“Tikinti sektorunda standartlar yenilənməlidir“ Siyasət

“Tikinti sektorunda standartlar yenilənməlidir“

Qadir İbrahimli: "Tikinti şirkətləri məsuliyyət hiss etməlidirlər"

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin bu ilin yanvarın 9-da keçirilmiş 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verilən tapşırıqların müzakirəsi ilə əlaqədar geniş müşavirə keçirilib.
Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan və nəzarət funksiyaları daşıyan qurumların iştirakı ilə keçirilən müşavirədə çıxış edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Prezident İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Nazir son illər respublika iqtisadiyyatının dinamik inkişafı fonunda ölkədə aparılan geniş abadlıq-quruculuq, infrastruktur, nəqliyyat və digər sahələrdə aparılan tikinti prosesində təhlükəsizlik qaydalarına ciddi əməl olunması və görülən işlərin keyfiyyətinin daha da artırılmasının vacibliyini önə çəkib. Xüsusilə vurğulanıb ki, dövlət başçısının müvafiq tapşırıqlarına əsasən, hazırda inşası davam etdirilən və tikintisi başa çatmış dövlət və özəl sektordakı tikililərin qanunlara və normalara uyğun inşa olunmasına, layihə sənədlərinin mövcud qanunvericiliyə uyğun ekspertizadan keçirilməsinə, istismarına icazə verilən obyektlərin təhlükəsizlik qaydalarının icrasına nəzarətin gücləndirilməsinə ciddi riayət olunmalıdır.
Kəmaləddin Heydərov həmçinin ölkə ərazisində tikinti, sənaye və dağ-mədən sahələrində təhlükəsizliyə nəzarətin gücləndirilməsinin, qanunsuz və o cümlədən də pozuntularla tikilən obyektlərin inşasını qanunvericiliyin tələblərinə uyğun olaraq dayandırılması və sökülməsi ilə bağlı ciddi tədbirlərin görülməsini, insanların təhlükəsiz həyat və fəaliyyətinin təminatının vacib amil olduğunu qeyd edib.
Eyni zamanda yanğın təhlükəsizliyi sahəsinə nəzarətin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, nazirliyin adiyyəti qurumları nəinki tikiliməkdə olan, eyni zamanda istismara verilmiş bütün tikililərdə təhlükəsizlik norma və qaydalarına lazımi səviyyədə riayət olunmasına da ciddi nəzarət etməlidir.
Sonra Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəhbər şəxsləri tabeliklərində olan qurumların fəaliyyəti haqqında məruzə ilə çıxış ediblər. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov dövlət təşkilatlarında, Nəqliyyat Nazirliyinin sifarişçisi olan "Azəryolservis" ASC və "Azərbaycan Dəmir Yolları" QSC, "Azərenerji" ASC, "Azərsu" ASC, "Bakı Elektrikşəbəkə" ASC, Bakı şəhər İcra Hakimiyyəti, Dövlət Neft Şirkəti, "Meliorasiya və su təsərrüfatı" ASC, Metropoliten, bundan başqa özəl müəssisələr, xüsusilə Bakı, Sumqayıt və Gəncə şəhərlərinin və Abşeron rayonunun ərazisində yerləşən otellər, ticarət mərkəzləri, istirahət mərkəzləri, izibati binalarda nöqsanlara yol verildiyini bildirib.
Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi İsrail Əliyev neft-qaz, energetika, səhiyyə, təhsil, mədəniyyət və turizm nazirliklərinin obyektlərində, kütləvi istirahət obyektlərində və otellərin bir qismində, metropolitendə yanğın təhlükəsizliyi qaydalarının pozulmasına yol verildiyini açıqlayıb.
Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Səfər Qurbanov neft-qaz çıxarma, emal və xidmət sahələrində, tikinti materialları istehsalı üçün icra hakimiyyətləri tərəfindən ayrılan ərazilər, kimya sənayesi, magistral boru kəmərlərində, lift təsərrüfatında pozuntulara yol verildiyini qeyd edib.
Müşavirəyə yekun vuran fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov mövcud nöqsanların aradan qaldırılması və bu kimi hallara bir daha yol verilməməsi ilə bağlı ciddi tapşırıqlarını verib. Eyni zamanda pozuntulara yol vermiş hüquqi və fiziki şəxslər barəsində fəaliyyəti dayandırılmaqla Tikinti Məcəlləsi və digər aidiyyəti normativ aktlarla nəzərdə tutulmuş tədbirlərin görüləcəyini vurğulayıb.
