“Ermənistanı dövlət statusunda saxlamaq mümkün deyil” Siyasət

“Ermənistanı dövlət statusunda saxlamaq mümkün deyil”

"Bəlli olduğu kimi, avqustun 8-də Bakıda Rusiya, İran və Azərbaycan prezidentlərinin sammiti keçirilib, dünən isə Sankt-Peterburqda Türkiyə prezidenti Rəcəb Ərdoğanla Rusiya Ferderasiyasının prezidenti Vladimir Putin görüşüb. Belə bir danışıqlar formatının gündəmdə olması Ermənistana heç də yaxşı gələcək vəd etmir". Bu fikirləri Ermənistanın birinci kanalına politoloq Ayk Martirosyan sözügedən hadisələri şərh edərkən deyib.
Erməni politoloqun fikrincə, o əsas olaraq danışıqlar prosesindəki mövzuları nəzərdə tutaraq belə bir qənaətə gəlir: "Madrid, Kazan sənədləri daxil olmaqla, qəbul edilən hər yeni sənəd öncəkindən daha betər olur. İndi isə "Putinin, yaxud Lavrovun planı" işə düşüb"
Martirosyanın fikrincə, hazırda danışıqlar "sabitliyin əldə olunması üçün ərazilərin verilməsi" formulası ətrafında cərəyan edir.
Politoloq qeyd edib ki, Qarabağ münaqişəsinin mərhələli həlli Levon Ter-Petrosyanın faciəvi tezisinə əsaslanır. Belə ki, Ter-Petrosyan onun yazdığı "Hərb və sülh" məqaləsi reallaşsın və o dünyadan köçərkən peyğəmbər obrazında getsin.
Vladimir Putinin AzərTAC-a müsahibəsini şərh edən Ayk Martirosyan deyib ki, onun tərəfindən işlədilən gözəl ifadələrə baxmayaraq, Ermənistan bütün mənalarda məhv olmaq üzrədir.
Erməni politoloq Qarabağda 5 rayonun təhvil verilməsinin İranın və Rusiyanın maraqları üçün əlverişli olmadığını desə də əslində Rusiyanın maraqlarına xidmət etdiyini də istisna etməyib: "Azərbaycan heç vaxt Rusiyanın təsir dairəsinə daxil olmayacaq. Azərbaycan özünü Türkiyə ilə birgə orbitdə görür. Türkiyə isə Rusiya ilə yaxınlaşıb. Ötən əsrin 21-ci ilinin təkrarı baş verir. Yəni Türkiyə heç vaxt Rusiyanın təbii müttəfiqi ola bilməz. Rusiyanın marağı yalnız və yalnız Ermənistanın güclənməsinə yönəlməlidir".
Martirosyan sonda bildirib ki, Ermənitanın mövcud iqtisadiyyatı, mövcud vəziyyəti və ölkənin naşılar tərəfindən idarə olunması nəticəsində ölkəni dövlət statusunda saxlamaq mümkün deyil.