“Bu xəbərlərin Rusiyanın hakimiyyət kanalları tərəfindən yayıldığı hiss olunur” Siyasət

“Bu xəbərlərin Rusiyanın hakimiyyət kanalları tərəfindən yayıldığı hiss olunur”

Elxan Şahinoğlu: "Kreml bu yolla Azərbaycan hakimiyyətinin bu səfərə münasibətini öyrənmək istəyir"

Bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfər edəcəyi barədə xəbər yayılsa da, lakin həmin xəbər özünü doğrultmadı. Xəbər təkzib edilmədən isə Kreml rəhbərinin may ayının sonlarında Azərbaycana səfər edəcəyi bildirildi. Hələlik Vladimir Putinin bu ayın sonunda da Bakıya gələcəyi rəsmi təsdiqini tapmayıb. Hər halda Kremldən bu xəbər təsdiqlənməyib. Bəs görəsən o halda bu cür məlumatlar haradan qaynaqlanır? Ümumiyyətlə, Rusiya prezidentinin Azərbaycan səfəri gözləniləndirmi?
"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, bu xəbərlərin Rusiyanın hakimiyyət kanalları tərəfindən yayıldığı hiss olunur. Onun sözlərinə görə, görünür, Kreml bu yolla Azərbaycan hakimiyyətinin bu səfərə münasibətini öyrənmək istəyir: "Çünki, rəsmi Bakı Putinin Azərbaycana səfərinin detalları barədə məlumatlı deyil. Mayın 8-də isə Vladimir Putin bir çox dövlət başçısına təbrik məktubu göndərdi. Həmin məktublarda Putin İkinci Dünya müharibəsindəki qələbənin 71-ci ildönümü münasibətilə həmkarlarını təbrik edirdi. Putin belə bir təbrik məktubunu Azərbaycan prezidenti İlham Əliyevə də göndərdi. Məktubda belə bir cümlə var idi: "İndiki nəsillərin borcu bu dəhşətli müharibədə həlak olanların parlaq xatirəsini qayğı ilə qoruyub saxlamaq və keçmişin faciəli hadisələrinin təkrarlanmasına yol verməməkdir". Cümlənin sonuncu hissəsi ilə Putin sanki rəsmi Bakıya mesaj göndərir ki, Azərbaycan Dağlıq Qarabağın azad olunması məqsədilə müharibəyə başlamasın. Çünki nəticədə hər iki tərəfdən böyük itkilər ola bilər". Bu arada Rusiya Federasiya prezidentinin Bakıya səfəri çərçivəsində Dağlıq Qarabağ problemi ilə bağlı müəyyən təkliflər gətirəcəyi də ehtimal olunur. Hətta bu barədə hər iki tərəfdən qeyri-rəsmi səviyyədə müxtəlif fikirlər də sələnməkdədir. Bəs görəsən, Rusiya Federasiyasının prezidenti Vladimir Putin Bakıya hansı təkliflə gəlir? Politoloq deyir ki, Rusiya prezidentinin Azərbaycana səfəri ilə bağlı iki versiya irəli sürmək mümkündür: "Birinci versiya bundan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı Vladimir Putinin planının ümumi konturları hazırdır və o bu planın detalları ilə azərbaycanlı həmkarını tanış etmək istəyir. Aydındır ki, Vladimir Putin bu planını erməni həmkarına da təqdim etməlidir. Ona görə də plan müzakirə olunduğu müddətdə Putin hər iki tərəfi də atəşkəsə riayət etməyə çağıracaq. Görünür, Putin də hiss edir ki, yaxın aylarda bölgədə böyük müharibə başlaya bilər. Rusiya prezidenti isə Cənubi Qafqazda başlana biləcək müharibədən ehtiyat edir, Suriya və Ukraynada məsələlər bitməmiş cənub istiqamətində də enerji itkisindən qorxur. Çünki Qərb Rusiyanı zəiflətmək üçün müxtəlif yollar axtarır". Elxan Şahinöğlunun sözlərinə görə, Rusiya Cənubi Qafqazda başlanacaq müharibədə Ermənistanı müdafiə etsə və hərbi toqquşmalara müdaxilə etsə, Azərbaycanla münasibətlərini gərginləşdirməklə yanaşı Qərb və İslam dünyası ilə münasibətlərini