Qeyd edək ki, tikinti sektorunda təhlükəsizlik qaydalarına əməl olunması vacib məsələ sayılsa da baş verən bədbəxt hadisələrin statistikası bu sahədə ciddi problemlərin olduğundan xəbər verir. Ümumiyyətlə bu sahədə çoxsaylı problemlər var. Paytaxtda inşa edilən əksər göydələnlər üçün illərdən bəri davam edən ənənəvi problemlərdən biri də onların təbii qazla təmin olunması ilə bağlıdır. Məsələ dəfələrlə gündəmə gətrilsə də, hər qış zamanı xüsusi aktuallıq qazansa da, hələ də birdəfəlik həllini tapmayıb. Elə sakinlər var ki, uzun müddət həmin mənzillərdə yaşamalarına baxmayaraq hələ də qaz problemi ilə üzləşirlər. Ümümiyyətlə, yeni tikililərin çoxunda mavi yanacaq sarıdan vəziyyət illərdir dəyişməz olaraq qalıb. Bir sıra sakinlər isə balonlara doldurulmuş qazdan istifadə etməklə vəziyyətdən çıxmağa çalışırlar. Bu da sakinlər tərəfindən narazılıqla qarşılanır. Araşdırmalar göstərir ki, problemin mövcudluğunu qorumasına səbəb yenə müəyyən tikinti şirkətləri, onların rəhbərləridir. Əksər şirkətlər bağladığı müqavilədə göstərirlər ki, tikinti başa çatandan sonra bina müvafiq qanunvericiliyin tələblərinə uyğun sənədləşdiriləcək və vətəndaşlar çıxarış alacaqlar. Amma həmin bina müvafiq qurumlar tərəfindən təhvil götürülmür. Səbəb də binanın tələb olunan bütün normativlərə cavab verməməsidir. Qazlaşdırma da müqavilədə açıq qalan məsələlərdəndir. Müqavilədə binanın qazla, suyla, elektrik enerjisi ilə təchiz edilməsi əks olunur. Bina su, elektrik enerjisi ilə təchiz olunsa da, qaz təchizatı olmur. Tikinti şirkətinə müraciət edəndə ki, müqavilədə qaz təchizatı məsələsi var, şirkət yetkililəri cavab verirlər ki, "biz deməmişik ki, siz mənzilinizə daşınan kimi qaz təchizatı olacaq. Olacaq, amma bir qədər gözləyin". Məhkəməyə müraciət etdikdə isə müqavilədə o bəndlər açıq qaldığından məsələnin hüquqi müstəvidə həlli bir qədər problem yaradır.
Memar Zemfira Budaqova hesab edir ki, ümumiyyətlə, bütün dünya ölkələrində, eləcə də Azərbaycanda şəhərsalmanın ilkin şərtləri yollardan, yollardan keçən kommunikasiya xətlərinin qurulmasından başlayır: "Bu məsələlər həll olunduqdan sonra binalar tikilir. Yeni tikilmiş binalarda qaz xəttlərininn çəkilməsi üçün ilk öncə icazə alınması məsələsi var. Binaya gedən qaz xəttlərinin ana xəttə qoşulması isə asan proses deyil. Binadan ana xəttə qədər olan yolun qazılması, daha sonra üstünün örtülməsi və s. hamısı əlavə məbləğ tələb edən işlərdir. Ona görə təzə evlərin çoxunda qaz sistemi quraşdırılmır. Bina tikilməzdən əvvəl rüsumunu verib bütün kommunal xətləri ana xəttə qoşdurmaq lazımdır ki, havalar soyuyanda camaat çətinliyə düşməsin. Yeni tikilən binalarda qaza tələbat köhnə binlardan qat-qat çoxdur. Çünki, orda yerin altından da kombi sistemi qurulur ki, təkcə su yox, otaqların döşəməsi də isti olsun. Tələbat çox olduğundan, tikinti şirkətləri mütləq qaz xətlərinin çəkilməsi məsələsinə ciddi yanaşmalıdırlar. Onlar qarşısında şərt qoyulmalıdır ki, əvvəl kommunikasiya xətləri salınsın, sonra bina tikilsin".
