Aİ mandat verdi, XİN alqışladı Siyasət

Aİ mandat verdi, XİN alqışladı

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqların başlanması üçün mandat verilib.
Bu barədə Aİ Şurasının açıqlamasında deyilir.
Bildirilir ki, bu gün Avropa İttifaqıŞurası Avropa Komissiyasına və Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsinə bütün üzv ölkələr adından Azərbaycanla hərtərəfli razılaşma üzrə danışıqlar başlaması üçün mandatı təsdiqləyib. Yeni razılaşma 1996-cı ildə imzalanmış Əməkdaşlıq və Tərəfdaşlıq razılaşmasını əvəzləyəcək və Azərbaycanla Aİ-nin qarşılaşdığı ümumi maraq və çağırışları nəzərə alacaq.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa İttifaqı tərəfindən Azərbaycan Respublikası ilə hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanmasını və bu istiqamətində danışıqların aparılması üçün mandatın verilməsini alqışladığını və təqdir etdiyini bildirib.
O qeyd edib ki, xarici işlər naziri Elmar Məmmədyarov 22 may 2015-ci ildə Şərq Tərəfdaşlığı üzrə 4-cü Riqa zirvə toplantısında iştirakı çərçivəsində Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Yohannes Han ilə görüşüb, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair saziş layihəsini ona təqdim edib və Azərbaycanın bu müstəvidə Avropa İttifaqı əlaqələri inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb.
"Hesab edirik ki, yeni sazişin imzalanması Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji müstəvidə keyfiyyətcə yeni səviyyəyə qalxmasına və əlaqələrin hərtərəfli inkişafına əsaslı hüquqi çərçivə yaradacaq və töhfə verəcək", - deyə Hikmət Hacıyev bildirib.