gərginləşdirəcək: "İkinci versiya isə bundan ibarətdir ki, Putin keçmiş prezident Dmitri Medvedevin Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı 2011-ci ildə hazırladığı "Kazan prinsiplərini" yenidən rəsmi Bakıya qəbul etdirməyə çalışacaq. Putin bununla bərabər Bakıda xarici işlər naziri Sergey Lavrovun "atəşkəsə riayət olunmalıdır", "insdentlər araşdırılmalıdır" kimi fikirlərini təkrarlaya bilər. Hazırki vəziyyətdə statusun müəyyənləşməsini nəzərdə tutan "Kazan prinsipləri" Azərbaycanın maraqlarına uyğun deyil. Putinin hazırladığı başqa planın da Azərbaycanın maraqlarına uyğun olacağını vurğulamaq problematikdir". Mərkəz rəhbəri onu da deyib ki, Azərbaycanın hakim dairələri və cəmiyyəti Rusiyanya inamı azdır: " Kremlin Ermənistan hakimiyyətinə təsir edib ilkin şərt irəli sürmədən Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldacağına inam yoxdur. Ona görə də Putinin Azərbaycan və Ermənistana səfərinin ciddi effekti olmayacaq. Kreml, sadəcə müharibənin başlanmasını əngəlləmək üçün vaxt qazanmaq istəyir".
Ermənistanın hazırkı və keçmiş prezidentlərinin bir-birlərinin ardınca Dağlıq Qarabağa və Azərbaycanın digər işğal olunmuş ərazilərinə səfərlər etməsinə də toxunna Elxan Şahinoğlu bildirib ki, bu səfərlər onda da sual doğurub: "Serj Sərkisyanın səfərini anlamaq mümkündür, prezident kimi Dağlıq Qarabağdakı separatçı yoldaşlarına "ürək-dirək verməyə" gəlmişdi, "möhkəm olun, kömək gələcək" deyib getdi. Bəs eks-prezidentlər Levon Ter-Petrosyanla Robert Köçəryan Xankəndidə nə mesaj verə bilərdilər? Axı hər ikisinin heç bir səlahiyyəti yoxdur". E.Şahinoğlu qeyd edib ki, görünür, bu səfərlərlə işğal məsələsində fərqli siyasi qüvvələrin eyni mövqedən çıxış etdiklərini erməni cəmiyyətinə aşılamaq istəyirlər: "Tutaq ki, bir-iki ay belə ötüşdürdülər, vaxt öldürdülər, bəs bir müddət sonra artan itkiləri Ermənistan cəmiyyətinə necə izah edəcəklər? Levon Ter-Petrosyan o siyasi fiqurlardan deyil ki, artan itkilərlə bağlı prezident Serj Sərkisyana ciddi dəstək versin. Ermənistan hakimiyyətinə əlavə maliyyə lazımdır ki, ölən hərbçilərin ailələrinin sosial təminatlarını vaxtlı-vaxtına ödəsin. Belə bir vədi könüllülərə də veriblər. Yəni Ermənistan vətənfdaşları könüllü surətdə işğal altındakı torpaqlarda qulluq etməyə razılıq versələr, onlara da gələcəkdə sosial müavinətlər ayrılacaq. Ona görə də elə etməliyik, düşmən o qədər itki versin ki, Ermənistan büdcəsi sosial təminatı yerinə yetirməkdə aciz qalsın. Müharibə həm də puldur. Biz torpaqlarımızı işğaldan azad etmək üçün istənilən qədər pul xərcləməyə hazırıq, düşmənin isə belə bir lüksü yoxdur. Ona görə xərclərlə də işğalçının nəfəsini kəsməliyik. Dağlıq Qarabağ onsuz da Ermənistana böyük yükdür, onlar üçün bu yükü bir az daha ağırlaşdırmalıyıq".