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov söyləyib ki, Bakıda yüzlərlə yeni bina tikilib istifadəyə verilib ki, onların əksəriyyəti uzun müddətdir istismara verilsə də, sakinləri mavi yanacaq və orderlə təmin etmirlər. Onun sözlərinə görə, həmin şirkətlər addımbaşı istehlakçıların hüquqlarını pozmaq, onları aldatmaqla məşğuldur: "Əvvəla bu şirkətlər alıcılarla müqaviləni heç bir hüquqi akta istina etmədən, birtərəfli qaydada hazırlayırlar. Digər tərəfdən müqavilədə nəzərdə tutulan müddəaları pozurlar. Satıcı alıcıya ev satarkən öhdəlik götürür ki, ona mənzili hazır vəziyyətdə təqdim edəcək. Amma sakinlər illərdir mənzilklərinə köçsələr də, onlar mavi yanacaq və orderlə təmin olunmur".
Ekspert Vünar Tofiqli bildirdi ki, şəhərdə gedən bütün tikinti prosesi ilk növbədə baş plana uyğun şəkildə aparılımalıdır: "Bu plandan kənara çıxanlara qarşı sərt tədbirlər görülməlidir. Bu prosesdə bütün nəzarət Fövqəladə Hallar Hazirliyinin üzərinə düşür. Bu prosesə kənardan müdaxilə etmək niyyətində olanlarla isə ciddi şəkildə izahat işləri aparılmalıdır".
M.B.A LTD şirkətinin rəhbəri Nüsrət İbrahimov bildirir tələblərin, standartların, öhdəliklərin icrasına nəzarət gücləndirilsə, daha effektli nəticə əldə etmək olar: "Müvafiq strukturlar öz vəzifə boclarına daha ciddi yanaşsalar, effektiv nəticələr əldə etmək mümkün olacaq". Ekspertin sözlərinə görə, ölkəmizdə tikinti sektorunda problemlərin yaranmasına ilkin səbəb qanunvercilikdə boşluqların olmasıdır: "Gərək mənzil tikinti kooperativlərinin (MTK) tikdiyi mənzillərin satışını da təkrar bazarda olduğu kimi mərkəzləşdirilmiş qaydada aparılsın. Yəni, MTK əvvəlcədən binaya dövlət reyester xidmətindən vahid bir çıxarış alır. Sonra həmin çıxarışın əsasında notarial qaydada hər mənzil üzrə alqı-satqı edir. Belə olarsa, nəzarət güclü olacaq. Yəni, bir mənzilin daha çox şəxslərə satışı mümkün olmayacaq. İkinci səbəb odur ki, tikinti şirkətləri özləri hələ bu gün kifayət qədər formalaşmayıblar. Onlar bir çox hallarda şərikli biznesə girirlər. Sonradan şəriklər arasında müəyyən narazılıq yaranır. Eyni mənzili hər iki tərəf satır. Ona görə də belə risklərin qarşısını almaq üçün vahid alqı-satıq sistemi yaratmaq lazımdır".
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin üzvü Rövşən Talıbzadə isə problemlərin həllində əsas diqqəti vətəndaşların maariflənməsinə yönəltməyə çalışıb: "Tikinti fəaliyyətinin bütün mərhələlərinə Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Arxitektura Komitəsi nəzarət edir. Lakin bunların hamısı tikintiyə nəzarətlə məhdudlaşır. Yəni, burada sahibkarla alıcı arasında olan münasibətlər öz həllini tapmır. Bunun üçün çıxış yolları tapmaq lazımdır. Məsələn, tikitinin qarşısında şirkət və tikinti haqqında lövhələr asılmalıdır. İkincisi, həmin binanın tikintisi haqqında aidiyyatı dövlət qurumlarının internet resurslarında məlumatlar olmalıdır".
Ekspert Qadir İbrahimli isə diqqətə çatdırdı ki, probemləriin yaranmaması ilə bağlı önləyici tədbirlərin görülməsi üçün tikinti sektorunda standartlar yenilənməlidir: "Hamının tabe olduğu standartlar müəyyənləşməlidir. Mənzil satışından tutmuş kommunal xidmətlərlə bağlı olan problemlərin aradan qaldırılması üçün qaydalara yenidən baxılmalıdır. Tikinti şirkətləri məsuliyyət hiss etməlidirlər".

Əli