Sovet Rusiyası Azərbaycanı necə işğal etdi? Siyasət

Sovet Rusiyası Azərbaycanı necə işğal etdi?

Arzu Şirinova

Birinci yazı

70 il sovet imperiyası işğalı altında saxladığı bütün dövlətlərin xalqlarına, o cümlədən Azərbaycan xalqına öz tarixini öyrənmək və həqiqətləri olduğu kimi bilmək fürsətini tanımadı. Artıq müstəqil dövlətin vətəndaşlarıyıq və tariximizi öyrənirik. Və öyrəndikcə də başımıza gətirilən oyunları görürük. Əsas odur tariximizdən ibrət dərsi götürək və Rusiyanın növbəti imperiya oyunlarının qurbanlarına çevrilməyək.
BAXCP-nin elm və təhsil məsələləri üzrə katibi, tarix üzrə fəlsəfə elmləri doktoru Vaqif Abışov deyir ki, XX əsrin 20-ci illərinin əvvəllərində Şimali Azərbaycnda aprel çevrilişinə aydınlıq gətirmək üçün həmin dövrlərdə partiya və sovet hökumət rəhbərlərinin bir-birilərilə teleqram, məktub və sair formalarda yazışmalarına müraciət etmək lazımdır:"Həmin yazışmaların bir çoxunu Azərbaycan tarixi ilə bağlı ilkin mənbə kimi qiymətləndirmək olar.
1918-1920-ci illərdə nəşr olunan müxtəlif siyasi yönümlü qəzet və jurnalların səhifələrindəki yazıları da (həmin yazıların subyektiv xarakter daşımasına baxmayaraq) mövzu ilə bağlı mühüm əhəmiyyət kəsb edən mənbələr sırasına daxil etmək mümkündür".
Tarixçi alimin sözlərinə görə, Rusiyada qurulan sovet-bolşevik hökuməti Cənubi Qafqazda öz işğalçılıq siyasətini Azərbaycan üzərində qurmağa çalışırdı:"Daha doğrusu, Azərbaycanın işğal edilməsi, sonradan Ermənistan və Gürcüstanın işğal olunması demək idi. Bu da bütövlükdə, sonradan Cənubi Qafqazda sovet Rusiyasının möhkəmlənməsinə şərait yaradardı.
Sovet Rusiyası xarici müdaxilə və vətəndaş müharibəsini (1918-1920-ci illər) qalibiyyətlə başa çatdırdıqdan sonra keçmiş Rusiya imperiyası ərazisinin bərpası, daha doğru imperiya caynağından yenicə xilas olmuş xalqları yenidən, ancaq bu dəfə başqa adla, imperiyanın əsarətinə qaytarmaq üçün əlverilşli imkan qazandı. Ona görə də Qafqaz cəbhəsinin hərbi qüvvələri tərəfindən Cənubi Qafqazı sovetləşdirmək üzrə əməliyyat hazırlığı gedirdi. Halbuki, istər Azərbaycan, isətərsə də Gürcüstandan sovet Rusiyası üçün heç bir təhlükə yaranmırdı. Buna baxmayaraq, imperiya xislətli sovet Rusiyası hər iki respublikanı işğal etdi".
Vaqif Abışov xatırladır ki, Rusiya Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini tanımayan yeganə dövlət idi:"Rusiya 1920-ci ildə vətəndaş müharibəsi və xarici müdaxilə təhlükəsindən xilas olduqdan sonra bütün diqqətini Cənubi Qafqaza - Azərbaycana yönəltdi və müxtəlif istiqamətlərdən təzyiqlərə başladı. Rusiyanın Azərbaycanla bağlı siyasətini dərindən öyrənmək üçün həmin dövrdə sovet hökumət üzvlərinin bir-birlərilə yazışmaları, eləcə də müxtəlif səpkili teleqram, məktub və s. məlumtalar mühüm əhəmiyyət kəsb edir. Lakin yuxarıda qeyd etdiyim məlumatlar-mənbələr bəzən subyektiv xarakter daşıyır və çox vaxt hadisələrə birtərəfli qaydada qiymət verilir. Bu mənbələrin (həmin dövrün sənədləri) subyektiv xarakter daşımalarına baxmayaraq, Cənubi Qafqazda, xüsusilə Azəbaycanda baş verən siyasi hadisələrin öyrənilməsində olduqca qiymətli və maraqlıdır. Çünki bütün bu yazışmalar (sənədlər) sovet hökumətinin yüksək vəzifəli şəxslərin, daha doğrusu sovet dövlətini yaradanlar (V.İ.Lenin, İ.V.Stalin, Q.K.Orconikidze, Q.V.Çiçerin, D.Trotski, S.M.Kirov və başqaları) arasında gedib".
