“Hər gün atəşkəs pozulur” Siyasət

“Hər gün atəşkəs pozulur”

Arzu Nağıyev: "Ermənilər hər vəchlə status-kvonu saxlamaqla öz cinayətkar hakimiyyətini qoruyurlar"

"Baxmayaraq ki, bütün beynəlxalq qurumlar tərəfindən mütəmadi olaraq atəşkəsdən danışılır, ATƏT-in Minsk qrupunun həmsədrləri regiona mütəmadi olaraq səfərlər edir, demək olar ki, hər gün atəşkəs pozulur və ermənilər hər vəchlə status-kvonu saxlamaqla öz cinayətkar hakimiyyətini qoruyurlar". Bu fikirləri politoloq Arzu Nağıyev deyib. O bildirib ki, müxtəlif vaxtlarda bir sıra sənədlər qəbul edilsə də, bu sənədlərin arasında prinsipcə elə də ciddi fərq olmur: "Yəni, Paris, Ki-Uest, Madrid prinsiplərində əsas prioritet Qərbdə idisə, Kazan prinsipində Rusiyanın adı daha çox hallanır. Qərb ilk öncə, hər bir millətin öz müqəddəratını həll etmək hüququ olduğunu qabardaraq müstəqilliyi ikinci plana çəkirdi. Avropada baş verən proseslər və seperat meylli təkliflər artıq onları da düşünməyə vadar edir ki, birinci suverenliyin bərpasının vacibliyi, ikinci məsələ isə müqəddərat, ən yüksək status məsələsidir. Düşünürəm ki, bu gün danışıqlar masasına boş yerə əyləşməyin artıq faydası yoxdur. Çünki bu boş danışıqlar erməni rəhbərliyini qane edir, status-kvo saxlanılır, problem öz həllini tapmır, Ermənistanda hakimiyyət bununla manipulyasiya etməklə xalqı nəzarətdə saxlayır. Vaxt gedir, bu da effekt vermir".
Politoloqun fikrincə, bu ilin aprel hadisələri bir daha göstərdi ki, güc nümayiş etdirməklə Ermənistan rəhbərliyini danışıqlar masasına əyləşməyə məcbur etmək lazımdır: "Atəşkəsin uzadılması bizə sərf eləmir. Bunun əsas fəsadlarından biri, ilk növbədə, torpaqlarımızın işğal altında qalmasıdır. Hər gün atəşkəs pozulur, itkilər verilir. Silah-sursat müqavilələri iqtisadiyyat üçün böyük xərclərə gətirib çıxarır. Regionda stabilliyi pozan amil kimi münaqişə təhlükəsizliyə təhdiddir".
Onun sözlərinə görə, bu gün regionda supergüclər arasında nüfuz davası gedir və bunun da təbii ki, öz məqsədi və məramı var: "Azərbaycanın geosiyasi vəziyyəti elədir ki, burada çox böyük iqtisadi, siyasi və hərbi maraqlar toqquşur. Bu gün ən yaxşı variant kimi bütün tərəflərin maraqları da nəzərə alınmaqla müstəqil siyasət aparmaqdır və düşünürəm ki, Azərbaycan bu gün bunu edir. Bu gün bir neçə il bundan əvvəl olduğundan fərqli olaraq, dünya ictimaiyyəti Azərbaycanın öz müstəqilliyi uğrunda mübarizəsini və Ermənistanın aqressor olduğunu başa düşüb haqq səsimizi dəstəkləyir".
Arzu Nağıyev onu da əlavə edib ki, ermənilər hər variantla danışıqlara qondarma "DQR"-i də tərəf kimi qatmağa çalışırlar və bunun da əsas məqsədi qondarma qurumu dünya ictimaiyyətinə tərəf kimi təqdim etməkdir: "Bu isə absurd bir məsələdir. Hətta Ermənistanda da bu addımlara dolayı yollarla "yox" deyənlər çoxdur. Azərbaycanın əsas məqsədi ərazi bütövlüyü, erməni işğalçılarının ərazidən qovulması və suverenlikdir".