“Torpaqlarımızı hərbi yolla işğaldan azad etmək mümkündür” Siyasət

“Torpaqlarımızı hərbi yolla işğaldan azad etmək mümkündür”

Fərəc Quliyev: "Ordumuz bunu sübut etdi"

"Azərbaycan Prezidentinin ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə fərqlənən bir qrup hərbçini təltif etməsi gözlənilən idi". Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev deyib.
Ölkə başçısının bu addımını yüksək qiymətləndirən millət vəkili söyləyib ki, Azərbaycan Prezidenti Ramil Səfərov haqqında fərqli ölçülər götürülən zaman da böyük fədakarlıq nümayiş etdirmişdi: "Prezident İlham Əliyev Ramil Səfərov təyyarədən enməmiş onu təltif etmişdi. Ümumiyyətlə, Azərbaycan Prezidentinin vətənpərvərliyi, döyüş əhval-ruhiyyəsi, torpaqların işğaldan azad edilməsi istiqamətində nümayiş etdirdiyi iradə hər kəsə məlumdur. Ordu quruculuğumuzun və hərbçilərimizin təminatının, əsgərlərimizin, eləcə də insanların əhval-ruhiyyəsinin yüksək olması, xalqla ordunun birgə davranışı çox mühüm məsələlər idi ki, bütün bunlar məhz Azərbaycan Prezidentinin bu istiqamətdə atdığı addımlar nəticəsində əldə edilib".
F. Quliyev söyləyib ki, Azərbaycan prezidentinin ordu quruculuğu sahəsində atdığı mühüm addımlar son döyüşlərdə bir daha öz bəhrəsini verdi: "4 günlük mübarizə zamanı ordumuzun nümayiş etdirdiyi rəşadət və qazandığı qələbə nəticəsində Azərbaycanın dünyadakı imici dəyişdi. Qazanılan qələbə diplomatik gedişlərdə Azərbaycanı xeyli qüvvətləndirdi. Ordumuz sübut etdi ki, əgər Dağlıq Qarabağ münaqişəsi dinc yolla həll edilməsə, torpaqlarımızı hərbi yolla işğaldan azad etmək mümkündür".
Xatırladaq ki, Azərbaycan Prezidenti 4 günlük mübarizə zamanı fərqlənən hərbçilərinin bir qrupunu yüksək fəxri ada layiq görüb, orden və medallarla təltif edib. Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına, "Azərbaycan Bayrağı" və "Vətənə xidmətə görə" ordenlərinə, "Vətən uğrunda", "İgidliyə görə" və "Hərbi xidmətlərə görə" medallarına layiq görülənlər var.