BAXCP katibi bildirir ki, bolşeviklər partiyasının rəhbərlərinin şəxsi və xidməti yazışmaları Azərbaycan tarixi üzrə ən maraqlı və az öyrənilən mənbələrdən hesab olunur:"
Sovet dövlət adamları çox vaxt gündəlik tutmurdular, ona görə də həmin məktub və teleqramlardan ən çox rəsmi sənədlərdə olmayan qeyri-rəsmi, lakin dəqiq məlumatlar əldə etmək mümkündür. Bu qarşılıqlı yazışmalarda əsasən Azərbaycanın-Bakının işğalının ön planda durduğunu görürük.
1920-ci il martın 17-də Lenin Orconikidzeyə göndərdiyi teleqramda qeyd edirdi: "Bakını tutmaq bizə olduqca vacibdir. Bütün cəhtləri bu istiqamətə yönəltmək lazımdır. Bununla belə nəzərə alınmalıdır ki, bəyanatlarınızda olduqca diplomatik olmaq vacibdir və yerlərdə sovet hakimiyyətinin möhkəm hazırlanmasında yüksək əminlik lazımdır. Eyni ilə Gürcüstana yanaşılmalıdır. Məsləhət görürəm ona (Gürcüstana - A.V.) daha ehtiyatla yanaşılsın". Buradan tam aydın olur ki, sovet Rusiyasının əsas məqsədi dinc və ya qeyri-dinc yolla Azərbaycanı işğal etmək idi. Bununla bağlı çox ciddi hazırlıq işləri də görülürdü".
Vaqif Abışov Trotskinin Bakının işğal olunması ilə bağlı 1920-ci il martın 21-də İ.V.Stalinə göndərdiyi teleqrama diqqət çəkir:"Trotski Moskvadan göndərdiyi teleqramında yazırdı: "Mən Tuxaçevsikiyə aşağıdakı sorğuları göndərdim. Sizin tərəfinizdən Novorosiyski və Qroznı ələ keçiriləndən sonra sizdən 2-ci atıcı və 3-cü süvari diviziyasının götürülməsi nəzərdə tutulur. Sizə komplekləşdirilmək üçün əlavə qoşun, ola bilsin, açıq dəniz vasitəsilə verilsin. Xahiş edirəm bildirin, belə şəraitdə Bakını işğal etmək və saxlamaq üçün təcili əməliyyatın aparılması mümkündürmü?
Buraya əlavə edirəm: tam toxunulmazlıq və neft vəd verməklə Gürcüstanla saziş bağlamaq yaxşı olardı. Qərb cəbhəsi üçün Qafqaz cəbhəsindən 6 deyil, 4 diviziya götürülməsini mümkün hesab edirəm. Öz fikirinizi bildirin. Moskva 21 mart. Hərbi-inqilabi Şuranın sədri Trotski".
Sonra o, yazırdı: "Bu teleqrama bir gecənin içində, hər halda, martın 22-də, saat 11-dən gec olmayaraq cavab verməyinizi xahiş edirəm".
Tarixçi alimin sözlərinə görə, Leninin təşəbbüsü ilə, Stalinə Qafqaz Cəbhəsinin möhkəmləndirilməsi işinə nəzarət etmək tapşırılmışdı:"İ.V.Stalin L.D.Trotskiyə cavab olaraq 1920-ci il 21 mart tarixli teleqramında yazırdı: "Şifrələnmiş teleqramınızı aldım. Qafqaz cəbhəsində 25 atıcı və 10 diviziya var. Sizin təklifinizə uyğun olaraq polyaklara qarşı duran diviziyadan 6-nı götürmək olar. Qalan qüvvələrlə Bakı rayonunu cəsarətlə saxlamaq mümkündür. Əgər birtərəfliyə söz versək, Gürcüstan qorxulu deyil".
