“Müvəffəqiyyətə əvvəlkindən daha çox yaxınlaşırıq” Siyasət

“Müvəffəqiyyətə əvvəlkindən daha çox yaxınlaşırıq”

Sergey Lavrov: "Əsas məqsəd odur ki, kiçik ümid yaradan amillərə çox ehtiyatla yanaşaq ki, əldən çıxmasın"

Elmar Məmmədyarov: "Müzakirələr konkret mövzular ətrafında gedib"

"Azərbaycan prezidenti İlham Əliyev Sergey Lavrovu qəbul edib, intensiv müzakirələr aparılıb. Müzakirələr konkret mövzular ətrafında gedib. Müəyyən irəliləyişlərin olması istiqamətində müzakirələr olub".
Bunu xarici işlər naziri Elmar Məmmədyarov Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra keçiriən birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, müzakirələrin məqsədi Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqelərinin yaxınlaşması istiqamətində irəliləyişlərə nail olmaqdır: "Hazırda intensiv dialoq, hətta trialoq formatındayıq. Minsk qrupu həmsədrləri fəal şəkildə müzakirələrdə iştirak edirlər. Müzakirələrin məqsədi hələ də razılaşdırılmamış məsələlər ətrafında irəliləyişə nail olmaqdır. Bu məsələləri addım-addım həll etməliyik ki, qlobal təhlükəsizliyə təhdid təşkil edən münaqişəni həll edək. Görüşdə ikitərəfli münasibətləri də müzakirə etmişik. Bu, strateji əhəmiyyət kəsb edən münasibətlərdir. Hökumətlərarası komissiyanın iclası keçiriləcək. Bununla yanaşı, bir müddət əvvəl İran, Azərbaycan və Rusiya XİN başçıları toplaşaraq üç ölkə prezidentinin görüşü barədə müzakirə aparıblar. Hər üç ölkə "Cənub-Şimal" dəhlizinin inkişafı ilə bağlı müştərək fikrə malikdirlər. Bu, geniş potensiala malik dəhlizdir".


"Danışıqlar əbədi gedə bilməz"


Elmar Məmmədyarov deyib ki, hazırda danışıqlar konkret məsələlər ətrafında, substantiv şəkildə gedir: "Ardıcıl, intensiv danışıqlar nəticəsində həllinin tapmamış məsələlərdə müəyyən irəliləyişə nail ola bilərik".
Nazir bildirib ki, Sankt-Peterburq görüşündən sonra Rusiya prezidenti Vladimir Putin Fransa və ABŞ prezidentləri ilə telefon danışığı aparıb: "Sergey Lavrov da Azərbaycan və Ermənistan səfərlərinin nəticələrini Putinə çatdıracaq. Bundan sonra konkret qərar qəbul ediləcək ki, növbəti addımlar nədir. Bu addımlara prezidentlərin görüşü də daxildir. Görüşün Fransa və ya başqa ölkədə keçirilməsindən asılı olmayaraq, əsas məqsəd odur ki, konkret mövzular ətrafında müzakirə aparılsın. Bu danışıqlar əbədi gedə bilməz".


"Müzakirələr faydalı keçib"

Elmar Məmmədyarov Sergey Lavrovla görüşündə Rusiya-Türkiyə münasibətlərinin normallaşmasının da müzakirə edildiyini deyib və qeyd edib ki, Azərbaycan bunu alqışlayır.
O bildirib ki, xoş qonşuluq münasibətləri Azərbaycanın xarici siyasət prioritetinə aiddir: "Hər iki ölkə Azərbaycanın yaxın qonşusudur. Bu ölkələr nə qədər yaxın olarsa, Azərbaycanın inkişafına da bir o qədər müsbət təsir göstərər".
Sergey Lavrov isə öz növbəsində Azərbaycan prezidenti ilə görüşündən danışıb. Rusiya xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, görüşdə ətraflı və səmimi müzakirələr aparılıb: "Müzakirələr faydalı keçib. Əsas müzakirə mövzusu isə Dağlıq Qarabağ münaqişəsinin həlli olub. Hazırkı müzakirələr prezidentlərin görüşü zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində vacib addımdır".
Sergey Lavrov Rusiya ilə münasibətlərin bütün sahələrinin inkişafına verdiyi töhfəyə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü də bildirib: "Müzakirələrdə ticari-iqtisadi münasibətlərin inkisafına təkan verilməsinin zəruriliyi vurğulandı. Hər iki ölkənin XİN-i də bu səylərə dəstək verəcək. Həmçinin "Cənub-Şimal dəhlizi barədə müzakirələr apardıq. Bununla bağlı yaxın vaxtlarda prezidentlərin üçtərəfli görüşü baş tutacaq".
Sergey Lavrov səfərinin ümumilikdə məhsuldar olduğunu da qeyd edib.
Rusiyanın xarici işlər naziri deyib ki, Rusiya-Türkiyə münasibətləri Moskva ilə Bakının strateji münasibətlərinə təsir etmir: "Lakin regionda gərginlik nə qədər az olarsa, Azərbaycan və Rusiya özünü daha yaxşı hiss edər".
Sergey Lavrov qeyd edib ki, Ərdoğanın məktubundan və Çavuşoğlunun Soçi səfərindən sonra münasibətlərdə yaranan irəliləyiş ümumilikdə regiondakı münasibətlərə müsbət təsir edəcək, Suriya məsələsinin həllinə də töhfə verəcək:
"Rusiya ilə Türkiyənin bu məsələdə mövqeyi üst-üstə düşmür. Lakin çalışacağıq ki daha səmimi danışaq, razılaşmalarımızda səmimi olaq, BMT Qətnamələrini icra edək".
Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müzakirələrin ictimaiyyətə açıqlanmasının hələlik mümkün olmadığını da xatırladıb: " Məlum səbəblərə görə danışıqların mövzularını geniş ictimai müzakirələrə çıxarmırıq. Prezidentlərin Sankt-Peterburq görüşündən sonra əsas məqsəd odur ki, kiçik ümid yaradan amillərə çox ehtiyatla yanaşaq ki, əldən çıxmasın. Əsas var ümid edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqmətində müvəffəqiyyətə əvvəlkindən daha çox yaxınlaşırıq".