“Rusiya və NATO müharibə vəziyyətinə gələcək” Siyasət

“Rusiya və NATO müharibə vəziyyətinə gələcək”

Amerikanın Ermənistandakı keçmiş səfiri Con Evans Dağlıq Qarabağ münaqişəsi və prezidentlərin görüşü barədə maraqlı açıqlamalar verib.
Azadlıq radiosuna danışan səfir Peterburqda aparılacaq danışıqlarda sülh müqaviləsinin imzalanmasının deyil, atəşkəs rejiminin möhkəmləndirilməsinin müzakirə olunacağını deyib.
"Düşünürəm ki, 2 apreldə və ondan sonrakı günlərdə baş verənlərdən sonra sülh danışıqları aparmaq daha çətin olacaq.
"Hər iki lider ağıllı və məsuliyyətlidir. Onlar öz xalqlarının taleyini düşünürlərsə, onda sülhün əldə olunmasına və zorakılıq hallarının azaldılmasına çalışmalıdılar".
Con Evans aprel müharibəsinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə ciddi zərbə vurduğunu da deyib.
Amerikanın Belarus və Gürcüstandakı keçmiş səfiri Kennet Yalovits isə aprel döyüşlərinin təkcə Cənubi Qafqaz regionu üçün deyil, regiondakı qlobal oyunçular üçün də təhlükə törətdiyini deyib.
"Azərbaycanla Ermənistan arasında müharibə çox təhlükəli ola bilər. Bu münaqişəyə Türkiyə, Rusiya və İran da cəlb oluna bilər. Bu o deməkdir ki, NATO üzvü ölkələr Rusiya ilə faktiki müharibə vəziyyətində olacaq".
Yalovits münaqişədə diqqətin ərazilərin azad olunmasından çox, insanların təhlükəsizliyinin təmin olunmasının vacib olduğunu deyib.
"Müasir dünyamızda qanunların aliliyi, yaxşı iş mühiti və cəmiyyət ərazilərdən daha vacibdir".