Vaqif bəy deyir ki, 1920-ci il aprelin 23-də Q.K.Orconikidzenin Q.V.Çiçerinə teleqramı da diqqəti cəlb edir:"Belə ki, Orconikidze Petrovskidən keçərkən Çiçerinin teleqramını aldığını bildirir. Eyni zamanda, bu teleqramda Azərbaycanla bağlı maraqlı məlumatlara rast gəlmək mümkündür. Məlumdur ki, sovet Rusiyasının xarici işlər komissarı Q.V.Çiçerin Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə iki dəfə (1920-ci il yanvarın 2-si, digəri isə yanvarın 23-də) nota göndərərək Denikinə qarşı birgə mübarizə aparmaq təklifi verib. Ancaq AXC hökuməti cavab notasında bunun Rusiyanın daxili işi olduğunu bildirib.
1920-ci ilin əvvəlində sovet hökuməti Denikin ordusuna qarşı birgə hərbi əməliyyatlar aparmaq məqsədilə, müqavilə bağlamaq təklifilə, Azərbaycan və Gürcüstan hökumətlərinə müraciət edib. Və hər dəfə də rədd cavabı alıb. Sovet Rusiyasının Şimali Qafqazda mövqeyinin möhkəmlənməsi və sovetləşdirmə təhlükəsini görən Azərbaycan və Gürcüstan hökumətləri 1920-ci ilin payızında Rusiya ilə müqavilə bağlamaq üçün öz nümayəndələrini Moskvaya göndərməyə məcbur oldular. Ancaq şəraitin dəyişməsi ilə Moskva danışıqları yubadırdı. Orconikidze aprelin 23-də Çiçerinə göndərdiyi teleqramında yazırdı: "Sizin bir az ləngiməniz lazımdır. Hazırda Bakıda vəziyyət aşağıdakı kimidir-hökumətin tərkibindən ittihadçılar, sosialistlər və başqa partiya nümayəndələri çıxıb. Yusifbəyov (AXC-nin 4 və 5-ci hökumət kabinetinin sədri olmuş Nəsib bəy Yusifbəyli nəzərdə tutulur) hökuməti yalnız müsavatçılardan ibarətdir. Türkiyədə Milli Hərəkatın rəhbəri Mustafa Kamal Paşa Azərbaycandan tələb edir ki, onları İngiltərənin hücumundan müdafiə etmək məqsədilə, sovet ordusunu Türkiyə sərhədinə buraxsınlar (1920-ci ilin payızında RK(b)P Qafqaz bürosu Türkiyə Milli Hərəkatın lideri Mustafa Kamalla, ingilislərə qarşı birgə hərəkət etmək üçün, müqavilə bağlayıb). Bizimkilərin qansız Bakıya daxil olması və soveti elan etməsi istisna edilmir"".
Vaqif Abışovun məlumatına görə, 1920-ci il aprelin 23-də Tuxaçevski və Orconikidze tərəfindən 11-ci Ordunun komandanlığına dəqiqləşdirici teleqram göndərilir:"Onlar "son məqsəd Bakı quberniyası deyil, bütün Azərbaycan ərazisini ələ keçirmək hesab edilməlidir" əmrini verirlər.
Orconikidze sovet ordusunun hələ Bakını işğal etməmişdən əvvəl, mərkəzə-Moskvaya göndərdiyi teleqramda bildirirdi:" Nərimanov olduqca Bakıya lazımdır. Artıq dərəcədə sizdən xahiş edirəm, sabah onu bizə yola salın. Sabah axşam mən yenidən Petrovskiyə gedirəm".
Q.K.Orconikidze və S.M.Kirovun Bakıdan V.İ.Leninə göndərdiyi 1920-ci il 4 may tarixli teleqramında (Orconikidzenin birinci teleqramı 1920-ci il aprelin 30-da Leninə göndərilib və burada 1920-ci il aprelin 27-dən 28-nə keçən gecə Azərbaycanda baş vermiş hadisələr şərh olunur) deyilirdi: "27-dən 28-nə keçən gecə, saat 2-də Bakıda hakimiyyət Azərbaycan İnqilab Komitəsinin əlinə keçdi. O da Azərbaycanı sovet Respublikası elan etdi. Gecə saat 4-də zirehli qatar Bakıya daxil oldu".