirən bir məqam idi. Bundan başqa, gənclərin, tələbələrin yürüşləri, Cənubi Azərbaycandakı aksiyalar, Türkiyə amili və digər belə nümunələr hamısı önəmli faktorlardır. Amma eyforiyaya da qapılmaq olmaz. Gərək soyuq başla qərar qəbul etmək imkanlarımızı itirməyək. Məsələn, Ərdəbilin dini lideri Amili hər birimizin qəlbini oxşayan mövqe qoydu ki, Azərbaycan torpaqları azad olunmalıdır. Hətta döyüşməyə hazır olduğunu bildirdi. Bunun siyasi baxımdan önəmi çox böyükdür. Amma ardınca real addımlar olmalıdır. Həm Türkiyə, həm İran tərəfindən verilən bu cür bəyanatların ardınca real addımlar atılmalıdır. Biz bu barədə çəkinmədən həm İrandakı, həm Türkiyədəki qardaşlarımıza deməliyik ki, Ermənistanın işğalçı olduğunu hamınız söyləyirsiniz, amma belə bir dövlətlə hərbi, siyasi, iqtisadi əməkdaşlıq edirsiniz, yeni layihələr gerçəkləşdirirsiniz.
Bu bəyanatlar bizdə minnətdarlıq hissi yaradır, ürəyimizi riqqətə gətirir. Sağ olsunlar, bu mövqeni biz heç vaxt unutmayacağıq. Biz ermənilər kimi nankor deyilik, belə faktları yaddan çıxartmırıq. Ancaq Türkiyə və İrandakı qardaşlarımızın gəlib Qarabağda döyüşməsinə ehtiyac yoxdur, özümüz bu işin öhdəsindən gələ bilərik. Ordakı qardaşlarımızın ən böyük dəstəyi bu olar ki, öz ölkələrinin hökumətlərindən Ermənistana sanksiyalar tətbiq etməyi tələb etsinlər. Biz bu günlərdə tam emosiyasız hərəkət etməli, soyuq başla təhlillər aparmalıyıq.
(musavat.com)